Azərbaycan Respublikasının Balkan dövlətləri ilə siyasi və iqtisadi müstəvidə formalaşan qarşılıqlı əlaqələri göründüyündən də daha dərin məna kəsb edir. Təkcə Rumıniya Respublikasının 11 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqliyyini tanıyan ikinci dövlətə çevrilməsi faktı qarşılıqlı əlaqələrinin tarixi və mənəvi dəyərini göstərməyə kifayət edə bilər. Hər bir halda onu demək mütləqdir ki, Balkan dövlətləri ilə Azərbaycan Respublikası arasında formalaşmaqda olan siyasi gündəlikdə beynəlxalq təhlükəsizlik, habelə Avropanın enerji təminatında Azərbaycanın artan rolu ən əsas yerləri tutur. Hər bir halda, son illərdə baş verən siyasi hadisələr fonunda da sadalananların əhəmiyyətini və Azərbaycanın beynəlxalq arenada nüfuzunun necə artırdığını görməmək mümkün deyil.
Elə oktyabrın 1-də Azərbaycan qazını Bolqarıstana nəql edəcək yeni qaz interkonnektorunun (Yunanıstan-Bolqarıstan interkonnektoru, IGB) açılışı zamanı çıxışında Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Respublikasının Preizdenti İlham Əliyev haqda: “O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim” deməsi heç də təsadüfi deyil. Bütün bunlarla yanaşı onu da vurğulamaq vacibdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda baş verən geostrateji dəyişikliklər nəticəsində Avropa ölkələri yeni enerji alternativləri axtarışındadırlar və bütün bunları nəzərə alaraq Azərbaycanın son dövrlər Avropanın enerji bazarında fəallaşmasını strateji bir qərar kimi qiymətləndirmək olar. Təkcə onu demək kifayətdir ki, ötən il Serbiyanın enerji tələbatının 89, Bolqarıstanın 79, Yunanıstanın 64, Bosniya və Şimali Makedoniyanın enerji tələbatının isə 100 faizi Rusiyanın payına düşür. Bütün bunları nəzərə alsaq, Azərbaycanın Avropaya, özəlliklə Balkan regionuna inteqrasiyası siyasi və iqtisadi inkişaf üçün yeni imkanlar açır.
Bütün bunlara baxmayaraq bu məqalədə Azərbaycan və Balkan dövltələri, xüsusilə, Bolqarıstan, Yunanıstan, və Serbiya Respublikaları arasındakı münasibətlərə nisbətən fərqli prizmadan baxmağa çalışmışıq. Məqalənin əsas məqsədi kollektiv yaddaş problemi kontekstində Azərbaycanın Balkan regionunda enerji təhlükəsizliyi siyasətinin əhəmiyyətini araşdırmaqdır. Təhlilə başlamazdan öncə ilk olaraq niyə əsas təhlil mövzusu olaraq Serbiya, Yunanıstan və Bolqarıstanın Respublikaları ilə qarşılıqlı siyasi əlaqələrin seçildiyini, kollektiv yaddaş probleminin nə olduğunun və bütün bu “etnik müharibələr” terminologiyası arasında Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin niyə ön plana çəkildiyini izah etməyə çalışaq.
Kollektiv yaddaş problemi etnik müharibələrin analizi üçün istifadə olunan nəzəriyyələrdən biridir. Termin özü hər hansı bir etnik qrupun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan tarixi hadisələr və məlumatları özündə ehtiva edir. Kollektiv yaddaşda qalan hadisələr və məlumatlar zaman-zaman nifrət, qərəz, etnosentrism və bu kimi digər oxşar neqativ və eqosentrik hislər yarada bilər. Məhz buna görə də kollektiv yaddaş və ya kollektiv yaddaş problemi etnik münaqişələrin alovlanması, daha sonra isə hər hansı tarixi əhəmiyyət daşıyan bölgə və ya ərazi üstündə şiddətli müharibələrin başlaması ilə nəticələnə bilər.
Bir sözlə, kollektiv yaddaşda qalan hər hansı bir xatirə nəyin bahasına olursa olsun, silnmir və hər hansı bir xalqın kimliyinin, siyasi baxışının, beynəlxalq strategiyasının formalaşmasında xüsusi pay sahibi olur. Eyni zamanda bu cür tarixi hadisələr həmin xalqın mədəniyyət və incəsənətində də geniş miqyasda təsvir olunur, təhsil və başqa sosial aspektlərdə öz əksini tapır.
