Qazaxıstanda prezident seçkiləri: Tokayev yeni siyasi mədəniyyətin əsasını qoydu


Qazaxıstanda növbədən kənar prezident seçkiləri keçirildi. Əksər ekspertlərin də proqnozlaşdırdığı kimi ölkənin hazırki lideri Qasım-Comərd Tokayev böyük fərqlə yenidən prezident seçildi. Ekzitpol nəticələrinə görə, Tokayev səslərin 82.45%-ni toplamağı bacarıb ki, 2019-cu ildə bu rəqəm 71%-ə bərabər idi. Seçkilərdə ən önəmli məqamlardan biri Tokayevlə digər namizədlər arasında olan uçurumdur. Daha öncə də əksər siyasi şərhçilər proqnozlaşdırırdılar ki, digər namizədlərin siyasi çəkisi olmadığından seçkilər demək olar ki, rəqabətsizlik şəraitində keçəcək. Məsələn, 2019-cu ildə baş tutmuş seçkilərə baxsaq, görə bilərik ki, Tokayevin əsas rəqibi sayılan Amirjan Qosanov seçicilərin 16%-nin etimadını qazanmağı bacarmışdı. Bu dəfə isə vəziyyət bir qədər fərqlidir. Ekzitpol nəticələrinə əsasən, Tokayevin ən yaxın izləyicisi Jiquli Dayrabayev səslərin yalnız 3.33%-ni toplamağı bacarıb.

Siyasi şərhçi Andrey Çebotaryov bu vəziyyəti onunla əsaslandırır ki, hazırki seçkilərdə namizədlərin əsas məqsədi daha çox seçilmək deyil, təmsil etdiyi siyasi partiyaların imicini qaldırmaqdır. Burada isə iki əsas faktor rol oynaya bilər. Şərhçilərin sözlərinə görə siyasi partiyalar bu cür seçki kampaniyalarından gələcək səsvermələr üçün reklam məqsədi ilə istifadə edə bilərlər. Buna görə də namizədlər öz siyasi karyeralarını daha çox ikinci plana atırlar.

İkinci məqam isə ondan ibarətdir ki, Qazaxıstan son referendumdan sonra Parlamentin siyasi çəkisini bir qədər artırmaq üçün addımlar atmışdı. Buna görə də referenduma daxil edilən maddələr arasında super-prezident sistemindən parlamentli prezident respublikasına keçid və prezidentin bəzi səlahiyyətlərinə yenidən baxılması kimi müddəalar da vardı.

Bəzi şərhçilər düşünür ki, həm də bu addımlar sırf keçmiş prezident Nursultan Nazarbayevin 2019-cu ildə istefa verdikdən sonra saxladığı səlahiyyətləri məhdudlaşdırmaq məqsədi daşıyırdı.

İstənilən halda əgər Qazaxıstan Parlament respublikası idarəetməsinə keçid etməyə səy göstərməyə çalışırsa, o zaman partiyalar üçün gələcəkdə ən önəmli məqam Parlamentdə səs çoxluğu qazanmaq olacaq ki, indiki halda da partiyalar özlərini bir növ bu cür hallara hazırlamağa səy göstərirlər. 

Namizədlər arasında bu cür uçurumun yaranmasında digər səbəblərdən biri Qazaxıstandakı seçki qanunlarıdır. Belə ki, prezidentliyə namizədlərə qoyulan tələblərdən biri onların dövlət qulluğu stajı və ya ən azı beş il seçkili dövlət vəzifələrində işləməsidir. Belə olan halda hər kəsin namizədliyi təsdiqlənmir ki, bu da bəzi namizədlərin yarışdan kənarda qalması ilə nəticələnir. Qazaxıstanlı ekspertlər eyni halın 2019-cu il seçkilərində də problemlər yaratdığını vurğulayırlar. Nəzərə almaq lazımdır ki, namizədlər arasında belə bir uçurum yaranmasında həm də Nazarbayevin də rolu var. Nazarbayevin özü 2019-cu ildə baş tutan seçkilər zamanı Tokayevi dəstəklədiyini ifadə etmişdi. Hal-hazırda siyasi idarəçilikdən bir qədər uzaq olsa da, Nazarbayevin post-Sovet Qazaxıstanında olduqca böyük siyasi imici var və onun dəstəklədiyi namizədlərin uğursuz olacağını gözləmək heç də inandırıcı deyil. Həmçinin Tokayevin özünün də dövlət idarəçiliyində daha əvvəllərə gedib çıxan təcrübəsi var. Daha öncə Tokayev Dövlət Katibi və Baş Nazir kimi məsul vəzifələri icra edib. 2019-cu ildən isə Qazaxıstanın Prezidenti kimi fəaliyyət göstərir.

