STEM beyin mərkəzinin və AMEA Qafqazşünaslıq İnstitutunun
təşkilatçılığı ilə
Qafqaz regionunda təhlükəsizlik və yeni çağırışlar
adlı Respublika Gənc Alimlərin Forumu
Bakı, 19 dekabr 2022
Siyasət, Tarix və Etnoqrafiya Mərkəzi (STEM) və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə dekabrın 19-da Azərbaycanın 44-günlük Vətən müharibəsində parlaq qələbəsinə həsr olunmuş “Qafqaz regionunda təhlükəsizlik və çağırışlar” adlı Respublika Gənc Alimlər Forumu keçiriləcəkdir.
Azərbaycanın parlaq qələbəsi ilə nəticələnmiş 44-günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiqtisadi reallıq formalaşmağa başlamış, Qafqaz respublikalarının geniş miqyasda regional əməkdaşlığı üçün imkanlar yaranmışdır.
Bu istiqamətdə ölkəmizin gənc alimləri Qafqazın inkişaf perspektivlərini, regionda gələcək əməkdaşlıq formatını necə görürlər, hansı təhlükəsizlik problemləri xüsusi maraq doğurur, müasir dövrün çağırışları nədən ibarətdir. Bütün bunlar və digər məsələlər sözügedən tədbir çərçivəsində azərbaycanlı gənc alimlər tərəfindən müzakirə olunacaqdır.
Forumda aşağıdakı mövzular üzrə müzakirələr aparılacaqdır:
- Azərbaycan müasir geosiyasi reallıqlarda Cənubi Qafqaz regionunda liderdir
- Cənubi Qafqazın inteqrasiyasının iqtisadi yolları
- Cənubi Qafqazda trans-magistral layihələr
- Cənubi Qafqazda etnomədəni və dinlərarası dialoq
- Cənubi Qafqazda enerji təhlükəsizliyi
- Cənubi Qafqazın yeni geosiyasi mənzərəsi
- Cənubi Qafqazda böyük dövlətlərin geosiyasi maraqları
- Cənubi Qafqazda terror təhlükəsi
Sözügedən foruma elmi-araşdırma institutları və qurumlarının, ali təhsil müəssisələrinin yaşı 30 qədər olan əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magistr, doktorant və aspirantlar dəvət edilir. Tədbirin materiallarının çap edilməsi nəzərdə tutulur.
Forumda iştirak edə bilmək üçün aşağıdakı şərtlərə uyğun olaraq müraciət forması və tezisləri təşkilat komitəsinin forum2022@stem-lab.az elektron poçtuna, mövzu yerinə “Respublika Gənc Alimlərin Forumu” başlığını yazaraq göndərilməlidir. Təşkilati komitə, Forumun təyin etdiyi problematika əsasında iştirakçıları seçmə hüququna malikdir.
Müraciət və tezislərin qəbulu 16 dekabr 2022-ci ilə qədər davam edəcək. Təşkilat komitəsi, Forumun materialları arasında çap ediləcək tezislələri seçmə hüququna malikdir.
Tezislərin hazırlanması zamanı aşağıdakı qaydalara riayət etmək tələb olunur:
- Tezisdən əvvəl sağda müəllifin soyadı, adı və ata adı (tam); işlədiyi/oxuduğu qurumun tam adı (ölkə və şəhər daxil), elmi dərəcəsi, varsa elmi adı, işlədiyi vəzifə, elektron poçtu, telefon nömrəsi yazılmalıdır.
- Tezisin başlığı böyük hərflərlə və ortadan yazılmalıdır. Tezisin həcmi 2 səhifədən çox olmamalıdır (maksimum 700 söz) və açar sözlər (maksimum 4 söz/ifadə) olmalıdır.
Tezislər azərbaycan və rus dilində təqdim oluna bilər.
Mətn elektron variantda hazırlanmalı və elektron poçtla göndərilməlidir. Səhifə quruluşu: Microsoft Word (A4), Times New Roman, şrift - 14, aralıq 1.5, paraqraf 1.25 sm; səhifə parametrləri: üst və alt kənar boşluqları - 2 sm; sol - 3 sm; sağ - 1.5 sm.
“Qafqaz regionunda təhlükəsizlik və yeni çağırışlar” adlı Respublika Gənclər Forumunda iştirak üçün mürəciət formasında bunlar olmalıdır:
1. Müəllifin adı, soyadı və atasının adı;
2. Təvvəlüdü;
3. Təşkilat/qurum (iş yeri və vəzifə, oxuduğu müəssə);
4. Elmi dərəcə, elmi ad;
5. Çıxışın mövzusu;
6. Xarici dil bilikləri;
7. Əlaqə: e-poçt və telefon;
Xüsusi forma əlavə olunur
Forum iştirakçılarına iştirak sertifikatı veriləcəkdir. Eyni zamanda, tədbirdə fərqlənən çıxışçılar arasında STEM beyin mərkəzinə siyasi təhlilçi qismində işə qəbul olunması istiqamətində seçim aparılacaqdır.
Təşkilatı məsələlər üçün bu ünvanlara müraciət edə bilərsiniz: (+994) 50 635-17-19, info@stem-lab.az, Orxan Yolçuyev.