Bakı Avrasiya Universitetində STEM Analitik Mərkəzinin dəstəyi ilə “Azərbaycan – Qazaxıstan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda ekspert dəyirmi masası keçirilmişdir.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, diplomatlar, alimlər, analitiklər və Azərbaycanla Qazaxıstandan olan ekspertlər iştirak etmiş, iki ölkə arasında əməkdaşlığın inkişafının əsas istiqamətlərini müzakirə etmiş, regional təhlükəsizlik, nəqliyyat-logistika layihələri, təhsil inteqrasiyası və mədəni əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirmişlər.

Tədbiri giriş sözü ilə Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev açmışdır. Siyavuş Qasımov Orta Dəhlizin əhəmiyyətini vurğulayaraq, türk dünyası çərçivəsində birgə elmi layihələrin və tədqiqatların genişləndirilməsinin vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, bu gün birgə elmi tədqiqatların payı bir faizdən azdır və bu, sistemli dəyişikliklər tələb edir. Rektor həmçinin təhsil inteqrasiyasına, yeni texnologiyaların və süni intellektin inkişafına diqqət yetirməyin önəmini vurğulamışdır.
Orxan Yolçuyev isə qeyd etmişdir ki, Azərbaycan və Qazaxıstan iki dəfə müttəfiqlik haqqında saziş imzalamış azsaylı ölkələrdəndir və bu, siyasi etimad səviyyəsinin yüksəkliyini göstərir. O, təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib. Yolçuyev əlavə etmişdir ki, türk dünyasında vahid sivilizasiya platformasının formalaşması məsələsi aktuallaşır və bu, xüsusən təhsil sahəsində öz əhəmiyyətini artırır. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir “Renessans” mərhələsi müşahidə olunur, bu da Mərkəzi Asiyaya təsir göstərərək bütün region üçün yeni geosiyasi perspektivlər açır.

Milli Məclisin deputatı Azər Allahverənov çıxışında qeyd etmişdir ki, Azərbaycan–Qazaxıstan münasibətləri dinamik inkişaf edir, lakin bu əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var, çünki mövcud potensial tam reallaşmayıb. O, iki ölkə QHT-ləri arasında əlaqələrin hələ yeni formalaşdığını və onların dəstəklənməsinin vacibliyini vurğulamışdır. Deputat əlavə etmişdir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır və bu istiqamətdə qarşılıqlı fəaliyyət həm regional, həm də qlobal təhlükəsizliyin təminatında mühüm rol oynayır.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti Adilbək Ermekbayev qeyd etmişdir ki, Qazaxıstan Azərbaycanın təcrübəsindən çox şey öyrənə bilər — istər uğurlu xarici siyasət, istərsə də ərazi bütövlüyünün bərpası sahəsində. O, iqtisadi amilin türk inteqrasiyasının əsas dayağı olduğunu vurğulamışdır. Əgər əvvəllər inteqrasiyanın mərkəzi İstanbul sayılırdısa, bu gün Bakı və Xəzər regionu həmin mərkəz rolunu oynamaqdadır. Ermekbayev Xəzər dənizində yerləşən Ələt, Aktau və Türkmənbaşı limanlarının strateji əhəmiyyət daşıdığını qeyd etmişdir.

Onun həmkarı, dosent Jekenov Duman Kurmanqazieviç əməkdaşlıq formatlarını genişləndirərək ənənəvi “dövlət–dövlət”, “biznes–biznes” və “insan–insan” modellərinə əlavə olaraq “elm–elm” istiqamətinin də vacibliyini irəli sürmüşdür. O bildirmişdir ki, tələbə mübadiləsi və akademik əməkdaşlıq bəyannamə səviyyəsində deyil, praktik əsasda həyata keçirilməlidir. Misal olaraq qeyd etmişdir ki, onların universitetində səkkiz dil tədris olunur, lakin azərbaycan dili bu siyahıya daxil deyil — bu isə ciddi boşluqdur. Onun fikrincə, tədris proqramlarında Şarl de Qollun xarici siyasətinə yer ayrılırsa, ümummilli lider Heydər Əliyevin siyasi irsi də öyrənilməlidir. O, həmçinin azərbaycanlı tələbələrin Qazaxıstanda təhsil almasına, qazax dili, tarixi və mədəniyyətini öyrənməsinə stimul verən proqramların hazırlanmasının, eyni zamanda qazax tələbələrin Azərbaycan mədəniyyəti, tarixi və dilinə marağının artırılmasının vacibliyini vurğulamışdır.

