Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub.
Bu səfər Azərbaycanın dünyada islam ölkələri ilə əlaqələrini yeni müstəviyə çıxarmış oldu.
Ötən müddət ərzində Azərbaycan BƏƏ-yə 513 milyon dollar sərmayə qoyub. Eyni zamanda, Əmirliyin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 2,2 milyard dollara yaxındır və mühüm enerji layihələrinin həyata keçirilməsi ilə əlaqədar olaraq artmaqda davam edir. Azərbaycanda BƏƏ-nin 233 investisiya şirkəti fəaliyyət göstərir.
Qeyd edək ki, BƏƏ eyni zamanda hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu yaxınlarda Fransa və Ermənistanın Azərbaycana qarşı Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı həyata keçirmək istədikləri qətnamənim qarşısını alan ölkələrdən biri də məhz BƏƏ olmuşdur.
Bu eyni zamanda ölkələrimiz arasında nəinki iqtisadi sahədə, eyni zamanda siyasi sahədə də möhkəm dostluq əlaqələrinin təccəsümüdür.
Lakin, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı əlaqələrdə son illərdə əsas yeri enerji təhlükəsizliyi üzrə əməkdaşlıq tutur.
Son zamanlarda iki böyük hadisə dünyanın enerji təchizatını böyük zərbə altına aldı: Covid-19 pandemiyası və Rusiyanın Ukraynadakı müharibəsi sözsüz dünyanın enerji təhlüksəziliyi ilə bağlı qeyri- müəyyənlik yaratdı, bundan əlavə bir sıra ölkələrin yeni enerji mənbələrinə keçidinə maneələr törətdi.
Qlobal arenada son illərdə yaşanan siyasi proseslər fonunda bu məsələnin ön planda olması başa düşüləndir. Xüsusilə son illərdə ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu ölkələr daha çox bərpa olunan enerji sahəsində pilot layihələrə dair sazişlər imzalayıblar. Eyni zamanda unutmaq olmaz ki, hər iki ölkə neft və qaz ixracatçısıdır və bu mənada ənənəvi enerji sahəsində də sıx əməkdaşlıq edirlər. Statistikaya görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyanın ən böyük on neft istehsalçısı sırasındadır. Ölkənin təqribən 100 milyard barel təsdiqlənmiş neft ehtiyatlarının təxminən 96%-i Abu Dabidə yerləşir və dünya miqyasında altıncı yerdədir. BƏƏ gündə orta hesabla 3,2 milyon barel neft istehsal edir. Eyni zamanda ABŞ Enerji İnformasiya Agentliyi bildirir ki, BƏƏ dünyada yeddinci ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatına sahibdir və ölkənin 215 trilyon kub futdan çox təbii qaz ehtiyatları var. BƏƏ eyni zamanda bərpa olunan enerji sahəsində apardığı siyasətə görə neft və qaz ixracatçıları arasında xüsusi yer tutur.
Belə ki, 2017-ci ildə BƏƏ ölkədə tələb və təklifə əsaslanan ilk vahid enerji strategiyası sayılan “2050-ci Enerji Strategiyası”nı işə saldı. Strategiya 2050-ci ilə qədər ümumi enerji istehsalında təmiz enerjinin payını 25 faizdən 50 faizə çatdırmağı, enerji istehsalının karbon asılığını 70 faiz azaltmağı və beləliklə, 2050-ci ilə qədər 700 milyard BƏƏ dirhəminə qənaət etməyi hədəfləyir. Təmiz enerji imkanlarının ən böyük mənbəyinin bərpa olunan enerji sektorundan, xüsusən də günəş enerjisindən yaranacağı gözlənilir. BƏƏ-dəki şərait günəş enerjisi istehsalı üçün idealdır və hökumət günəş parkları üçün böyük boş torpaq sahələri ayırır ki, bunun da yerli tələbatı ödəməyə kömək edəcəyi və böyük ixrac potensialına malik olacağı gözlənilir.
Həmçinin, onu da vurğulamaq lazımdır ki, BƏƏ ilə Azərbaycan bu strateji konsepsiya çərçivəsində bəzi məsələlərdə ortaq layihələrlə çıxış edirlər. Məsələn, 2021-ci ildə Azərbaycan və BƏƏ arasında bərpa olunan enerji üzrə pilot layihələrə dair sazişlər imzalanıb və bu sazişlərə əsasən, 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Ötən ilin martında isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Güman edilir ki, stansiya ildə 500 milyon kilovatsaat elektrik enerjisi istehsal etmək potensialına malik olacaq.
Bu layihənin istifadəyə verilməsindən sonra ətraf mühitə atılan tullantıları təxminən 200 min ton azaldılacağı gözlənilir. Qaradağ Günəş Elektrik Stansiyası işə düşdükdən sonra bu ölkəmizə 110 milyon kub metr qazı qənaət etməyə imkan verəcəkdir.
