Oktyabrın 11-12-də Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini edib. Qırğızıstan prezidenti Sadır Japarovun Bakıya səfərindən yarım ildən sonra gerçəkləşən bu səfərdən sonra iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi və konkret əməkdaşlıq sahələrinin inkişafı gözlənilir.
Bişkekdə Dövlətlərarası Şuranın ilk iclası keçirilib və iclasda Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq formatı təsdiqlənib.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi Azərbaycan və Qırğızıstan birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinib.
Səfər zamanı imzalanan doqquz adda rəsmi sənəd isə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi baza rolunu oynayacaqdır.
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin də dediyi kimi Prezident İlham Əliyev ilk dəfə heç bir siyasi hadisə ilə bağlı olmayaraq Qırğızıstana səfər etdi. Dünyada gedən siyasi proseslər, özəlliklə son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin bir qədər də genişləndiyi dövrdə baş tutması səfərə olan marağı bir qədər də artırmışdı. Maraqlı məqam bundan ibarətdir ki, artıq bu Prezidentin son dörd ayda Mərkəzi Asiya ölkələrinə dördüncü səfəri idi. Prezident daha öncə Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü çərçivəsində bir dəfə Türkmənistana, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü və rəsmi dövlət səfəri çərçivəsində iki dəfə Özbəkistana səfər etmişdi.
Bu səfərlərdən belə qənaətə gəlmək olur ki, Azərbaycan-Mərkəzi Asiya əlaqələri artıq yeni mərhələyə qədəm qoyur. Maraq üçün onu da qeyd etmək olar ki, Prezident bundan əvvəlki üç ildə yalnız bir dəfə 2019-cu ildə Türkmənistana səfər etmişdi. Bütün bunları nəzərə alaraq bu yazıda Prezidentin Qırğızıstan Respublikasına olan səfərini təhlil etməyə çalışacayıq.
İlk olaraq onu söyləmək olar ki, bu səfərlər hamısı Türk Dövlətləti Təşkilatının əməkdaşlıq konsepsiyası çərçivəsində xüsusi yer tutur. Əsas məqsəd Mərkəzi Asiya ölkələrinin Türkiyə və Azərbaycan ilə inteqrasiyasını daha da sürətləndirməkdir. Nəzərə almaq lazımdır ki, özəlliklə Türkiyənin və Azərbaycanın siyasi cəhətdən önəmli güc mərkəzlərinə çevrilməyə başlaması təşkilatın dünya arenasında çəkisini bir qədər də artırmış olur. Bu siyasi konsepsiya türk dünyası ölkələrinə vahid hədəflər uğrunda mübarizə aparmağa imkan yaradır ki, bu da yarana biləcək hər hansı beynəlxalq problemlər fonunda qarşılıqlı dəstək şanslarını artırır. Başqa sözlə, türk birliyi məhvumu formalaşır ki, bu da başqa ölkələrə yumşaq güc (soft power) formasında təsir göstərməyə yardım edə bilər.
"Yumşaq gücün" nə üçün əhəmiyyətli olduğunu Qırğızıstan kontekstindən izah eləmək üçün Qırğızıstan-Tacikistan sərhədində yaşananları xatırlamaq kifayətdir. Eynilə Qarabağ müharibəsində türk dünyasından Azərbaycana gələn dəstəklə müqayisə etsək, görərik ki, Prezidentin səfəri artan gərginliklər fonunda türk ölkələri birliyini nümayiş etdirmək üçün atılmış bir siyasi addım kimi də qiymətləndirilə bilər.
Bu kontekstdən yanaşsaq, diqqətə çatdırılmalı daha bir məqam bundan ibarətdir ki, regionun digər ölkələri ilə müqayisədə Qırğızıstan daha çox dislokasiya olunmuş vəziyyətdədir, başqa sözlə inteqrasiya baxımdan ən böyük diqqət Qırğızıstana ayrılmalıdır. Müqayisə üçün baxsaq görərik ki, Türkiyə ilə Azərbaycan digər ölkələr ilə müqayisədə Avropadan çox da uzaqda deyil. Həmçinin, bu iki ölkə geostrateji baxımdan Avropa ilə Asiya arasında qovşaq rolunu oynayırlar.
