İsrail və HƏMAS Qəzza zolağında 2023-cü ilin oktyabrından davam edən müharibəyə son qoymaq barədə razılığa gəliblər. BBC-yə məlumatlı mənbə bildirib ki, Fələstin qrupu bəzi israilli girovları azad etməyə də razılaşıb.
Məlumata görə, Qətər baş naziri ilə HƏMAS nümayəndələri arasında və ayrı-ayrılıqda İsrail nümayəndələri ilə görüşlərdə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Qətər tərəflər arasında aparılan danışıqlarda vasitəçilərdən biri kimi çıxış edir.
İsrail hökuməti sazişin şərtlərinə ilə bağlı səs verməlidir. Hələlik bu barədə məlumat yoxdur. Reuters agentliyinin mənbəsi cümə axşamı səsvermənin gözlənildiyini və əksər nazirlərin razılaşmanı dəstəkləməyə hazır olduğunu bildirib. Məlumdur ki, xarici işlər naziri Gideon Saar xarici səfərini yalnız son saatlarda yarımçıq qoyub və təcili olaraq vətəninə qayıdıb.
Müqavilənin təfərrüatları, o cümlədən qüvvəyə minəcəyi tarix hələ tam açıqlanmayıb. Anonim mənbələr rəsmi açıqlamadan az əvvəl xəbər agentliklərinə bildiriblər ki, atəşkəsin birinci mərhələsinin altı həftə davam edəcəyi gözlənilir.
Bu müddət ərzində İsrail qoşunları tədricən Qəzza zolağından çıxarılacaq və ilk girovlar bir qrup fələstinli məhbusla dəyişdiriləcək.