STEM direktoru Orxan Yolçuyev noyabrın 12-13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclasında iştirak edib. O. Yolçuyev iclasin AQEM ölkələrinin könüllü hərəkatı liderlərinin panelində çıxış edib. STEM direktoru Azərbaycanda könüllü  hərəkatının yaranması tarixindən, Azərbaycanın bu sahədə əldə etdiyi geniş təcrübədən, ümumiyyətlə könüllülüyün "yumşaq güc" kimi geosiyasi proseslərdə rolundan danışıb. O, gənclərin ünvanladıqları sualları cavablandırıb. Spikerlər aktual problemlərin həlli üçün müxtəlif praktik təkliflər və yeni yanaşmalar təqdim ediblər. İki gün keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası çərçivəsində Gənclər Şurasının yekun sənədi qəbul olunub.
Konfransda eyni zamanda  “Dayanıqlı İnkişaf Məqsədləri fəaliyyətdə” mövzusuna həsr olunmuş təlim sessiyaları təşkil olunub. Sessiyalar zamanı iştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında gənclərin rolunu müzakirə edib, həmçinin bu istiqamətdə həyata keçirilə biləcək təşəbbüslər və innovativ yanaşmalar barədə fikir mübadiləsi aparıblar. İclasda 19 ölkədən 110 iştirakçı yer alıb. 
Proqramın yekun mərhələsində iştirakçılar Şuşa şəhərinə səfər ediblər, Qarabağın mədəni irsi ilə tanış olublar.