Türkiyənin dənizlərə, Azərbaycanın isə Xəzərə çıxışı olması nəqliyyat dəhlizləri baxımından bu ölkələrin işini daha da rahatlaşdırır. Qazaxıstan və Türkmənistan üçün də eynisini iddia etmək olar. Coğrafi baxımdan bu ölkələr Avropadan bir qədər uzaqda yerləşsələr də, strateji baxımdan Xəzərə çıxışları onların işini asanlaşdırır. Çıxarılan neft və qaz Xəzər vasitəsilə Azərbaycana, İrana, və ya Rusiyaya ötürülür ki, burdan da dünya bazarlarına çıxmaq imkanı qazanır. Düzdür, dənizə çıxışı olmasa da, Özbəkistan da geostrateji baxımdan çox önəmli mövqedə qərarlaşıb. Mərkəzi Asiyanın düz mərkəzində yerləşməsi və ərazisinin əsasən düzənliklərdən ibarət olması nəqliyyat dəhlizlərinin və mühüm qovşaqların ərazisindən keçməsinə imkan yaradır. Təəssüf ki, Qırğızıstan haqqında eyni sözləri demək mümkün deyil.
İlk növbədə Qırğızıstanın da heç bir su hövzəsinə çıxışı yoxdur. İkinci problem bundan ibarətdir ki, Özbəkistandan fərqli olaraq ölkə ərazisinin əksər hissəsi dağlardan təşkil olunub. Bu da mühüm yolların həmin ərazilərdən keçməsində çətinliklər törədir. Üçüncü məsələ isə budur ki, Qırğızıstan ərazisi kiçik olduğundan qonşuluğundakı iri dövlətlər olan Qazaxıstan və Çin tərəfindən, sanki məngənəyə salınmış vəziyyətdədir.
Bu üç coğrafi xarakteristikanı və Tacikistanla son baş verənləri nəzərə alsaq, görə bilərik ki, doğurdan da Türk Dövlətləri Əməkdaşlığı çərçivəsində əsas diqqət ayrılmalı ölkə məhz Qırğızıstandır. Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Qismət Gözəlov də vurğulayır ki, inteqrasiya prosesində əsas öhdəliklərdən biri də Azərbaycanın üzərinə düşür. Onun sözlərinə görə, bu gün
tətbiq etdiyi xarici siyasətin nəticəsi olaraq Azərbaycan türk dünyasında son dərəcə strateji birləşdirici rol oynayır. Eyni zamanda o əlavə edir ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri də bu müstəvidə xüsusi önəm daşıyır və bu kimi səfərlər istər ikitərəfli, istərsə də çoxtərəfli mexanizmlərin yaranmasına təkan verib.
Coğrafi problemlər fonunda əsası qoyulan Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi tranzit yolu Prezidentin də dediyi kimi artıq Qırğızıstan üçün yeni strateji imkanlar yaratmağa başlayacaq.
Bugünkü səfərdə də əsas məqsəd məhz bu cür layihələrin təməlini qoyaraq Qırğızıstanı Qafqaz və Cənub-Qərbi Asiyaya bir qədər də inteqrasiya etmək idi. Prezident özü də vurğulayır ki, bu gələcək illərdəki əməkdaşlığın başlanğıcıdır və bu gün Azərbaycanla Qırğızıstan yeni bir strateji mərhələyə addımlayırlar. Buna görə də bu səfərə sırf iqtisadi və mədəni əlaqələri gücləndirmək üçün baş tutmuş bir görüş kimi baxmaq düzgün deyil. Düzdür, iqtisadi və mədəni sahədə də əməkdaşlıq üçün xeyli addımlar atılıb, amma yenə də əsas məsələ türk dünyasının siyasi gücünü bir daha dünyaya tanıtmaqdır.
