Rusiyanın Ukraynada apardığı müharibə dünyanın bir çox regionlarında ölkələr arasında ticari-iqtisadi münasibətlərə də təsir etdi. Formalaşmaqda olan yeni dünya düzənində ənənəvi təminat zəncirinin qırılması yeni marşrutların və logistika mərkəzlərinin yaranmasıına gətirib çıxardı, habelə yeni bazarlar uğrunda mübarizəni şiddətləndirdi. Mövcud şərait Azərbaycanın ixrac potensialı üçün nə kimi imkanlar açır? Yeni iqtisadi münasibətlər sistemində bu sual ölkəmizin dövlət qurumlarını və iş adamlarını da yetərincə düşündürür. Elə bu yaxınlarda başa çatmış “Ticarət və İxracat Forumu – 2022”-də iş adamları xarici bazarlar və onlara çıxış imkanları ilə bağlı geniş fikir mübadiləsi apardılar. Azərbaycan ixracatı hansı bazarlara köklənməlidir və ümumiyyətlə ölkəmizin bu sahədə üzləşdiyi çağırışlar barədə STEM iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədovun fikirlərini öyrəndi.
Dünyada baş verən geosiyasi kataklizmlər ölkələr arasında iqtisadi-ticari münasibətlərin də qlobal dəyişikliklərə uğramasına gətirib çıxardı. Bu baxımdan Azərbaycanın qeyri-neft sektorunun ənənəvi bazarlara ixracatı üçün mövcud şəraiti necə qiymətləndirərdiniz?
Bizim əsas ixrac bazarlarımız son üç onillik ərzində Avropa İttifaqı ölkələri ilə bağlı idi. Burada böyük rolu əsasən Azərbaycanın enerji daşıyıcılarının Avropaya ixracatı oynayırdı. Amma bizim bu gün əsas hədəflərimiz qeyri-neft sektorunun məhsullarının ixracatıdır ki, bu nöqteyi nəzərdən, post-sovet ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Bu daha dayanıqlı bir istiqamətdir, çünki neft amili dünya bazarında qiymətlərin konyukturasına bağlıdır. Bütövlükdə, sözsüz ki, milli iqtisadiyyatımızın tarazlığı üçün bizə qeyri-neft, qeyri-xammal sektorunda müəyyən qabaqlayıcı addımlar atmaq lazımdır. Ümumiyyətlə, post-sovet məkanı ölkələri ilə ticarət dinamikamız müsbətdir, 2021-ci ilin göstəricilərinə görə bizim Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr ilə qarşılıqlı iqtisadi əlaqələrimiz artmışdır. 2021-ci ildə bu artım təqribən 14%-ə yaxın artım olmuşdu. Bu ilin göstəricilərində biz daha çox müsbət trendlərin şahidi oluruq, bu da bir sıra amillərlə bağlıdır. Bura ilk növbədə Ukrayna ərazisində baş verən siyasi böhranı aid etmək olar. Biz Qazaxıstan ilə ticarət dövriyyəsinin dəfələrlə artdığının şahidi oluruq. Rusiya ilə də artım bu ilin göstəricilərinə əsasən 25%-ə yaxındır və bu ilin sonuna doğru, böyük ehtimalla, 3 milyard dolları keçəcəyik. Lakin, ticarət dövriyyəsinin həcminin artması heç də ən önəmli məsələ deyil, çünki bu amil əsasən neft icracatı ilə bağlıdır.
Post-sovet məkanı, xüsusilə Rusiya bizim ixracatımız baxımından, xüsusilə kənd təsərüffatı məhsullarının ixracı üçün dayanıqlı bazarlardır və məşğulluğu ölkə daxilində təmin edən bazarlardır. Regional məşğulluq bu gün Azərbaycanda ən önəmli məsələlərdən biridir. Düşünürəm ki, bu sahədə müsbət tendensiyalar var, amma onların daha dərin və dayanıqlı olması üçün bir çox işlərin görülməsi lazımdır.
Qazaxıstan ilə qeyd etdiniz ki, ticarət əlaqələrində artım var. Bu artıma təsir edən əsas amillər hansılardır?
Qazaxıstan ilə ticarət dövriyyəsinin artımı neft sektoru ilə bağlıdır. Qazaxıstanda ilin əvvəlindən başlayaraq Rusiya üzərindən neftin ixracatında problemlər yaranmağa başladı və rəsmi Astana Azərbaycan üzərindən böyük həcmdə olmasa da, neft ixracatına başladı ki, bu da nəticədə bu ilin ticarət dövriyyəsinin göstəricilərində əks olunacaq. Lakin, təəsüflə vurğulamalıyam ki, yekun ticarət dövriyyəsi iki ölkə arasında mövcud potensialdan xeyli aşağıdır. Azərbaycan və Qazaxıstan regionda Rusiyanı istisna etməklə ən zəngin təbii resurslara malik olan ölkələrdir və bizim dəniz üzərindən sərhədimiz var. Belə olan halda ticarət dövriyyəsinin həcmi daha böyük olmalı idi və biz bu dövriyyəni milyard dollara çıxarmalı idik, çünki hər iki ölkənin böyük resurs potensialı var, lakin hər iki ölkə, ixracatı xammal üzərində qurub. Resursların 75-80%-i xammal şəklində ixrac olunur. Əgər ölkələrimiz investisiya layihələrini effektiv şəkildə inkişaf etdirə bilsəydi, bu bizim iqtisadiyyatlarımızın dayanıqlılığına və tarazlığına böyük ölçüdə müsbət təsir edərdi. Bu ilin göstəricilərinə görə ticarət dövriyyəsində 3 dəfədən çox artıq artım var. Bu da Azərbaycan və Qazaxıstan prezidentlərinin bu proseslərə verdiyi töhfə ilə bağlıdır. Məlumdur ki, dövlət başçıları arasında bu il bir neçə görüş oldu və bu amil ticarət dövriyyəsində öz əksini tapır, amma hesab edirəm ki iqtisadi əlaqələrdə biz daha da dərinə getməliyik, çünki hər iki ölkənin potensialı olduqca çoxdur.
Azərbaycanın ixrac qabiliyyəti baxımından MDB-nin daha hansı ölkələri sərmayələrin yatırılması üçün cəlbedicidir?
Hesab edirəm, ki ixracatımızda Mərkəzi Asiya ölkələri prioritet olmalıdır. İndi Ukraynada olanlar əməkdaşlığı çətinləşdirir, amma vəziyyət sabitləşəndən sonra inkişaf perspektivləri yenə olacaq və regional inteqrasiyanı qaçılmaz edəcək. Çünki qloballaşmadan sonrakı dövr regionallaşma olmalıdır, bunun alterntivi yoxdur və bu çərçivədə də qonşu ölkələr prioritet bazarlara çevriləcək və mən hesab edirəm ki, post-sovet ölkələri bu baxımdan üstünlüyü qoruyub saxlayacaq.
Sizcə, ənənəvi bazarlardan başqa Azərbaycan üçün Avropada geosiyasi böhranın hökm sürdüyü dövrdə hansı yeni bazarlara çıxmaq fürsəti yaranıb?
Mən hesab edirəm ki, Şimal-Cənub dəhlizi çərçivəsində Asiya bazarlarına, xüsusilə Hindistana çıxmaq cox perspektivlidir. Mən düşünürəm ki, post-qlobbalaşma dönəmimdə ən önəmli yerlərdən biri Hindistan olacaqdır, çünki buradakı demoqrafik vəziyyət buna imkan verir. Praktiki olaraq Şimal-Cənub dəhlizi bizə imkan yaradır ki, Rusiyadan daha tez Hindistan bazarına çıxaq və o regionda digər dövlətlərə çıxış əldə edək.
Bu yaxınlarda Rusiyanın baş naziri Mixail Mişustinin kifayət qədər böyük bir heyətlə Azərbaycana səfəri oldu, iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıldı. Sizcə hansı sahələrdə ixrac potensialı baxımından əlaqələri daha da dərinləşdirmək olar?
Son bir ay ərzində Rusiyadan Azərbaycana çoxlu sayda yüksək rütbəli nümayəndə heyəti gəlmişdir. Bu səfərlərin Rusiyanın Qərblə əlaqlərinin xeyli pisləşdiyi mürəkkəb bir şəraitdə həyata keçməsi sözsüz ki, Rusiyanın iqtisadi cəhətdən Azərbaycanı prioritet gördüyünə dəlalət edir, bunun da müxtəlif səbəbləri var. Rusiyanın ixracatı üçün ən perspektivli və ən prioritet istiqamətlərdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Şimal-Cənub dəhlizi Rusiyanın Hindistana və İrana çıxmasına şərait yaradır. Hindistan məlumdur ki, Qərbin sanksiyaları şəraitində Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilib. Çünki bu ölkə qapalı iqtisadiyyata malikdir və sanksiyalar ona çox da təsir göstərmir, Qərbdən asılılığı yoxdur və Rusiya ilə tərəfdaşlıqdan xeyli gəlir götürür. Rusiya üçün Hindistana çıxış Çindən az əhəmiyyətli deyil və ən optimal çıxış Şimal-Cənub dəhlizi üzərindən Azərbaycan vasitəsilədir. Digər tərəfdən Azərbaycanın imkanları açılır, çünki bu dəhlizin bizə də faydaları var. Biz dəhliz üzrə Azərbaycan istehsalı olan məhsulların daşınmasını həyata keçirə bilərik. Bütün bunlar həm də Azərbaycanın Rusiya bazarlarına ixracını artırması üçün şərait yaradacaq, çünki Rusiyanın Azərbaycana ehtiyacının artması Azərbaycanın da Rusiya bazarlarında daha inamlı hiss etməsi üçün bir imkan deməkdir.
Sanksiyaların Rusiyada hansı bazarlara təsir edib və Azərbaycan bundan necə yararlana bilər?
Kənd təsərrüfatını ilk növbədə vurğulamaq istəyirəm. Burada böyük potensial var. Amma bu, o demək deyil ki, biz pomidor, ya da alma ixracatını artırmalqla kifayətlənməliyik. İlk növbədə kənd təsərrüfatı emal sektorunu inkişaf etdirmək lazımdır ki, bunun üçün də istər əmək resursları, istər sə də təbii resurslar var. Həmçinin nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərin də iqtisadi potensialı buna imkan verir. Əgər digər sahələri desək, enerji sektorunun ön plana çəkmək olar. Rusiya Azərbaycan sərhədində bəzi bölgələrdə enerji problemləri var və bunu nəzərə alıb oranı enerji təminatı ilə təchiz etmək olar. Rusiya ərazisinə görə böyük dövlətdir və enerji istehsalatı orada tarazlı deyil. Ölkənin şimalı bu cəhətdən zəngin olsa da, cənub bu baxımdan bir qədər problemlidir. Biz də Azərbaycanda istehsal olunan enerji ilə o bazarlara çıxa bilərik. Ona görə burada hökumətin enerji bloku daha yaxşı işləməlidir. Azərbaycanla sərhəd olan Dağıstanda və digər bölgələrdə elektrik enerjisi qıtlığı müşahidə olunur. Azərbaycan üçün bu böyük bazardır. Biz buraya generasiya edilmiş enerji təminatı nəql edə bilsək, qeyri-xammal ixracatını da artırmış olacayıq. Belə olan halda həm Azərbaycan, həm də Rusiya eyni anda qazanmış olur.
Bizim idxalımızda Rusiya böyük paya malikdir (18%) və bu onu göstərir ki, bizim bazar da Rusiya üçün önəmlidir. Bu da şərait yaradır ki, idxal sayəsində biz də ixrac edək. Bir də sosial-humanitar sahələrə önəm vermək lazımdır, çünki Azərbaycanın xeyli vətəndaşı Rusiyada əmək bazarındadırlar və onların Azərbaycana etdiyi maliyyə transferləri gəlirin böyük payını təşkil edir. Ona görə də Rusiya ilə münasibətin dayanıqlı olması əmək resurslarının gəlirlərinin dayanıqlı olmasında öz əksini tapmalıdır.
Yeri gəlmişkən Prezident İlham Əliyevin Serbiya və Bolqarıstana səfərləri zamanı hər iki ölkə ilə Azərbaycandan elektrik enerjisinin idxalı ilə bağlı məsələlər müzakirə olundu. Sizcə, Azərbaycan yaxın gələcəkdə Avropaya öz elektrik enerjisini nəql edən mühüm enerji ixracatçısına çevrilə biləcəkmi?
Əlbəttə, bizim işğaldan azad edilmiş ərazilərdə hesablamalara görə 20-25% su potensialı yerləşib ki, bunun da əksəriyyəti kiçik SES-lər vasitəsilə enerji generasiyasında istifadə oluna bilər. Bu da çox potensial sahədir. Ənəvi generasiya ilə yanaşı əlavə mənbələrə də yer vermək lazımdır. Ona görə də adekvat idarətmə sayəsində bu sahə energetikanın bel sütunu ola bilər və əlavə dividentlər verə bilər.
İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının hansı sahələrinin inkişafı Azərbaycanın ixracat potensialını artıra bilər?
Kənd təsərrüfatı dedikdə biz emal sektorundan danışmalıyıq. Bu gün de-qloballaşma qaçılmazdır. Bunun nəticəsində bölgədə böyük bazar formalaşacaq ki, bu da qaçılmazdır. Uzun illər ərzində Avropa və Çində nano-texnologiyaların tətbiqi ilə bizim ölkə əsasən satış bazarı idi. İndi sanksiyalar ve təminat zəncirinin qırılması boşluq yaradacaq və Azərbaycan bu boşluğun doldurulmasında böyük rol oynaya bilər. Amma bu zaman rəqabət də olacaq, çünki İran və Türkiyə artıq bu sahədə böyük təcrübəyə malikdirlər və onlar Avrasiya bazarında rəqabətə başalayacaqlar. Təsadüf deyil ki, bu gün hər iki dövlət Aİİ ölkələri ilə tərəfdaşlığı artırmaq istəyir. Amma biz daha imkanlıyıq, çünki coğrafi olaraq daha yaxınıq və həmişə o bazarlarda öz yerimiz olub ki, bu da çox mühümdür. Amma bu yalnız tərəvəz əkini və ixracı ilə bağlı olan məsələlər deyil, biz biotexnologiyalardan istifadə edib məhsuldarlığı artırmalıyıq və emal sektorunu inkişaf etdirməliyik.
Yeni ticarət evləri Azərbaycanın ixracat potensialını artırmaq üçün nə dərəcədə əlverişli ola bilər?
Bu mövzuda son illər aktivlik müşahidə edilir, amma açığı mən daha düşünülmüş və ehtiyatlı yanaşmanın aparılmasının tərəfdarıyam. Hər bir ticarət evi açılmamışdan əvvəl təhlil aparılmalıdır, çünki bizim prioritet satış bazarlarımız var. Elə ölkələr var ki, orada fərqli şəhərlərdə ticarət missiyalarının açılması daha effektli ola bilər. Uzaq Avropa ölkəsində ticarət evi açmaqdansa, Rusiyanın vilayətlərində ticarət missiyaları açmaq daha effektli ola bilər, çünki orada azərbaycanlılar var və belə olan halda onlara dəstək vermiş oluruq. Həmçinin, o bazarlara çıxmaq daha rahatdır və orada bizim məhsullara daha çox tələbat var. Ona görə də uzaq yerlərdə açmaq eyni effekt verməyəcək.
Kənd təsərrüfatının əsas ixrac bazarı MDB ölkələridir. Bəs bu gün məhsullarımızın Avropaya çıxarılmasına nə mane olur?
Burda bir sıra problemlər var. Uzun illər formalaşan trend ondan ibarətdir ki, Avropa daha yuxarı alıcılıq qabiliyyəti olan bazardır, amma bu proses Avropanın iqtisadi və sosial vəziyyəti ağırlaşdıqca dəyişəcək və bazarlara çıxış çətin olacaq. İkincisi, burda məhsuldarlıq amili var, bizdə təəssuf ki, kənd təsərrüfatında istehsal həcmi aşağı olduğuna görə məhsuldarlıq yüksək deyil. Əksinə idxal çox böyükdü - əsasən Türkiyə, İran və Rusiyadan məhsul idxal edirik. Onu da qeyd etməliyəm ki, biz əraziyə görə elə də böyük ölkə deyilik və məhsuldarlığı dəfələrlə artırmaq burda mümkun deyil. Həmçinin Avropaya çıxış tarif tənzimlənmələrinə görə bir qədər çətindir. Burda bir sıra standartlara malik olmaq lazımdır ki bu siyahıda da Azərbaycan şirkətlərinin sayı azdır.
Sizcə, ixrac potensialın artırmaq üçün preferensial ticarətdən istifadə edilməsi nə dərəcədə effektivdir? Məsələn Türkiyə ilə ticarətdə bu üsuldan geniş istifadə edilir...
İstər prefensial ticarət olsun, istər ÜTT layihələri olsun, bütün bu razılaşmalarda ixrac üçün maraq doğuran sahəni texnoloji cəhətdən inkişaf etdirən ölkələr öndə olur. Türkiyənin kənd təsərrüfatı ilə bizimki eyni deyil. Belə olan halda biz çox da effekt əldə etmirik. Bu o zaman effektli ola bilər ki, birbirimizi tamamlayan iqtisadi sistemlər qurulsun. Post-sovet məkanında satış bazarlarımız var və bu da olduqca önəmlidir. Bəzi ekspertler deyir ki, ÜTT-yə daxil olsaq qeyri- neft sektoru inkişaf edərdi, amma əslində tam əksini görəcəkdik. Bu gün ora üzv olsaq idxal daha çox olacaqdı və qeyri-neft sektorunun inkişafı daha ağır olacaqdı, çünki ÜTT digər ticarət təşkilatları kimi daha yüksək texnologiyaları olan ölkələrə fürsət açır və bu baxımdan zəif olan ölkələr geri qalır. Məsələn Rusiyada texnologiyalar zəif olduğundan ÜTT-ya üzv olmaqla nəinki qazandı, hətta daha çox itirdi, çünki texnoloji ixracatda zəif idi. Biz buna görə də çox diqqətli və müvafiq tədbirlərə söykənən qərarların qəbul olmasına üstünlük verməliyik, əks halda idxalın çox olmasına və yerli istehsalın azalmasına səbəb ola bilərik.
İxracatda Orta Asiyada hansı yeni bazarlara çıxmaq mümkündür?
Valyuta ehtiyatlarımızın genişliyi müasir texnologiyaların idxalına imkan verir və bunun hesabına səhiyyəni inkişaf etdirmək olar. Məsələn, bu sahə Mərkəzi Asiyada xeyli geri qalır və bu sahəni inkişaf etdirməklə Mərkəzi Asiya bazarlarına çıxmaq mümkündür. Bu sahədə Türkiyənin böyük təcrübəsi var. Bu gün xeyli adam Türkiyəyə müalicəyə gedir, qardaş ölkə hüceyrə texnologiyaları, süni intellekt və gen mühəndisliyinin köməyi ile səhiyyə və əczaçılıq mərkəzinə çevrilib. Biz də Mərkəzi Asiyaya öz səhiyyə xidmətlərimizi ixrac edə bilərik. Biz coğrafi cəhətdən də yaxınıq və söhbət böyük bazardan gedir. Hesab edirəm ki, Mərkəzi Asiyada bu gün tələbat da var, üstəlik o ölkələrin əhalisi də çoxdur və orada yaranmış tələbatı Azerbaycan hesabına ödəmək həm də əczaçılıq baxımından önəmlidir. Nəzərə alsaq ki bizdə resurslar da var və bu sahe neft və kimya sənayesi ilə əlaqəlidir, biz onda neft-kimya sahələrini də inkişaf etdirə bilərik. Qeyri-neft sektoru təkcə kənd təserrüfatından ibarət deyil. Əgər bu sahələr inkişaf etdirilsə, bu ölkə iqtisadiyyatının ve təhsilinin də inkişafına təkan verə biler. Əsas məsələ, odur ki iqtisadiyyat strateji planlaşdırma üzərində qurulmalıdır və bu məsələlər də yaxın on ildə inkişaf etdirilməlidir.
Uzun müddətli trendlər onu deyir ki, insan kapitalına yönəlik istiqamətlər daha öndə olur, nəinki ənənəvi istehsal. Amma onu da unutmayaq ki, coğrafi olaraq biz böyük ölkə deyilik və əməyin bölgüsünü aparmaq Azərbaycanda çox çətindir. Əgər inteqrasiyaya getsək, qonşu ölkələrlə bunu reallaşdırmaq mümkündür. Post neft dövrü başlasa da, neft-kimyası və qaz-kimyası azərbaycan iqtisadiyyatının priprotet gələcək əsas istqiamətlərindən biri olacaq. Düşünürəm ki, 10-15 ildən sonra Avropa bizim enerji daşıyıcılarımızda bu qədər tələbata malik olmayacaq, ona görə də ölkədaxili neft və qaz emalını inkişaf etdirməliyik və xarici bazarlara ixracatımızı təmin etməliyik.