Tragikomik səslənsə də, Balkan dövlətləri etnik münaqişələr sarıdan heç vaxt korluq çəkməyiblər. Bu baxımdan, dərin tarixi və ya siyasi biliklərə malik olmadan da ötən yüzilliyin son onilliyində baş verənləri xatırlamaq kifayətdir. Federativ Yuqoslav Sosialist Respublikasının parçalanması fonunda etnik münaqişələrin alovlanması, milyonlanlarla insanın həyatına son qoyan genişmiqyaslı müharibələr və ən sonunda NATO-nun müdaxiləsi ilə nəticələnən etnik münaqişəni tarix boyu baş verənlər arasında ən qanlı savaşlar sırasına qoymaq mümkündür. Serblər ilə bosniyalıları ayıran tarixi və dini fərqlər, tarixi 600 il əvvələ qədər gedib çıxan Kosovo meydanı döyüşü, II dünya müharibəsi illərində Xorvat “ustaşe”ləri tərəfindən serblərin başına gətirilən müsibətlər, böyük siyasi güclərin, özəlliklə Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyənin siyasi maraqları, münaqişənin daha da gərginləşməsində böyük rol oynamışdılar. Bütün bunlarla yanaşı, ötən əsrin ikinci onilliyində baş verən Balkan Müharibələri də bu ölkələr arasında daima siyasi çəkişmələrin olduğunun tarixi təzahürüdür.
Sadalananlar ilə yanaşı, Balkan ölkələrinin, xüsusilə Serbiya, Bolqarıstan və Yunanıstan vətəndaşlarının, daha bir kollektiv yaddaş problemi var – uzun illər davam edən Osmanlı imperiyasının təsiri. Regionun digər ölkələrindən fərqli olaraq bu üç ölkədə Osmanlılar dövründə və sonrasında yaşananların nəticəsi olaraq Türkiyə və onun dəstəklədiyi siyasi gündəliyə qarşı neqativ yanaşma həmişə diqqət mərkəzində olub. Regionun digər xalqları olan bosniyalılar, makedoniyalılar və albanlar da Osmanlı ağalığı dövründə problemlər yaşasalar da, Yuqoslav müharibələri dövründə türklərin bu ölklələrdə yaşayan müsəlman çoxluğa qarşı olan fədakar addımları bu nifrəti bir qədər soyutmuşdu.
Bolqarlar isə Yuqoslav müharibələrindən zərər çəkməsələr də, hazırki siyasi vəziyyətə və Balkan müharibələri dövründə indiki Şimali Makedoniya da daxil olmaqla bəzi tarixi əraziləri itirdiklərinə görə türkləri günahlandırırlar. Yunanlar isə, bəlkə də, bu gün bu üç dövlət arasında Türkiyə ilə ən gərgin siyasi əlaqələrə malik dövlətdir. Xüsusilə son aylarda Egey dənizində baş verənlər və bu yaxınlarda Türkiyənin yunanları beynəlxalq hava məkanında kəşfiyyat missiyası yerinə yetirən F-16 qırıcılarına qarşı raket sistemindən istifadə etməkdə günahlandırmasından sonra onsuz da gərgin olan münasibətlər bir qədər də gərginləşmişdi.Bütün bu tarixi hadisələrdə Azərbaycanın birbaşa iştirakı olmamasına rəğmən zaman-zaman bu dövlətlərin anti-Türkiyə siyasi kampaniyası çərçivəsində Ermənistanı dəstəklədiyinin şahidi olmuşuq.
Qarabağ müharibəsi dövründə yunanlar həmişə ermənilərə olan dəstəyi ilə ön planda olmuşdular. Eyni zamanda 2020-ci ildə Serbiyanın Ermənistana silah satışı Azərbaycanda böyük bir ajiotaj yaratmışdı.
Düzdür, serblər Qarabağdakı erməni separatçılarını heç vaxt dəstəkləməyiblər, amma yenə də siyasi və sosial arenada zaman-zaman ermənilərə dəstək nümayiş etdirilib. Eyni zamanda dini baxımdan da bu dövlətlər arasında müəyyən bağlar mövcuddur. Yunanlar və serblər erməniləri həm də ona görə dəstəkləyirlər ki, onlar da tarix boyu türklərlə problemlər yaşayan ortodoks xristianlarıdır. Bolqarıstanla bağlı konteksdə isə bir neçə maraqlı faktı xatırlamaq kifayətdir. İlk olaraq onu vurğulamaq olar ki, Bolqarıstanda 30 minə yaxın erməni əsilli əhali var və Plovdiv, Sofiya, Varna kimi iri şəhərlərdə güclü diasporaya malikdirlər. İkinci məqam ondan ibarətdir ki, Bolqarıstan Erməni Soyqırımını tanıyan ölkələr arasındadır və 2015-ci ildə soyqırımının tanınması barədə qərar qəbul edilib. Həmçinin, ermənilər və bolqarlar tez-tez Osmanlı dövründə yaşananları ortaq tarixi element kimi təqdim edirlər. Məşhur bolqar şairlərindən sayılan Peyo Yavorov “Ermənilər” (Armentsi) şeirində bu kimi məqamlara toxunub.
