İsrail və ABŞ-ın prezident Donald Trampın rəhbərliyi altında həyata keçirdiyi birgə addımlar İranın nüvə ambisiyalarını geri salıb. Bu fikri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu proses regionda təhlükəsizliyin səviyyəsinin yüksəlməsinə də töhfə verib. Gideon Saar vurğulayıb ki, İsrail İranın kütləvi qırğın silahlarına, o cümlədən nüvə silahına malik olmasına qəti şəkildə qarşıdır.

“İsrail və Azərbaycan sülhdə maraqlı olan ölkələrdir. Diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələrimiz bir çox sahələrdə əhəmiyyətli dərəcədə genişlənmiş və dərinləşmişdir. Üç il əvvəl Azərbaycanın İsraildə səfirliyinin açılması strateji tərəfdaşlığımızı daha da möhkəmləndirən mühüm addım olmuşdur”, – deyə Gideon Saar qeyd edib.

İsrailin xarici işlər naziri, həmçinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib. O bildirib ki, əldə olunan nəticələr Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşdırılmış daxili və xarici siyasəti sayəsində mümkün olub. “Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh mümkün olmazdı”, – deyə Saar vurğulayıb.

Bununla yanaşı, nazir Azərbaycanın inkişaf və rifah sahəsində əldə etdiyi nəzərəçarpan nailiyyətləri qeyd edib, həmçinin Azərbaycanda yəhudi icmasının sabitlik və təhlükəsizlik şəraitində yaşadığını xüsusi olaraq vurğulayıb. O əlavə edib ki, İsrail xalqı bu dəstəyi yüksək qiymətləndirir.