Maraq üçün qeyd edək ki, ekzitpol nəticələrinə görə ikinci ən çox səs toplamış Jiquli Dayrabayev hal-hazırda Qazaxıstan Fermerlər İttifaqının sədridir. Həmçinin onun haqqında oktyabrda başqalarının etibar edilmiş əmlakını talamaq və dələduzluq etmək maddələrilə cinayət işi açılıb. Yəni, bu iki namizəd arasında ictimai nüfuz, siyasi idarəçilik qabiliyyətləri və ən əsası da liderlik təcrübəsi baxımından yerlə göy qədər fərq var. Bütün bunları nəzərə alsaq, indiki halda namizədlər arasında səs sayında bu qədər uçurumun yaranması normaldır.
Növbəti məqam Tokayevin Qazaxıstanda formalaşan nüfuzudur. Bir çox səs verənlər onun seçki platformasının daha ideal olduğunu düşünür.

Xüsusilə, yanvarda yaşananlardan sonra Tokayev daha çox islahatçı lider nüfuzu formalaşdırmağa başladı ki, bunun da ən bariz nümunəsi elə məhz referendumun keçirilməsi idi.

Məsələn, seçicilərdən biri qeyd edir ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən əsası qoyulmuş və hazırkı prezident Qasım-Comərt Tokayev tərəfindən davam etdirilən xarici siyasət gündəliyini dəstəkləyir. Buradan da görünür ki, məsələ təkcə Tokayevin şəxsi nüfuzundan getmir, keçmiş Prezident Nazarbayevin də təsiri hələ də qalmaqdadır. Digər bir seçici isə vurğulayır ki, yanvar hadisələrindən sonra atılan addımlar, xüsusilə milli konstitusiya referendumu və prezident seçkilərinin keçirilməsi dövlətin inkişafının yeni dövrüdür. Beləliklə, asanlıqla hiss etmək olur ki, xalq Tokayevin yeni siyasi islahatlarla Qazaxıstanı daha da güclü dövlətə çevirə biləcəyinə inanır. 

Eyni zamanda digər namizədlərin seçki fəaliyyətləri və nüfuzu da Tokayevlə müqayisədə xeyli aşağıdır. Məsələn, Tokayevin seçki kompaniyası üç əsas məsələyə fokuslanırdı ki, bunlara dayanıqlı iqtisadiyyatın formalaşdırılması, ədalətli cəmiyyətin yaradılması və korrupsiya ilə mübarizə daxil idi. Həmçinin hüquq sahəsindəki boşluqların aradan qaldırılması və daha əlverişli sosial infrastrukturun formalaşdırılması kimi məsələlər də bu kampaniyada əks olunmuşdu. Bütün bunlar da dövlətin inkişafı fonunda atıla biləcək ən önəmli məsələlərdən hesab oluna bilər. Tokayevlə müqayisədə açıq-aşkar görmək olar ki, digər namizədlərin seçki kampaniyası müasir tələblərlə heç də uzlaşmır.

Məsələn, namizədlərdən biri olan Karakat Abden vurğulayırdı ki, Qazaxıstan vətəndaşı olan qadın başqa millətdən olan biriylə evlənərsə, daha ağır vergilər ödəmək məcburiyyətində olacaq. Bu isə XXI əsr seçki platformasından çox hansısa orta əsr qanununu xatırladır. Yuxarıda da vurğulandığı kimi bəzi namizədlər haqqında dələduzluq iddiaları ortaya çıxmışdı ki, əlbəttə, bu da onların seçki kampaniyalarına zərbə vurmaya bilməzdi. Eyni zamanda Almata Universitetinin Professoru Nurseyit Niyazbekov əlavə edir ki, müxalifət dairələri çox qütbləşmiş və parçalanmış vəziyyətdədir və indiki halda onlar birləşərək Tokayevə qarşı mübarizə aparmaq iqtidarında deyillər. Həmçinin o, müxalifətin mediada necə təsvir olunduğunu da xatırlayır və bildirir ki, indiki rejim müxalifəti ölkədə sabitliyi pozmaqda maraqlı olan sistemdənkənar elementlər kimi təqdim edir ki, bu da müxalifətə olan dəstəyin azalmasına gətirib çıxarır. 

