Hasan Ünal: Yeni yaradılan Avropa Siyasi Birliyi ilə münasibətlərdə Azərbaycan ehtiyatlı olmalıdır

Azərbaycan ordusunun 44-günlük Vətən müharibəsində qələbəsi Cənubi Qafqazda yeni geo-siyasi reallıq formalaşdırmağa başladı. Yeni yaranmış şəraitdə Azərbaycanın müttəfiqi olan Türkiyənin Cənubi Qafqazda mövqeləri daha da gücləndi. Ümumən Ankaranın son illər Cənubi Qafqaz, Orta Asiya, Şərqi Aralıq dənizi regionundakı nüfuzu getdikcə artır. Bu və digər məsələlər haqqında sualları STEMə müsahibəsində Türkiyənin tanınmış siyasi şərhçisi, Maltəpə Universitetinin professoru Hasan Ünal cavablandırdı. 

İlk olaraq Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında son yaşananlarla başlamaq istərdik. Praqa sammitindən sonra bu ölkələr arasındakı münasibətləri necə dəyərləndirərdiz? Sizcə, burda baş tutmuş görüşlər sülh danışıqlarını nə dərəcədə asanlaşdıra və sürətləndirə bilər? 

Qısaca deyə bilərəm ki, xeyli sürətləndirəcək. Mən inanıram ki, Cənubi Qafqazda tezliklə həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan arasında sülh və barışıq formalaşdırmaq mümkün olacaq. Amma bütün bunlara baxmayaraq bu yolda bir sıra provokativ addımlar və manelər də mövcud ola bilər. Məsələn, son baş verən insidentlər fonunda sərhəddəki toqquşmaları nümunə göstərə bilərik. Belə şeylər mövcud ola bilər, amma hər şeyə rəğmən, sonda mütləq sülh və barışıq olmalıdır. Mən bu proqnozu 2 şeylə əsaslandırıram. Əgər regionun geosiyasi xəritəsinə baxsaq, biz analizlərimizi iki mərhələdə edə bilərik. Birinci mərhələ regionun üç ölkəsi, Azərbaycan, Ermənistan və Gürcüstan arasındadır. Bu üç dövlət arasında Azərbaycan öz güc nisbətinə görə digərlərindən xeyli fərqlənir və regional supergüc hesab olunmalıdır. Azərbaycan və Gürcüstan arasında heç bir problem mövcud deyil, birgə əməkdaşlıq və investisiya layihələri fonunda uğurla inkişaf edirlər. Həmçinin, xeyli sayda Türkiyə və Azərbaycan şirkətləri Gürcüstana yatırımlar edir. Eyni zamanda Gürcüstan Türkiyəyə Qərbə açılan qapı kimi baxır və Qərblə əlaqələrin formalaşmasında Türkiyənin rolu böyükdür. Bunları nəzərə alsaq, Gürcüstan elə də problem yaratmır. Qafqazda uzun illərdir problem yaradan yeganə tərəf Ermənistandır. Amma mənim fikrimcə, Azərbaycan İkinci Qarabağ Müharibəsi zamanı işğal olunmuş əraziləri geri qaytardıqdan sonra bu problem də artıq aradan qalxmağa başladı. Bütün bunları nəzərə alsaq, regionda baş verəcək hər hansı siyasi qarışıqlıq fonunda Azərbaycan digər ölkələrdən bir addım öndədir və buna görə də inandırıcı deyil ki böyük miqyaslı hər hansı münaqişə yenidən alovlansın. 

