Avqustun 8-də STEM Analitik Mərkəzində beynəlxalq münasibətlər, diplomatiya, politologiya, regionşünaslıq, tarix, etnoqrafiya və beynəlxalq jurnalistika və digər sahələr üzrə ixtisaslaşan gənc tədqiqatçılar üçün “Dəyişən dünyada Cənubi Qafqazın geosiyasəti” mövzusunda növbəti seminar məşğələsi keçirildi.

Seminarda nəqliyyat kommunikasiyaları üzrə mütəxəssis Rauf Ağamirzəyev çıxış etdi. Avrasiya regionunda və məkanında nəqliyyat marşrutları ilə bağlı məsələlərə toxunuldu. Xüsusilə Rusiya, İran və Hindistan arasında “Şimal–Cənub” dəmir yolu nəqliyyat dəhlizinin yaradılması, eləcə də bu marşrutda Azərbaycanın tranzit və qovşaq mərkəzi kimi əhəmiyyəti diqqətə çatdırıldı. R.Ağamirzəyev vurğuladı ki, şərqdən qərbə gedən nəqliyyat kommunikasiyalarına diqqət yetirsək, Azərbaycan həm də quru logistikası üçün ən uyğun ərazidir. Bu gün malların çatdırılmasının yeganə ucuz yolu dəniz yoludur ki, bu da böyük həcmdə tonajlı yüklərin çatdırılmasına imkan verir. Lakin su nəqliyyatı ilə çatdırılma daha uzun çəkir. Buna görə də, ekspertin dediklərindən göründüyü kimi, dəmir yolu əlaqələri, xüsusən də Orta Asiya ilə Avropa arasında Orta Dəhliz ən optimal ola bilər.

Seminarlar STEM analitik mərkəzinin direktoru Orxan Yolçuyevin təşəbbüsü ilə təşkil olunub.

Ölkənin aparıcı universitetlərindən olan gənc mütəxəssislərə, eləcə də təcürbəçi politoloqlara hazırkı geosiyasi reallıqda Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi, Cənubi Qafqazın yeni geosiyasi mənzərəsi fonunda regionun böyük dövlətlərinin maraqları, logistika layihələri, enerji təhlükəsizliyi, regionda etnomədəni və dinlərarası dialoq barədə məlumat verilib.

Seminarlar ay ərzində, çərşənbə axşamı və cümə axşamı günləri, 8 sentyabr tarixinə qədər saat 11:00-dan 14:00-dək davam edəcək.

Maraqlanan iştirakçılar seminarlara qoşula bilərlər və bütün kurs iştirakçıları seminarları bitirdikdən sonra sertifikatlar alacaqlar.