STEM Analitik Mərkəzində “Azərbaycan – Özbəkistan: strategiyalar, çağırışlar, həllər” mövzusunda ekspert dəyirmi masası keçirilmişdir. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, alimlər və Azərbaycanla Özbəkistandan olan analitiklər iştirak etmiş, energetika, nəqliyyat, ticarət və strateji təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə etmişlər.

Tədbiri açan STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev vurğulamışdır ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının potensialı hələ tam şəkildə reallaşmayıb. Onun sözlərinə görə, Özbəkistan birgə layihələrdə fəal iştirak edir, Orta Dəhlizin inkişafına maraq göstərir və iki ölkə arasındakı strateji tərəfdaşlıq regionda ən yüksək səviyyəli qarşılıqlı əlaqə nümunəsi kimi dəyərləndirilə bilər.

Milli Məclisin deputatı Azər Allahverənov qeyd etmişdir ki, əməkdaşlıq üçün yeni üfüqlərlə yanaşı, yeni çağırışlar da meydana çıxır. O, Azərbaycan və Özbəkistan arasında QHT-lərin 2023-cü ildə Füzulidə keçirilən forumunun humanitar ölçüdə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğunu xatırladaraq, nəzəri yanaşmalarla yanaşı praktik addımların da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Beynəlxalq Tədqiqatların İnkişafı İnstitutunun Strateji Kommunikasiyalar Mərkəzinin rəhbəri Nərgizə Umarova Özbəkistanın 2030-cu ilə qədər strateji hədəfləri barədə məlumat vermişdir. Onun sözlərinə görə, 2024-cü ilin sonunda ölkə ərazisindən keçən daşımaların həcmi illik 1,5 milyon tona çatmışdır və 2030-cu ilə qədər bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir. O, əsas layihələr arasında “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolu marşrutunu xüsusi qeyd edərək, bunun ölkənin nəqliyyat qovşağının inkişafına əlavə təkan verəcəyini bildirmişdir. Umarova həmçinin Türkmənbaşı limanı və Qazaxıstandakı Kurık və Aktau limanlarının ölkənin logistika siyasətində mühüm rol oynadığını vurğulamışdır. Ekspert Trans-Əfqan dəhlizinə xüsusi diqqət yetirərək bildirmişdir ki, bu marşrutun Orta Dəhlizlə əlaqələndirilməsi Azərbaycan–Özbəkistan ticarət dövriyyəsinin artımı üçün yeni imkanlar açır. O, həmçinin Özbəkistanın ticarət strategiyasında baş verən dəyişikliklərdən danışaraq, ölkənin xammal ixracından imtina edib, əlavə dəyər yaradan tekstil məhsullarının Avropa İttifaqına ixracını genişləndirməyə fokuslandığını qeyd etmişdir.

Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Beynəlxalq Tədqiqatların İnkişafı İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri, energetika üzrə ekspert Həyatcon İbrahimov çıxışında Özbəkistanın enerji siyasətində baş verən transformasiyaya toxunmuşdur. Onun sözlərinə görə, artan əhali və dəyişən demoqrafik vəziyyət enerji tələbatını iki dəfə artırır, ölkə isə ilk dəfə olaraq elektrik enerjisinin qismən idxalçısına çevrilmişdir. 2030-cu ilə qədər enerji istehsalının 54%-i bərpa olunan mənbələrdən təmin olunmalıdır. Bu kontekstdə “Masdar” şirkətinin Zərəfşanda günəş panelləri layihəsi həyata keçirilir. O, atom enerjisinin hava şəraitindən asılı olmayan sabit enerji mənbəyi kimi inkişaf etdirilməsinin vacibliyini də qeyd etmişdir. İbrahimov vurğulamışdır ki, Özbəkistan qaz klasterlərini optimallaşdırır və əlavə dəyər yaradan enerji məhsulları istehsal edən müəssisələri inkişaf etdirir, bu da ölkəni Mərkəzi Asiyada potensial enerji mərkəzinə çevirir. O, həmçinin SOCAR ilə aktiv əməkdaşlığa və Çin, ABŞ və Avropa ölkələrinin Özbəkistanın enerji layihələrinə artan marağına diqqət çəkmişdir.

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Namik Əliyev öz çıxışında vurğulamışdır ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində mühüm rol oynayırlar. Onun fikrincə, energetika və nəqliyyat sahələri əməkdaşlığın əsas sütunlarını təşkil edir və vəziyyətin düzgün qiymətləndirilməsi, uzunmüddətli qərarların hazırlanması üçün analitik mərkəzlərlə sıx əməkdaşlıq vacibdir.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azərbaycan xarici siyasətində Orta Dəhlizin prioritet əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan sanksiya təzyiqi altında olan ölkələrlə həmsərhəddir, lakin onun nəqliyyat maraqları regional çərçivədən kənara çıxaraq daha geniş beynəlxalq marşrut şəbəkəsini formalaşdırır.

Energetika üzrə ekspert İlham Şaban Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji” əməkdaşlığının inkişafına toxunmuşdur. O, 2025-ci ilin aprel ayında Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında Avropaya bərpa olunan enerji ötürülməsi üzrə imzalanan memorandumun Mərkəzi Asiya ölkələrinin yaşıl gündəmini Avropa ilə birləşdirmək potensialına malik olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Mərkəzi Asiyadan 3000 km məsafəyə “yaşıl enerji”nin daşınması çox bahalı olduğundan, Sİ alternativ mənbələrə – Şimali Afrikaya yönəlir. Bununla yanaşı, Özbəkistanın bərpa olunan enerji mənbələrinə keçid istiqamətində atdığı addımlar region üçün mühüm təcrübə nümunəsi hesab olunur.

Ekspert Rafiq İsmayılov öz çıxışında ticarətin inkişafının əhəmiyyətini vurğulamış və Özbəkistanın Azərbaycan bazarı da daxil olmaqla yeni regionlara ixrac potensialını təhlil etmişdir.

Sosioloji Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov yekun nitqində Azərbaycanın Mərkəzi Asiya məkanına artan marağını qeyd etmişdir. Onun sözlərinə görə, xüsusən media mühitində ümumi təhlükələrə qarşı koordinasiyalı fəaliyyətin gücləndirilməsi zəruridir. “Yalnız birgə fəaliyyət göstərməklə biz hibrid hücumlara qarşı duruş gətirə və informasiya məkanımızın dayanıqlığını qoruya bilərik,” – deyə o bildirmişdir.

Diskussiyanın yekununda iştirakçılar vurğulamışlar ki, Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur, əməkdaşlıq energetika, nəqliyyat, ticarət və humanitar sahələri əhatə edir. Əsas istiqamətlər kimi Orta və Trans-Əfqan dəhlizlərinin əlaqələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı müəyyən edilmişdir.