Sadalanan üç dövlətin tarixi baxışı zaman-zaman erməniləri dəstəkləməyə gətirib çıxarır ki, burda da əsas rollardan birini kollektiv yaddaş problemi oynayır. Buna baxmayaraq Azərbaycanın enerji strateqiyası bu tendensiyanı dəyişə bilər.
İlk olaraq məsələni Joseph Nye tərəfindən irəli sürülən məşhur yumşaq güc (soft power) nəzərriyəsinə əsaslanaraq izah etsək, görə bilərik ki, hər hansı bir dövlətin enerji sahəsində hakim mövqeyə sahib olaraq başqa dövlətlərin enerji siyasətinə nüfuz etmə qabiliyyəti bu sahədə fərqlənən Azərbaycanın da regionda söz sahibi ölkə kimi formalaşmasına gətirib çıxarır. Başqa sözlə, yumşaq güc sayəsində hər hansı bir ölkə özünə digər ölkələrdə müəyyən bir imic formalaşdırır. Məsələn, Amerika Birləşmiş Ştatları bu gün mədəniyyət sahəsində (məsələn, Hollywood) atılan addımlarla digər ölkələrdə mədəni imic formalaşdırmağı bacarıb. Eyni yanaşmanı Azərbaycan üçün etsək, görərik ki, bu gün Azərbaycan həmin imici enerji siyasəti ilə formalaşdırmağa çalışır.
Azərbaycan enerji sektorunda problemlərlə üzləşən Balkan regionu ölkələrinə çətin dövrlərdə dəstək göstərməklə həmin ölkələrdə formalaşan türkofobiyanı da dağıtmış olur. Başqa sözlə, həmin ölkənin nümayəndəsi artıq düşünmür ki, yüz illər əvvəl onları işğal edən Osmanlılarla eyni etnik kimliyi bölüşdüyünə görə azərbaycanlılar Qarabağ müharibəsində aqressiv tərəfdir. Beləliklə, Azərbaycana qarşı olan siyasi və sosial fikirlər etnik yanaşma kontekstini də tərk etmiş olur. Artıq hər hansı bir ölkə qarşılıqlı siyasi və ya iqtisadi əlaqəyə girməzdən öncə ölkənin etnik tərkibi ilə maraqlanmaq əvəzinə, necə bir tərəfdaş olması ilə maraqlanır. Bu isə nəqliyyat yollarının qovşağında yerləşən Azərbaycanın bir sıra ölkənin enerji tərəfdaşına çevrilməsinə icazə verir. Siyasi konteksti dərinləşdirsək, görə bilərik ki, bu ölkəyə strateji tərəfdaşlar qazanmağa əla imkanlar yaradır.
Məsələn, Serbiya ilə münasibətləri götürsək, görə bilərik ki, son dövrlər Vuçiç administrasiyası ilə iqtisadi əməkdaşlıq fonunda atılan addımlar müsbət yöndə nəticələr verməkdədir. İstisna deyil ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan-Yunanıstan və Azərbaycan-Bolqarıstan əlaqələrində də daha müsbət yönümlü inkişafa təkan verəcək.
Hər bir halda, dövlətlər özləri də milli mənafelərini (Raison d'État) ciddi şəkildə qoruyurlar və enerji təhlükəsizliyi zəmnində hər hansı bir problemlə üzləşmək, daxili narazılıqlara şahidlik etmək və ən əsası hər hansı bir iqtisadi tərəfdaşı itirmək istəməzlər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hal-hazırda Azərbaycanın həyata keçirdiyi enerji siyasəti daha dərin siyasi əsaslara söykənir və kollektiv yaddaş probleminin aradan qaldırılmasında vacib rol oynamaqdadır.
Beləliklə, təhlildən də görmək mümkündür ki, Azərbaycanın enerji strategiyası sırf iqtisadi gəlirlər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi konsepsiyasına xidmət etmir. Eyni zamanda apardığımız məntiqi əlaqələndirmə sonrası, doğurdan da, görə bilərik ki, neft-qaz (enerji) siyasəti daha “metafiziki” maraqlara xidmət edir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, yaxın gələcəkdə eyni siyasətin digər Avropa ölkələri ilə aparılması beynəlxalq nüfuzu bir qədər də artıracaq. Eyni zamanda nəzərə alsaq ki, son zamanlar Avropanın bəzi ərazilərində ultra-sağçı qüvvələrin təsiri altında formalaşmaqda olan islamafobiya və türkofobiya düşüncəsi daha da böyüyür, uğurla həyata keçiriləcəyi təqdirdə bu siyasət gələcəkdə bu düşüncə tərzinin də sıradan çıxmasına gətirib çıxara bilər. Nəhayət, tətbiq edilən enerji strategiyasından əldə olunan gəlirlər Azərbaycan üçün daha geniş imkanlar açır ki, bunun sayəsində həm daxili, həm də xarici inkişafa nail olmaq mümkündür.