Analitik mərkəz STEM tərəfindən təşkil olunan “Mərkəzi Asiya – Azərbaycan (Könül coğrafiyası)” ekspert qrupunun ilk görüşü keçirilib. Görüş onlayn formatda baş tutub və Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında humanitar, siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş yeni ekspert platformasının fəaliyyətinə start verib.

Vebinarın moderatoru STEM Mərkəzinin direktoru Orxan Yolçuyev çıxış etdi. Açılış nitqində o, həmin platformanın əhəmiyyətini və aktuallığını vurğulayıb, qeyd edib ki, “Könül coğrafiyası” – yeni bir konsepsiyanın yaranması deyil, tarixi olaraq formalaşmış sivilizasiya əlaqələrinin dirçəlişi və xalqlarımız arasında qarşılıqlı əlaqənin xüsusi bir renessansıdır. O, həmçinin bildirib ki, artan sayda birgə enerji layihələri və regionun Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilməsi bu prosesin aydın sübutlarıdır. Bundan əlavə, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin məsləhət görüşlərinin tamhüquqlu iştirakçısı kimi qoşulması daha sıx əməkdaşlığın zəruriliyini təsdiqləyən vacib bir fakt olub. Onun sözlərinə görə, indiki zamanın məntiqi fəaliyyətlərin və tərəfdaşlığın daha yüksək koordinasiyasını tələb edir; bu isə Mərkəzi Asiya ölkələrinin iştirak etdiyi C5 formulunu Azərbaycanın qoşulması ilə C6-ya çevirmiş və siyasi xəritədə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bir əlaqələndirici xətt yaradıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Allahverənov qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrini interparlament qrupları vasitəsilə fəal şəkildə inkişaf etdirir. O vurğulayıb ki, Azərbaycanın iştirakı ilə keçirilən yeni formatlı məsləhət görüşləri Mərkəzi Asiya və Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələdir. “Xəzər bizi ayırmır, əksinə birləşdirir,” – deyə o bildirib. Baş verən proseslər fonunda iqtisadi, ekoloji və enerji məsələlərinin həlli, həmçinin Türk Dövlətləri Təşkilatı və digər inteqrasiya formatları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylər xüsusi əhəmiyyət kəsb edir.

Qazaxıstan Respublikasının Prezidenti yanında Milli Qurultayın üzvü, siyasi elmlər üzrə namizəd Talqat Kaliyev xatırladıb ki, düz bir il öncə Aktau şəhərində baş vermiş hava qəzasından sonra region xalqlarının səmimi yaxınlığı və həmrəyliyi ortaya çıxmışdı. O, beynəlxalq ekspert mərkəzləri və elmi-analitik strukturlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, bu strukturların potensialının hələ tam açılmadığını qeyd edib. Xüsusi diqqətini region təhlükəsizliyi və xarici aktorların iştirakına yönəldərək bir sıra dövlətlərin münaqişələrin həlli və nəqliyyat koridorlarının inkişafına marağını qeyd edib. Onun sözlərinə görə, region ölkələri yüksək texnologiyalı sahələrdə, o cümlədən aviasiya sənayesi və mikroelektronika istehsalında birgə iri layihələr hazırlaya və həyata keçirə bilərlər.

“Bilim Karvoni” (“Bilik Karvanı”) qeyri-dövlət elmi-təhsil müəssisəsinin direktoru Fərhod Tolipov qeyd edib ki, TRASEKA və GUAM kimi formatlar 1990-cı illərdən bəri region dövlətlərinin geosiyasi yaxınlaşma tendensiyalarını əks etdirirdi. O, Azərbaycanın xüsusi rolunu vurğulayıb; ölkə həm Mərkəzi Asiya dövlətləri, həm də Ukrayna və digər ölkələrlə unikallıqla qurulmuş münasibətlər nümayiş etdirir. Azərbaycan beynəlxalq siyasətdə müstəqil və yetkin subyekt kimi ortaya çıxır. Tolipovun sözlərinə görə, Azərbaycanın Qarabağ müharibəsində qələbəsi onun güclü dövlət imicini xeyli möhkəmləndirib, Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşlərinə tamhüquqlu iştirakçı kimi qatılması isə yeni geosiyasi reallığın fenomeni olub.

Bişkekdə yerləşən ATƏT Akademiyasının müəllimi, siyasi elmlər doktoru Emilbek Curayev qeyd edib ki, son illərdə Qırğızıstan ilə Azərbaycan arasındakı əməkdaşlıq olduqca pozitiv müstəvidə inkişaf edir. O vurğulayıb ki, iqtisadi göstəricilər və statistika önəmlidir, lakin dayanıqlı inteqrasiya prosesləri “könüldən gələn” – qarşılıqlı etimad və mədəni yaxınlıq olmadan mümkün deyil. Həmçinin, Curayev Azərbaycanın və Ermənistanın sülh prosesinin təşviqi ilə Qırğızıstan və Tacikistan arasında sərhəd məsələlərinin həllinin regional inkişafın yeni mərhələsinin əsasını təşkil etdiyini qeyd edib. Əməkdaşlığın praktik ifadəsi nümunəsi olaraq isə Qırğızıstan tərəfindən Qarabağın bir şəhərində məktəbin tikintisini göstərib.

Tacikistan Milli Elmlər Akademiyasının Asiya və Avropa Ölkələrinin Problemləri İnstitutunun doktorantı Məhəmməd Şamsuddinov vurğulayıb ki, “Mərkəzi Asiya + Azərbaycan” formatı regional əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırır. O, öncəliklə nəqliyyat və logistika layihələri olmaqla birgə layihələrin coğrafiyasının genişləndirilməsini qeyd edib, həmçinin Cənubi Qafqazın daha geniş regional kontekstdə, o cümlədən Gürcüstan və Ermənistanın mümkün iştirakı ilə, əhatə olunmasının perspektivlərini diqqətə çatdırıb.

Tədbirin yekununda sual-cavab sessiyası keçirilib, iştirakçılar ekspert platformasının gələcək inkişaf istiqamətlərini müzakirə ediblər və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.