Bəzi təhlilçilər isə vaxt amilini xüsusi olaraq vurğulayırlar. Onların sözlərinə görə hal-hazırda Tokayev geniş auditoriya tərəfindən sevilir və dəstəklənir. Yəni bir neçə ildən sonra ölkənin siyasi həyatında nəyin baş verəcəyini təxmin etmək olmaz. Ona görə də hakimiyyətdə daha uzun müddət qala bilmək üçün Tokayev məhz elə bir vaxt seçməli idi ki, onun bu addıma qarşı çox da narazılıq olmasın. Eyni zamanda nəzərə almaq lazımdır ki, Tokayev özü üçün islahatçı imici də formalaşdırır və belə olan halda yanvarda yaşananlardan sonra bir daha geniş narazılıqların yaranacağını gözləmək inandırıcı deyildi.

Həmçinin 2019-cu il prezident seçkilərini daha çox Nazarbayevin himayəsi altında keçirildiyi üçün Tokayevin legitimliyi cəmiyyətdə birmənalı qarşılanmırdı. Tokayev bu seçkilər zamanı yenidən seçilməklə həmin o basqını da öz üzərindən götürdü.  

Yəni Tokayev göstərmək istəyir ki, məhz Nazarbayevin dəstəyinə görə yox, özünün şəxsi keyfiyyətlərinə görə xalq tərəfindən ona etimad göstərilib. Buna görə də elə bir vaxt seçilməliydi ki, doğurdan da həmin dəstəyi müşahidə etmək mümkün olsun və Tokayev administrasiyası da hadisələri düzgün qiymətləndirməyi bacardı. 

Son olaraq onu da vurğulamaq olar ki, siyasi şərhçilər Tokayevin qalxan nüfuzunu onun xarici siyasəti ilə də xeyli əlaqələndirirlər. Politoloq Temur Umarov qeyd edir ki, Ukraynadakı müharibə zamanı Tokayev Rusiyanın işğalını dəstəkləməkdən imtina etməsi ilə özünü həqiqətən müstəqil xarici siyasət yeridən biri kimi təqdim etməyi bacardı. Eyni zamanda onu da vurğulamaq olar ki, son referendumlarda qeyd olunan dəyişikliklər planı və bu dəyişikliklər vasitəsilə Nazarbayevin siyasi müdaxiləsini azaltmaq istəyi də onu Nazarbayev və Putinin siyasi təsirindən uzaqlaşmış və daha müstəqil addımlar atan siyasətçi kimi göstərir. Həmçinin yenidənqurma və islahatlar Tokayevin statusunu Qərbdə də xeyli qaldırmağa kömək edir. Təsadüfi deyil ki, son referendum zamanı ABŞ rəsmiləri Tokayevin siyasi modernləşdirilməsini və insan haqları islahatlarını dəstəkləyən bəyanatla çıxış etmişdilər. 

Həmçinin Tokayevin rəhbərlik etdiyi Qazaxıstan bu gün bir sıra önəmli nəqliyyat dəhlizləri üzərində yerləşir ki, bu da ölkə üçün əlavə imkanlar açır. Tokayevin rəhbərliyi ilə aparılacaq islahatların iqtisadiyyatı bir qədər də şaxələndirəcəyi gözlənilir. Həmçinin Tokayevin islahatları Qazaxıstanda ölüm hökmünü ləğv edir, prezidentin yaxın qohumlarının siyasətə girməsini, dövlət şirkətlərində və ya regional administrasiyalarda yüksək vəzifə tutmasını qadağan edir və Nazarbayev ailəsinə hüquqi toxunulmazlıq verən 2000-ci ildə qəbul edilmiş qanunu ləğv edir ki, bu da ekspertlərin fikrincə digər post-Sovet ölkələrində aparılan digər islahatlardan xeyli fərqlənir. Həmçinin son islahatlardan sonra Qazaxıstan prezidentləri yalnız bir dəfə yeddi illiyinə seçilə biləcəklər ki, bu da hakimiyyətin diktatorluğa çevrilməsinin qarşısını almaq üçün atılmış addım kimi qiymətləndirilir. Yəni, Tokayevin həm daxili, həm xarici siyasətdə Qazaxıstanı bir qədər də müasirləşdirəcəyi ehtimal edilir ki, bu da onun ictimai nüfuzunu bir qədər də qaldırmış olur.