Gürcüstan mətbuatında Azərbaycan prezidenti İlham Əliyevin baş nazir İrakli Qaribaşvili ilə görüşünün işıqlandırılması haqqında

Cari ayın əvvəlində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyevin Gürcüstana işgüzar səfəri çərçivəsində baş tutan təkbətək görüşdə iki ölkə arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub.[1] Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Biol”da təqdim olunan Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi ilə tanış olublar. Sərgi Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Təqdim olunan fotolar Azərbaycan Respublikasının mühüm hadisələrini əks etdirib.[2]

Müzakirə olunan məsələlər arasında enerji, nəqliyyat və logistika sahələrində mövcud əməkdaşlıq olub. Baş nazir Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, hər il ilk beşliyə daxil olduğunu və 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin 15% artacağını qeyd edib. Ölkələr arasında yükdaşımaların həcmi də artıb.

Tərəflər dəmir yollarının modernləşdirilməsini, limanların genişləndirilməsi və tikintisini, modernləşdirilməsini nəzərdə tutan bu dəhlizin sürətlə inkişaf etdirilməsi üçün Gürcüstan və Azərbaycan Respublikasının Qazaxıstan Respublikası ilə razılaşdırılaraq üzərində işlədiyi “Orta Dəhliz”in inkişaf perspektivlərini nəzərdən keçiriblər. Bildirilib ki, Azərbaycan və Gürcüstan bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb, dəmir yolunun ötürücülük qabiliyyəti iki dəfə artırılaraq dəmir yolunun modernləşdirilməsi layihəsi fəal şəkildə davam etdirilir. Gürcüstanda 2024-cü ilin sonunadək başa çatdırılacağı planlaşdırılır. Bununla yanaşı, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisinin də yaxın vaxtlarda başa çatdırılacağı qeyd olunub. Gürcüstan Azərbaycanla bütün layihələrdə fəal əməkdaşlıq edir. İ.Qaribaşvili tarixi və strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin də uğurla davam etdirildiyini və bir neçə ay ərzində başa çatdırılacağını vurğulayıb.[3]

Keçirilən brifinqdə İlham Əliyev Gürcüstanda müzakirə olunan infrastruktur layihələrində, o cümlədən Anakliya layihəsində Azərbaycanın da marağının olduğunu, Kulevi limanının genişləndirilməsi istiqamətində işlər görüləcəyini nəzərə çatdırıb. Xatırladaq ki, 2006-cı ilin sonunda SOCAR hələ inşası başa çatdırılmamış Kulevidəki neft terminalını iş adamı Badri Patarakatsişvilidən almışdı. Razılaşmanın ümumi dəyəri bildirilməsə də, SOCAR terminalın inşasına 300 mln ABŞ dolları dəyərində məbləğin ayrıldığını qeyd edib.[4]

Tərəflər region və dünyadakı təhlükəsizlik mühitini, o cümlədən çağırışları da müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini isə bir daha təsdiqləyib. O, həmçinin tezliklə Ermənistan Respublikası ilə sülh sazişi imzalanacağına və bu müqavilənin Cənubi Qafqazda uzunmüddətli firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Ermənistan və Azərbaycan arasında vəziyyətin normallaşması məsələsinə toxunulub və İ.Əliyev ölkələr arasında üçtərəfli əməkdaşlığa ümid etdiyini bildirib.[5]

İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan regionda uzunmüddətli sülh və sabitliyin təşviqinə töhfə verməyə hər zaman hazırdır.[6]

Gürcüstan Xarici İşlər naziri İlya Darçiaşvili mətbuata açıqlamasında Gürcüstanın baş nazirinin Azərbaycana gələcək səfərinin artıq planlaşdırıldığını açıqlayıb.[7]

Səfərin Gürcüstanda dəyərləndirilməsi

“Droa” partiyasının lideri Elene Xoştariya Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərindən danışarkən bildirib ki, istər Azərbaycan və Ermənistanla münasibətlərində, istərsə də İsraildə baş verən hadisələrdə regionda çox mühüm dəyişikliklər var. Həm regionda, həm də Avropa təhlükəsizlik sistemində ölkə olaraq mövqeyini müəyyənləşdirmək üçün əsas olan  tərəfdaşlarla daimi, sıx əlaqədə olmalıdır.[8]