İkinci analitik mərhələdə regionu əhatə edən digər supergüclərin, Rusiya, Türkiyə və İranın, siyasi baxışlarını nəzərə almaq lazımdır. Bu üçündən Türkiyə və Rusiyanın yaşananlarla bağlı fikirləri üst-üstə düşür. Praktiki olaraq, Rusiya müharibə olmasını istəmir və buna görə də erməniləri yeni macəralar üçün həvəsləndirmir. Ermənistan artıq uzun illərdir ki, Rusiya üçün bir yükə çevrilib. Yeltsin illərində Rusiya xarici əlaqələr qurmaq baxımından disorientasiyaya uğramışdı, düşünürdülər ki, bəzi siyasi addımlarla Bakı-Ceyhan kəmərinin istifadəyə veriləməsini əngəlləyə bilərlər, buna görə də erməniləri dəstəkləyirdilər. Daha sonra Azərbaycan və Türkiyənin birgə addımları nəticəsində Gürcüstandan keçməklə kəmər istifadəyə verildi.

Kəmərin istifadəyə verilməsindən sonra ruslar da başa düşməyə başladılar ki, stratejik baxımdan Ermənistanla əməkdaşlıq onlara heç nə vermir. Ermənistan sadəcə Rusiya bazasını yerləşdirmək üçün ayrılmış ərazidən başqa heç bir əhəmiyyət daşımamağa başladı və daha sonra Rusiya-Türkiyə əməkdaşlıq konsepsiyası işə düşməyə başladı.

İllər keçdikcə, Rusiya perspektivindən bu əməkdaşlıq olduqca strateji bir tərəfdaşlığa çevrilməyə başladı. Son günlərdə, həmçinin, rusların Qərblə mübarizədə başlarının necə qarışıq olduğunu da görmək mümkündür və bu mübarizədə Rusiya Ermənistan kimi bir dövlətə görə türklərin dəstəyindən məhrum olmaq istəməz. 

Beləliklə, işğal faktının 2020-ci ilin sonlarında Azərbaycan ordusu tərəfindən aradan qaldırılması da ruslara müharibənin artıq sonlandığı ilə bağlı rahatlıq yaratmağa başladı. Ermənilər dəfələrlə yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsələr də, döyüşlər Ermənistan ərazisində getmədiyi üçün bu müraciətlər rədd edildi. Başqa sözlə bu, Putinin müharibə dövründə Ermənistana olan münasibətinin təzahürü idi. Rusiyanın Türkiyənin dəstəyinə ehtiyacı olduğu belə bir vaxtda Ermənistana hərbi yardım göstərmək axmaqlıq olardı. Unutmaq lazım deyil ki, Rusiya yeganə ölkədir ki, yeni müharibə üçün Ermənistanı silahlandıra bilər, ancaq indiki halda mümkün olmadığından yeganə variant kimi İran qalır. Düzdür, zaman-zaman Zəngəzur dəhlizinin istifadəyə verilməsinə görə Ermənistanla birbaşa əlaqələrin kəsiləcəyindən qorxan İran tərəfindən problemli qərarlar qəbul oluna bilər, amma reallıq odur ki, İran Ermənistanı yeni müharibə üçün silahlandıra bilməz. Bu İranın sonu ola bilər, çünki hər hansı belə bir hal yaşanarsa, bu, Türkiyənin müdaxiləsi deməkdir və Türkiyə ilə İran arasında münaqişənin eskalasiyası ilə nəticələnə bilər.

Bu isə İran üçün heç də xoş sonluqla başa çatmaya bilər, çünki Türkiyə ilə hər hansı bir konflikt baş tutarsa, İsrail və Amerika Birləşmiş Ştatları da Türkiyəni dəstəkləmiş olacaq və İran administrasiyası da bundan xəbərdardır.

Buna baxmayaraq demək olmaz ki, Türkiyə ilə İranın əlaqələri hal-hazırda heç də yaxşı deyil, əksinə bir sıra sahədə əməkdaşlıq mövcuddur və hal-hazırda Türkiyə Suriya məsələsində İranla münasibətləri normallaşdırmağa cəhd göstərir. Əgər İran ermənilərlə birbaşa əlaqələrin itməsindən narahatdırsa, bu müzakirə oluna bilər, ancaq onlar başa düşməlidir ki, yeni reallıqlarla barışmaq lazımdır. 