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Namik Əliyev iki ölkə arasında insani əlaqələrin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Onun sözlərinə görə, bu əlaqələr xalqlar arasında qarşılıqlı anlayış və etimadın möhkəmlənməsinə xidmət edir. “Azərbaycan və Qazaxıstan arasında hələ tam reallaşmamış böyük potensial mövcuddur və bu potensialı inkişaf etdirmək lazımdır,” – deyə o bildirmişdir.

Beynəlxalq münasibətlər üzrə analitik Fuad Çırağov vurğulamışdır ki, Azərbaycan–Qazaxıstan münasibətlərində intellektual coğrafiya hələ tam formalaşmayıb. O qeyd etmişdir ki, bu gün iki ölkə arasında tərəfdaşlıq regional təhlükəsizlik və iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilir. Onun fikrincə, Xəzər hövzəsi yalnız dəniz deyil, həm də tranzit və logistika baxımından strateji məkan kimi çıxış edir və burada Azərbaycanla Qazaxıstanın maraqları kəsişir. Bu kontekstdə Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsi layihəsi infrastrukturun və rəqəmsal inteqrasiyanın inkişafı üçün yeni imkanlar açacaq.

Nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev çıxışında Orta Dəhlizin iki ölkə münasibətlərində mühüm rol oynadığını bildirmişdir. O qeyd etmişdir ki, Xəzərin səviyyəsinin enməsi kimi çağırışlar mövcud olsa da, bu marşrutun əhəmiyyətini qorumaq üçün alternativ həllər mümkündür. Ekspert əlavə etmişdir ki, Qazaxıstan neft məhsullarını bu dəhliz vasitəsilə yönləndirə bilər, bu da Orta Dəhlizi daha da cəlbedici və dayanıqlı edəcək.

STEM Analitik Mərkəzinin eksperti Nərgiz Məmmədova isə çıxışında qeyd etmişdir ki, Avropa təhsil mühiti bu gün tələbələr üçün daha cəlbedici hesab olunur və oxşar cəlbediciliyi Azərbaycan və Qazaxıstan universitetləri üçün də yaratmaq lazımdır. O, gənclər üçün məlumat sessiyalarının və universitet sərgilərinin təşkilini təklif etmişdir: “Biz Qazaxıstan universitetlərinin təqdimatını Bakıda, Azərbaycan universitetlərinin təqdimatını isə Almatı və ya Astanada təşkil edə bilərik. Bu, tələbələrə bir-birinin təhsil imkanlarını daha yaxından tanımaq imkanı verəcək və akademik əməkdaşlığı gücləndirəcək.”

Sosioloji Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov yekun nitqində vurğulamışdır ki, ölkələrarası əlaqələr və mədəni diplomatiya münasibətlərin ümumi fonuna birbaşa təsir göstərir. Onun sözlərinə görə, elmi dairələr bu əlaqələrin qorunması və akademik dialoqun inkişafı üçün xüsusi məsuliyyət daşıyır.
“Biz Bakı ilə Astana, universitetlərimiz və tədqiqat mərkəzlərimiz arasında dayanıqlı intellektual körpülər yaratmalıyıq. Mədəniyyət insanları emosional olaraq birləşdirir, elm və təhsil isə bu bağları institusional səviyyədə möhkəmləndirir. Məhz buna görə də akademik əməkdaşlıq siyasi və iqtisadi münasibətlərin tərkib hissəsi deyil, onların əsasını təşkil edir,” – deyə o qeyd etmişdir.

Dəyirmi masanın yekununda iştirakçılar vurğulamışlar ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur.
Orta Dəhliz, Xəzər regionu, elmi-təhsil əməkdaşlığı, mədəni inteqrasiya və birgə texnoloji layihələr gələcək münasibətlərin əsas prioritet istiqamətləri kimi müəyyən edilmişdir.
İştirakçılar həmçinin qeyd etmişlər ki, əməkdaşlığın genişlənməsi üçün yalnız dövlət strukturları deyil, həm də universitetlər, elmi mərkəzlər, qeyri-hökumət təşkilatları və ekspert icmaları arasında qarşılıqlı əlaqələr üçün şərait yaradılmalıdır.

“Azərbaycan – Qazaxıstan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən dəyirmi masa ideya və strateji təkliflərin mübadiləsi üçün mühüm platforma rolunu oynamış, nəticələri isə türk inteqrasiyasının möhkəmlənməsi və regionun inkişafı istiqamətində yeni bir mərhələnin əsasını qoymuşdur.