Gürcüstanın Rusiya və Ukraynadakı keçmiş səfiri Valeri Çeçelaşvili İlham Əliyevin Gürcüstana on birinci səfərinin gözlənilməz olsa da təəccüblü olmadığını deyib. Onun fikrincə, bu səfərin özəlliyi ondadır ki, görüş fərqli geosiyasi şəraitdə baş tutub: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış Qarabağ üzərində nəzarətini bərpa edib və bu da Azərbaycan, Ermənistan və Gürcüstan üçün xeyirlidir.” Bundan əlavə, Çeçelaşvilinin qiymətləndirməsinə görə, İlham Əliyev Tbilisidə mühüm bəyanatlar verib. O həmçinin əlavə edib ki, oktyabrın sonunda planlaşdırılan üçtərəfli görüş öncəsi bu səfərin xüsusi əhəmiyyəti olub. “Logistik baxımdan, rahatlıq baxımından Gürcüstan danışıqların aparıla biləcəyi ən yaxşı yerdir”, - deyə Çeçelaşvili görüşə münasibətini bildirib.[9]

Parlament çoxluğunun üzvü Arçil Talakvadzenin qənaətincə, səfər çox mühüm olub və bu prosesdə böyük etimada sahib Gürcüstanın regionda sülhün möhkəmlənməsinə töhfə vermək üçün tarixi imkanı yaranıb.[10]

Görüşün əsas mövzularından biri olan “Orta Dəhliz”in artan maraqlar səviyyəsində müvafiq infrastruktur və idarəetmə tələb etdiyini qeyd edən Brüsseldəki Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin baş elmi işçisi Tengiz Pxaladze bu məsələdə Gürcüstan-Azərbaycan tandeminin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, müasir dövrün çağırışlarına cavab vermək üçün bir neçə məsələnin həllinə ehtiyac var. Onun qənaətincə, İspaniyada iki ölkə liderinin uğursuz görüşünü nəzərə alarkən növbəti görüşün Gürcüstanda keçirilməsi daha məqsədəuyğun olar.[11]

Cari il üçün ikitərəfli iqtisadi əlaqələrin statistik göstəriciləri.

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2 mlrd. dollar təşkil edib. Gürcüstan Azərbaycanın qeyri-neft məhsullarını idxal edən ölkələr arasında üçüncü yeri tutub.[12]

Gürcüstanın 2023-cü ilin birinci yarısında beynəlxalq səyahətçilərdən əldə etdiyi gəlir 1,8 milyard dolları ötüb ki, bu da rekord yüksək göstəricidir. Göstəricilərinə görə, Azərbaycan ilk 5-likdə qərar tutub. Belə ki, 85,8 min ziyarətçisi ilə Azərbaycan Türkiyə, Rusiya, Ermənistan, İsraildən sonra V yerdədir.[13]

Gürcüstan 2023-cü ilin yanvar-iyul aylarında qaz idxalını 18 faiz artıb. Gürcüstan Milli Statistika Xidməti məlumatına görə, Gürcüstan 2022-ci ilin 7 ayında 237,331 milyon dollar həcmində təbii qaz alıb. Bu il isə idxal olunan təbii qazın həcmi 280,423 milyon dollar təşkil edib. Gürcüstan istehlak etdiyi “mavi yanacağı” 2 ölkədən - Azərbaycandan və Rusiyadan alır. Gürcüstanın bu il Azərbaycandan idxal etdiyi qazın həcmi 4 faiz azalıb. Hesabat dövründə Gürcüstan Azərbaycandan 196,881 milyon dollar həcmində qaz alıb. Keçən il isə bu rəqəm 204,522 milyon dollar olub. Rusiyadan alınan təbii qazın həcminin artmasına baxmayaraq, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır. Gürcüstan istehlak etdiyi qazın 70,2 faizini Azərbaycandan alır.[14]

Nəticə:

Səfərin ümumi gedişatı bir daha onu göstərir ki, Gürcüstanla Azərbaycanın qarşılıqlı münasibətləri bütün sahələrdə müsbət tendensiya üzərində davam etməkdədir. Dövlət rəsmilərinin çıxışlarından başqa sosial şəbəkələrdə vətəndaşların görüşə ümumi reaksiyasını da müsbət olaraq dəyərləndirmək mümkündür. Görünən odur ki, regionda sülhün bərqərar olması təkcə dövlət səviyyəsində deyil, həm də vətəndaş səviyyəsində də paralel uyğunluqdadır. Gürcüstanda ekspert və şərhçilərin əksəriyyəti tərəflərin görüşdə səsləndirdikləri və dəfələrlə vurğuladıqları “Gürcüstanın vasitəçi rolu” məsələsini dəstəkləməkdədirlər. Bütün bu hadisələrin işığında söylənilən fikirlər onu deməyə əsas verir ki, Gürcüstan tərəflər arasında sülhün bərqərar olmasında maraqlıdır və sülh prosesindən sonra açılacaq imkanları dəyərləndirməyi düşünür.

