COP31 iqlim üzrə beynəlxalq konfransının Türkiyədə keçirilməsi gözlənilir. Buna səbəb Avstraliyanın illik forumun təşkilinə dair namizədliyini geri çəkməsidir.

BMT-nin qaydalarına əsasən, 2026-cı ildə COP-a ev sahibliyi etmək hüququ Avstraliya, Qərbi Avropa ölkələri və digər dövlətləri əhatə edən qrupa məxsusdur. Adətən bu proses konsensus tələb edir, lakin başlangıcda heç bir ölkə geri çəkilmək istəmirdi.

Braziliyada keçirilən COP30 zamanı aparılan danışıqlardan sonra Avstraliya öz nazirinin danışıqlara rəhbərlik etməsi şərti ilə Türkiyənin namizədliyini dəstəkləməyə razılıq verib. Bu razılaşma müşahidəçilər üçün gözlənilməz hesab olunub, çünki ənənəvi olaraq COP-un prezidenti tədbirə ev sahibliyi edən ölkənin nümayəndəsi olur.

Avstraliyanın Baş naziri Entoni Albanese Australian Broadcasting Corporation (ABC) kanalına müsahibəsində əldə olunan kompromisi “mükəmməl nəticə” adlandırıb və bildirib ki, Sakit Okean regionuna aid məsələlər sammitin “diqqət mərkəzində” olacaq.