Stem Analitik Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinin Beynəlxalq Qabaqcıl Tədqiqatlar İnstitutunun baş elmi işçisi Nargiza Umarovanın Özbəkistanın "Mərkəzi Asiyada yeni nəqliyyat-logistika reallığının formalaşmasında rolu" barədə onlayn seminarı keçirilib.

Seminar zamanı xanım Umarova Azərbaycan ekspertləri üçün Mərkəzi Asiya üçün tranzitin cənub istiqamətinin aktivləşdirilməsi çağırışları və imkanları barədə təqdimatla çıxış edib.

Belə ki, dünyadakı geosiyasi turbulentlik Mərkəzi Asiyada nəqliyyat axınlarının infrastrukturunu kökündən dəyişir.

Ekspert beynəlxalq təchizat zəncirinin əlaqələrindən biri olacaq və müxtəlif regionlar arasında, xüsusən də MA və Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrini gücləndirəcək Transəfqan dəmir yolunun inkişafından danışıb.

Həmçinin Mərkəzi Asiya regionunda yeni marşrut yollarının formalaşmasında Özbəkistanın rolunu və Daşkəndin təşəbbüsü ilə başlanan Çin - Qırğızıstan - Özbəkistan dəmir yolu xətti layihəsinin perspektivlərini səsləndirilib. Ekspert, həmçinin Özbəkistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsində iştirakının perspektivlərindən də danışıb.

Seminar zamanı Özbəkistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.