Bütün bunlarla yanaşı, onu da vurğulamaq lazımdır ki, Azərbaycan və BƏƏ həmçinin bərpa olunan enerji sektorunda əməkdaşlığa dair dörd anlaşma memorandumu imzalayıb. Ən maraqlı məqamlardan biri də bu anlaşma memorandumuna daxil edilmiş ortaq layihələrin müxtəlifliyi və gələcək perspektivləridir. Belə ki, hər iki ölkə dənizdə bərpa olunan enerji platformalarının yaradılmasından tutmuş bərk məişət tullantılarından elektrik enerjisi istehsalı sahələrinə kimi əməkdaşlıq etməyi planlaşdırırlar. Dənizdə bu cür platformaların yaradılmasında ən önəmli məqamlardan biri odur ki, bunun sayəsində Xəzər dənizinin strateji əhəmiyyətini artırmaq və gələcəkdə, neft-qaz ehtiyatları azalan bir dövrdə, Xəzər dənizinin qlobal arenada rolunu qoruyub saxlamaq mümkündür. Bununla yanaşı, anlaşma memorandumlarına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlıq da daxildir ki, bunun sayəsində də işğaldan azad olunan regionların enerji təhlükəsizliyini daha da güclü bir şəkildə nizamlamaq mümkün ola bilər.
Prezidentin son səfəri zamanı isə yanvarın 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti arasında 2 GVt gücündə dəniz külək enerjisi və hidrogen layihələrinin birgə işlənməsi haqqında saziş imzalanıb. Bu əməkdaşlıq konsepsiyası çərçivəsində 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə qədər artırılması planlaşdırılır. Maraqlısı odur ki, BƏƏ ilə əməkdaşlıqdan əlavə, Azərbaycan eyni zamanda Səudiyyə Ərəbistanı ilə də yaşıl enerji layihələri üzrə tərəfdaşlığını dərinləşdirir. Məsələn, Prezidentin BƏƏ-yə səfərindən bir neçə gün öncə Xarici İşlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini qəbul etmişdi.
Təxminən bir ay öncə isə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanı Palatalar Federasiyası arasında Azərbaycan-Səudiyyə Birgə İşgüzar Şurasının yaradılması haqqında saziş imzalanmışdı. Bu sazişə əsasən, ölkələr sahibkarların təşəbbüslərini dəstəkləyəcək, hər iki ölkənin iş adamları ilə birbaşa tərəfdaşlıq əlaqələri quracaq, qarşılıqlı səfərlər, dəyirmi masalar, seminarlar təşkil edəcək, o cümlədən hər iki ölkənin işgüzar dairələri arasında məlumat mübadiləsi aparacaqlar. Bu isə müstəqillikdən sonra Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin bir qədər də genişlənməsinə xidmət edir.
Daha geniş yanaşıldıqda görə bilərik ki, Azərbaycan həm yeni bazarlar, həm də yeni investisya mənbələri əldə etməyə səy göstərir. Eyni zamanda, Azərbaycan və Səudiyyə Ərəbistanının hökumət nümayəndələri ötən ilin yanvarında Azərbaycanın Abşeron və Xızı rayonlarında külək elektrik stansiyasının açılışı zamanı bir araya gəlmişdilər. Prezident də hələ o zaman söyləmişdi ki, bu stansiya Azərbaycanın bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq.
İlkin məlumatlara görə, Xızı-Abşeron külək elektrik stansiyasının ildə 1 milyard kilovatsaat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Stansiyanın istehsal etdiyi enerjinin 1 kVt/saata 0,055 AZN və ya $0,032 qiymətinə satılacağı bildirilir.
Bu layihənin ən önəmli xüsusiyyəti odur ki, hökumətə ölkənin bərpa olunan enerji resurslarından istifadə etməklə milli enerji kompleksinin şaxələndirilməsinə imkan verir. Başqa sözlə, Avropada son yaşananlar göstərir ki, ölkə iqtisaddiyatı və sosial həyat tamamilə ənənəvi enerji növlərindən asılı ola bilməz. Azərbaycanda hal-hazırda təbii qaz ölkənin ümumi daxili enerji istehlakının üçdə ikisindən çoxunu təşkil edir ki, bunun da qalan hissəsi neft tərəfindən qarşılanır.
Belə olan halda gözləmək olar ki, alternativ enerji mənbələrinin istifadəyə verilməsi (məs. yeni külək və ya günəş stansiyaları) həm də Azərbaycana təbii qaz ehtiyatlarına qənaət etməyə və ətraf mühitə mənfi təsirləri azaltmağa kömək edəcək. İddia edilir ki, Xızı-Abşeron kompleksi ildə 220 milyon kub futa qədər təbii qaza və 400 min metr ton karbon qazına qənaət etməyə imkan verəcək. Bu həmçinin Azərbaycan enerjisini dünya bazarlarına çıxarmağa daha çox şərait yarada bilər ki, bu da iqtisadi potensialı daha da genişləndirməyə imkan verir. Həmçinin bildirilir ki, ölkə ərazilərinin Ermənistan işğalından azad edilməsindən sonra alternativ enerjinin payı bir qədər də artılıra bilər. Belə olan halda Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrin investisiyalarından istifadə etməklə bu resurslardan maksimum dərəcədə faydalanmağa çalışır. Mənbələr qeyd edir ki, Azərbaycanın bərpa olunan enerji potensialında külək enerjisinin potensialı ümumi bərpa olunan mənbələrin 59,2 faizini təşkil edir. Nəzərə alsaq ki, Qarabağ iqtisadi regionu da bu cür külək turbinlərinin qurulması üçün olduqca əlverişli coğrafiyaya malikdir, Azərbaycanın hal-hazırki enerji siyasətininin mahiyyətini anlamaq bir qədər də asanlaşır.