Beləliklə, mən düşünürəm ki, dünənki görüşün nəticəsi olaraq bir daha söyləmək olar ki, problem artıq həll olunur və yeni müharibə gözlənilmir, geriyə qalan yalnız sülh danışıqlarının tamamlanmasıdır. Bu, ermənilər üçün ağır ola bilər və Paşinyanın rəhbərliyi altında ermənilərin travmadan ayılması xeyli çəkə bilər. Buna görə də zaman-zaman provokasiyalar və insidentlər qaçılmazdır, amma ən sonda bütün bunlar sülh və barışıqla bitməlidir. Bir məsələ də onu əlavə edə bilərəm ki, ermənilərin lehinə fikirlər səsləndirən amerikanlar və fransızların başı daha çox Ukraynada ruslarla münaqişəyə qarışıb. Belə bir şərtlər altında onların yeni müharibəyə başlaması üçün erməniləri silahlandırması heç də inandırıcı görünmür. Eyni zamanda, Türkiyə və Rusiya kimi ölkələrin iradəsinin əksinə getmək özü də axmaqlıq olardı. Düzdür, ABŞ xarici siyasət məsələlərində hər zaman səhvlər edir, amma bu siyasəti davam etdirmək axmaqlıqdan da ötəri bir şey ola bilər. Beləliklə, artıq baş verənlər sona doğru yaxınlaşır və danışıqların sülhlə bitməsi üçün bizim biraz zamana ehtiyacımız var.

Sizcə, son dövlər Amerikanın göstərdiyi siyasi mövqe Cənubi Qafqazda, eləcə də post-Sovet məkanında ABŞ və Rusiya arasında qütbləşməni nə dərəcədə artıra bilər? Həmçinin, ABŞ-ın siyasi rəqibi sayılan Çinin regionda artan varlığın necə qiymətləndirmək olar?

Burada məsələ əsas olaraq Ukrayna müharibəsi və onun təsirləri çərçivəsində qlobal dünya quruluşunda hansı növ dəyişikliklərin baş verməsindən gedir.

Onu nəzərə almaq lazımdır ki, nə qədər ki böyük dövlətlərin başı Rusiyanı Ukraynadan sıxışdırıb çıxarmağa qarışıb, Qafqazda baş verəcək olaylarda sırf Azərbaycan və Türkiyə söz sahibi olmalıdır.

Region ölkələri, Azərbaycan, Ermənistan və Gürcüstan, arasında söz sahibi hal-hazırda öz güc nisbətinə görə xeyli fərqlənən Azərbaycandır. Regionu əhatə edən üç ölkə olan Rusiya, İran və Türkiyə arasında isə indiki şərtlər altında bu Türkiyədir. Ona görə regionda baş verən proseslərdə bu ölkələrin dedikləri diktə olunmalıdır. Məsələn, Ermənistanın keçmiş prezidentləri olan Robert Koçeryan və ya Serj Sarkisyan kömək üçün dəfələrlə Rusiyaya müraciət etsələr də, qarşılığında heç nə ala bilmədilər, çünki onların bütün danışlıqları axmaqlıqdır, onlar günümüzün reallığı olan Türkiyə-Rusiya strateji tərəfdaşlığını nəzərə almırlar.

Eyni zamanda bu o demək deyil ki, Türkiyə Qərb düşərgəsini tərk etməyə hazırlaşır, əksinə son olanlar göstərdi ki, Türkiyə bu dəqiqə NATO-nun ən önəmli üzvlərindən biridir. Bütün bunlara baxmayaraq hətta Çin belə son olanlarda Amerika və onların tərəfdaşlarına qarşı çıxıb, Rusiyanı dəstəkləsə də, bu Azərbaycan və Türkiyənin yaratdığı reallıqlarla bağlı vəziyyəti dəyişmir.

