Türkiyənin Qars şəhərində Azərbaycan ilə Türkiyənin hərbiçilərinin iştirakı ilə “Qış təlimi - 2025” birgə təlimləri keçiriləcəkdir.  İki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq keçirilən təlimlərə hazırlıq çərçivəsində bu gün Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. 

Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, yanvarın 15-də Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. 

"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər. 

Təlimlər regionda Ermənistanın və havadarlarının yürütdüyü qeyri-konstruktiv mövqeyindən irəli gələn gərgin siyasi vəziyyət fonunda keçirilir. Xatırladaq ki, dünən Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Beş bölmədən ibarət sənədin müddəalarından biri Yerevan və Vaşinqton arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutur.