STEM Mərkəzində Gürcüstanın Geocase Analitik Mərkəzinin sədri, beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Viktor Kipiani ilə görüş keçirilib. Söhbət zamanı Cənubi Qafqaz regionunda baş verən aktual çağırışlar və transformasiyalar, habelə dəyişən dünya gündəmi şəraitində Gürcüstanın xarici siyasət istiqamətləri müzakirə olunub.
Əsas diqqət Cənubi Qafqazın geosiyasi dinamikasına yönəldilib. Viktor Kipianinin sözlərinə görə, region daimi dəyişiklik vəziyyətindədir: "Cənubi Qafqaz daimi dinamikadadır. Gürcüstan üçün də Azərbaycan strateji tərəfdaşdır və belə qalacaq".
Müzakirə zamanı böyük dövlətlərin, xüsusən Rusiya, Çin və ABŞ-ın Cənubi Qafqaza təsiri məsələlərinə toxunulub.
Beynəlxalq təhlükəsizlik kontekstində Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın mümkün gücləndirilməsi məsələsinə toxunulub.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin mövzusu da diqqətdən kənarda qalmayıb.
Cənab Kipiani vurğulayıb ki, Gürcüstan münaqişənin həllini dəstəkləyir və sülh sazişinin imzalanmasında həm region, həm də hər bir ölkənin öz milli maraqları üçün müstəsna üstünlüklər görür.
Ekspert Gürcüstanın xarici siyasət kursu mövzusuna da toxunub. Onun sözlərinə görə, bu gün Gürcüstan beynəlxalq arenadakı bütün dəyişiklikləri nəzərə alaraq daha balanslı xarici siyasətə can atır. Görüş isti, qeyri-rəsmi söhbət və ənənəvi qrup fotoşəkilləri ilə başa çatdı.