Azərbaycan Cənubi Qafqazın supergücü kimi, Türkiyə isə öz ayaqları üzərində daima dayanmağı bacaran güc kimi regionun taleyini həll etməyə davam etməlidirlər, çünki bu iki dövlətin düz müharibənin bitməsindən bu yana apardığı xarici siyasətin əsas məqsədi Cənubi Qafqazda sülh və barışıqlığı bərqərar etməkdən ibarətdir.

Türkiyənin 2003-cü ildə Körfəz müharibəsinə və bu il Finlandiya ilə İsveçin NATO-ya üzv olmaq istəyinə qarşı çıxması bir-birinə nə dərəcədə bənzəyir? Qərbə qarşı "kök və çubuq" diplomatiyasından istifadə Türkiyənin NATO-dakı mövqeyinə təhlükə yarada bilərmi?

Belə demək olarsa, NATO məhz Türkiyə sayəsində nəsə bir anlama gəlir. Türkiyə NATO üçün sanki ət və sümük rolunu oynayır və bütün digər üzvlər xəbərdardır ki, Türkiyənin necə güclü ordusu, müdafiə sistemi, müharibə doktrinası və döyüş təcrübəsi var. Həmçinin, sonuncu Qarabağ müharibəsi göstərdi ki, Türkiyənin dəstək olduğu dövlətlər müharibələrdən necə qalib şəkildə ayrıla bilirlər. Ona görə də elə bir problem yoxdur, çünki Türkiyə olmadan NATO çox şey itirə bilər. Bir sözlə, Türkiyəni NATO-dan sıxışdırıb çıxarmaq kimi birşey yoxdur. Mən Qərbdən olan dinləyicilərə həmişə zarafatca deyirdim ki, Türkiyəsiz NATO ancaq belə mövcud ola bilər ki, Türkiyədən başqa bütün dövlətlər NATO-nu tərk etsin və Türkiyə yerdə qalan NATO vəsaiti hesabına alyansa yeni dövlətlər cəlb edib təşkilatın adını dəyişsin.

Məsələn 10 il əvvəl də Türkiyəsiz NATO haqda fikirlər dolaşırdı və Ukrayna müharibəsi başlayan kimi hamı anladı ki, NATO hərbi alyansdır və Türkiyə olmadan onu təsəvvür etmək mümkün deyil.

Başqa sözlə, NATO siyasi və ya iqtisadi bir klub deyil və başqa ölkələr də bunu tərk etməlidilər. Əslində Türkiyənin İsveç və Finlandiya ilə bağlı belə bir mövqe tutmasında problemli nəsə yoxdur, bu çox yaxşı siyasətdir. Türkiyə əgər belə birşey olarsa, yenə eynisini etməlidir. Onların qarşısına tələblər qoymaq və bunu etmədikləri müddətcə şərtlərini qəbul etmək lazım deyil. Amerikanların da dediyi kimi hazır yem (free lunch) deyə birşey yoxdur.


Sizcə, inkişaf edən Türkiyə-Yunanıstan qarşıdurması Şərqi Aralıq dənizində nə dərəcədə siyasi qarışıqlığa səbəb ola bilər? Gərginlik türklərlə yunanlar arasında yeni müharibə ilə nəticələnə bilərmi?

Əvvəlcə onu demək lazımdır ki, Türkiyə-Yunanıstan münasibətləri heç vaxt qarşıdurmasız ötüşməyib, bu iki dövlət artıq buna kifayət qədər öyrəşib və bunla necə yola gedəcəklərini də çox yaxşı başa düşürlər. İstər istəməz, yunanlar hal-hazırda görünür ki, yenə yanlış hesablamalara yol verirlər. Onlar düşünür ki, Rusiyanın təsiri azaltmaq üçün Yunanıstanda yerləşən ABŞ bazası hər hansı bir eskalasiya zamanı türklərə mane ola bilər. Bu, doğurdan da, axmaq və yalnış sayıla bilən bir hesablamadır. Həmçinin, bu ABŞ bazası hal hazırda Yunanıstan-Rusiya və Kipr-Yunanıstan-Rusiya əlaqələrində problemlər törədir.