Məsələnin digər tərəfi hal-hazırda davam edən Qırğızıstan-Tacikistan arasındakı münaqişəli sərhəd məsələləridir. Nəzərə alsaq ki, hal-hazırda Azərbaycan bir növ sərhəd delimitasiya və demarkasiya ilə bağlı problemlər ilə üzləşir, bu baxımdan bu iki ölkənin siyasi cəhətdən yaxınlaşmasını da başa düşmək olar. Türk Dövlətləri Təşkilatının üzvləri olan hər iki dövlət problemin həllində bir-birinə siyasi dəstək nümayiş etdirə bilər. Bu isə çoxqütblü dünyada türk xalqlarının və türk siyasi birliyinin necə bir siyasi mərkəzə çevrildiyini sübut etməyə kömək edə bilər.
Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Qırğızıstan siyasi cəhətdən heç də sabit ölkə deyil. Elə iki il əvvəl 2020-ci ilin oktyabrında Qırğızıstanda keçirilən parlament seçkilərində iddia edilən seçki saxtakarlığı ilə əlaqədar ölkədə siyasi çevriliş baş vermişdi. 2010-cu ildə isə ölkədə Aprel İnqilabı baş vermişdi. İnqilab nəticəsində ölkənin siyasi sistemində bir sıra dəyişikliklər edilmiş, hökumət istefa vermiş və parlamentar respublika formalaşdırılmışdı. Daha əvvəl isə ölkədə 2005-ci ildə baş vermiş Zanbaq İnqilabı sonrası hakimiyyət dəyişikliyi baş vermişdi. Göründüyü kimi Qırğızıstanda siyasi cəhətdən problemlər uzun illərdir hökm sürməkdədir.
Həmçinin, onu da vurğulamaq lazımdır ki, Qırğızıstan Mərkəzi Asiya türk dövlətləri arasında orta həyat səviyyəsinə görə ən aşağı yerdədir. Təkcə onu söyləmək kifayətdir ki, 2020-ci ildə əhalinin dörddə birindən çoxu və ya 1,68 milyon insan milli yoxsulluq həddində yaşayırdı.
Bütün bunlar fonunda Azərbaycanın Qırğızıstana investisiya etməsi türk birliyi siyasi konsepsiyası çərçivəsində Qırğızıstan iqtisadiyyatını canlandırmaq məqsədi daşıya bilər. Nəzərə alsaq ki, təşkilatın ən önəmli hədəflərindən biri qarşılıqlı əməkdaşlıq çərçivəsində iqtisadi, mədəni və siyasi inkişafı təmin etməkdir bu, başa düşüləndir. Məsələn, onu söyləyə bilərik ki, Qırğızıstanın çox yaxşı turizm potensialı var. Xüsusilə, dağlıq ərazilərin çox olması dağ turizmini inkişaf etdirmək üçün yaxşı imkanlar yaradır. Bu yöndə yeni yaradılmış Qırğız-Azərbaycan İnkişaf Fondu xeyli yatırımlar edə bilər. Həmçinin, Biznesin İnkişafı Fondu ilə də biznesin inkişafı yönündə birgə əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması da böyük iqtisadi əhəmiyyət daşıyır. Beləliklə, geniş müstəvidən yanaşsaq, bugünki görüş istər Azərbaycan, istər Qırğızıstan, istərsə də bütün türk dünyası üçün böyük siyasi əhəmiyyət daşıyırdı. Qırğızıstanın və digər Mərkəzi Asiya ölkələrinin Türkiyə və Azərbaycanın liderliyi ilə böyük bir siyasi gündəliyə cəlb edilməsi bu ölkələrin gələcəkdə güc nisbətini bir qədər də öz xeyrinə dəyişməsinə böyük təkan verir və strateji tərəfdaşların sayını artırmaqla beynəlxalq arenadakı nüfuzunu bir qədər də yüksəltmiş olur.