 

[1] პრემიერ-მინისტრი ირაკლი ღარიბაშვილი აზერბაიჯანის რესპუბლიკის პრეზიდენტს ილჰამ ალიევს შეხვდა https://www.gov.ge/news/347943?page=&year=

[2] ირაკლი ღარიბაშვილმა და ილჰამ ალიევმა ჰეიდარ ალიევის 100 წლის იუბილესადმი მიძღვნილი ფოტოგამოფენა დაათვალიერეს https://1tv.ge/news/irakli-gharibashvilma-da-ilham-alievma-heidar-alievis-100-wlis-iubilesadmi-midzghvnili-fotogamofena-daatvalieres/

[3] პრემიერ-მინისტრი ირაკლი ღარიბაშვილი აზერბაიჯანის რესპუბლიკის პრეზიდენტ ილჰამ ალიევს შეხვდა https://www.gov.ge/news/366393?page=3&year=2023

[4] ილჰამ ალიევი ყულევის ტერმინალის გაფართოების პერსპექტივაზე საუბრობს https://bm.ge/news/ilham-alievi-yulevis-terminalis-gafartoebis-perspeqtivaze-saubrobs?fbclid=IwAR06tZwIGB7eKpdwLOjJ7e_n_0MLT-iX5qXq3jbWvVr91dJQ6zgaFf51Wm4

[5] ალიევი: თუ სომხეთი თანახმა იქნება, საქართველოში სამმხრივ შეხვედრებს დავიწყებთ https://formulanews.ge/News/98957

[6] ირაკლი ღარიბაშვილი ილჰამ ალიევს შეხვდა https://1tv.ge/news/irakli-gharibashvili-ilham-alievs-shekhvda-2/

[7] ილია დარჩიაშვილი კითხვაზე, ინფორმირებული იყო თუ არა სალომე ზურაბიშვილი აზერბაიჯანის პრეზიდენტის ვიზიტზე - მან სამუშაო შეხვედრა გამართა საქართველოს პრემიერ-მინისტრთან, ეს არის დღეს მოცემულობა https://www.interpressnews.ge/ka/article/772795-ilia-darchiashvili-kitxvaze-inpormirebuli-iqo-tu-ara-salome-zurabishvili-azerbaijanis-prezidentis-vizitze-man-samushao-shexvedra-gamarta-sakartvelos-premier-ministrtan-es-aris-dges-mocemuloba

[8] ელენე ხოშტარია - ვისაც არ უნდა შეხვდე, თუ ზურგს ცივილიზებული სამყაროს დასავლური ერთობა გიმაგრებს, შენს ინტერესებს დაიცავ - თუ რუსეთის მხარეს ხარ, მაშინ ამ ქვეყანას შანსი არ გააჩნია https://www.interpressnews.ge/ka/article/773343-elene-xoshtaria-visac-ar-unda-shexvde-tu-zurgs-civilizebuli-samqaros-dasavluri-ertoba-gimagrebs-shens-interesebs-daicav-tu-rusetis-mxares-xar-mashin-am-kveqanas-shansi-ar-gaachnia

[9] ვალერი ჩეჩელაშვილი - საქართველო არის ყველაზე კარგი ადგილი, სადაც შეიძლება აზერბაიჯან-სომხეთს შორის მოლაპარაკებები გაიმართოს https://www.interpressnews.ge/ka/article/772968-valeri-chechelashvili-sakartvelo-aris-qvelaze-kargi-adgili-sadac-sheizleba-azerbaijan-somxets-shoris-molaparakebebi-gaimartos

[10] არჩილ თალაკვაძე – გამოვრიცხავ, პრეზიდენტს არ ჰქონდეს ინფორმაცია, რომ ასეთი მნიშვნელოვანი სამუშაო ვიზიტი ჩატარდა https://alt-info.ge/archives/39167

[11] თენგიზ ფხალაძე - სამწუხაროდ, ჩვენს პოლიტიკაში სანახაობები სჭარბობს რეალურ პრობლემებზე მსჯელობას, ამ დროს საფრთხე ყოველდღიურად მატულობს https://www.interpressnews.ge/ka/article/772843-tengiz-pxalaze-samcuxarod-chvens-politikashi-sanaxaobebi-scharbobs-realur-problemebze-msjelobas-am-dros-saprtxe-qoveldgiurad-matulobs

[12] Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi. İxrac icmalı / 2023-cü il / Sentyabr №9 (78) https://ereforms.gov.az/files/review/pdf/az/1c6f5bc0422f51262ef7b852da4a9ac6.pdf

[13] რომელი ქვეყნის ტურისტები ლიდერობენ საქართველოში ხარჯების მხრივ: ეროვნული ბანკის მონაცემები https://sputnik-georgia.com/20230802/romeli-qveynis-turistebi-lideroben-xarjebis-mxriv-erovnuli-banki-280750645.html

[14] საქართველოს სტატისტიკის ეროვნული სამსახური. კვარტალური ბიულეტენი, 2023 https://www.geostat.ge/ka/single-categories/98/kvartaluri-biuleteni