Yunanlar 1964-cü və 1974-cü illərdə olduğu kimi yenə də tarixi yanlışlığa yol verirlər. Onlar 1974-cü ildə də çevriliş təşkil edib hakimiyyəti dəyişmək vasitəsilə adanın tam nəzarətlərinə keçəcəyini düşünürdülər, amma çevrilişdən düz 5 gün sonra artıq Türkiyə gəmiləri Kipr sahillərinə yaxınlaşmışdı.

Yunanların hal-hazırda etdikləri ermənilərin 2020-ci ilin yayında Tovuza hücum etməsi səhvinə oxşayır. Kağız üzərində plana baxsan, bu möhtəşəm görünə bilər, ancaq reallaşdırma zamanı nə qədər problemin olduğunu görə bilərsən. Eynisini ermənilər özləri 2020-ci ildə yaşamışdılar. İndi isə yunanlar eyni nəticələrlə üzləşə bilər və inandırıcı deyil ki, çoxqütblü dünyada hansısa dövlət onlara yardım əlini uzatsın. 

Bu gün Türkiyənin Mərkəzi Asiya siyasətini necə qiymətləndirirsiniz? Türk dünyası birliyinin formalaşdırılması Azərbaycan da daxil olmaqla Türk dünyası üçün hansı qapılar açır?

Bu çox mühim mövzudur və onu demək lazımdır ki, Türk dünyası hər bir istiqamətdə artıq dünyada tanınmağa başlayır. Eyni zamanda, Azərbaycanın Ermənistan üzərindəki qələbəsi bir çox Mərkəzi Asiya ölkəsinə siqnallar göndərməyə başladı. Bunun nəticəsi olaraq bu gün bu əməkdaşlıq günü gündən güclənməkdədir. Tək risk Qərb tərəfindən digər region ölkələri olan Rusiya, Çin və İranın pantürkismlə qorxudulması ola bilər. Ancaq Türkiyə bu tələyə düşməyəcək qədər ağıllı siyasət yeridir və inandırıcı deyil ki, Qərbin bu siyasəti uğurla nəticələnsin. Türk dünyası birliyində Türkiyənin liderliyi həmçinin çoxqütblülüyü daha da artırır. Ukrayna müharibəsi də göstərir ki Türkiyə artıq çoxqütblü formada özünə önəmli siyasi mövqe formalaşdırıb. 

Yeni yaradılan Avropa Siyasi Birliyinin Azərbaycan, və digər Avropa İttifaqı üzvü olmayan iştirakçıları üçün əhəmiyyətini necə dəyərləndirərdiz?

Açığı, olduqca böyük əhəmiyyət daşımır, amma bəzi məsələlər var ki, təşkilat nizamlanma prosesində xeyli effektiv ola bilər. Məsələn, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın Avropada rolu neft-qaz strategiyası baxımından artır. Bu format da Azərbaycanın Avropaya daha sürətli inteqrasiyasına kömək ola bilər. Həmçinin bu siyasi birlik Ermənistana sülh müqaviləsi imzalamaq yönündə təzyiqlər də göstərə bilərlər. Həmçinin, narahatlıq yaradan məqam odur ki, bu eyni zamanda həmin birliyin Qarabağda bəzi ərazilərin Azərbaycan tərəfdən güzəştə gedilməsi kimi təzyiqlər göstərməsi ilə nəticələnə bilər ki, danışıqlar sürətlənsin. Hal hazırda Ermənistanda bəzi revanşist fikirlərin də formalaşmağa başladığını nəzərə alsaq, Azərbaycan bu məsələdə ehtiyatlı olmalıdır, çünki bu, birbaşa Azərbaycanın daxili işlərinə müdaxilədir.