Səkkiz ay əvvəl rus qoşunları Ukraynanın cənub -şərqində yerləşən Xerson şəhərini işğal etmişdilər. Bu, Rusiya ordusunun nəzarəti altında olan yeganə regional mərkəz idi. Ancaq noyabrın 10-da rus qoşunları geri çəkilməli və şəhəri tərk etməli oldular. Qoşunların çıxarılması Dnepr çayı üzərindən həyata keçirilirdi. Ukrayna qoşunları Xersona döyüşsüz daxil oldular.
Bu ilin fevral ayından bəri döyüşlərin getməsinə baxmayraq Rusiya Silahlı Qüvvələri demək olar ki, başladıqları bu müharibədə heç bir uğur əldə edə bilmədilər. Ruslar bir neçə aydır davam edən Ukraynanın əks-hücumlarına qarşı da demək olar ki, heç bir müqavimət göstərməyi bacarmadılar. Bu yazıda Rusiya-Ukrayna müharibəsinin gedişatını və son yaşananları nəzərə alaraq Rusiyanın hərbi uğursuzluqları barədə bəzi analitik dəyərləndirmələr aparmağa çalışacağıq.
Yanlış tarixi analogiyalar
Birinci məsələ ondan ibarətdir ki, Sovet İttifaqının dağılmasından sonra Kremlin ideoloqları tərəfindən məğlubedilməz Rusiya ordusu mifi formalaşmışdı. Yəni, post-Sovet ölkələrinin siyasi elitaları düşünürdülər ki, Rusiyanın təsir dairəsindən kənara çıxmaq böyük fəlakətlər gətirə bilər, çünki bu ölkələrin Rusiya ilə hərbi mübarizə aparmaq üçün o qədər də potensialları yoxdur. Bu fikirlər, böyük ehtimalla, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsi ilə bir qədər güclənmişdi. Buna baxmayaraq bu gün Ukraynada olanlar göstərir ki, Rusiya ordusu, həqiqətən də, səsləndiyi kimi qorxulu deyilmiş. Eyni zamanda, rusların özləri də bir növ daxildə eyforiyaya qapanmış vəziyyətdə idilər. Onlar düşünürdülər ki, istənilən vaxt güc yolu ilə post-sovet məkanında vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. Moskvada anladılar ki, Moldova, Gürcüstan və Ukrayna kimi ərazilərdə müharibə apasalar da, xarici təzyiqlər o qədər də çox olmur. Buna görə də post-Sovet məkanındakı təsiri qorumaq üçün hər dəfə müharibə variantı işə düşəndə onu çəkinmədən icra edirdilər.
Rusiya ordusunun gücü və məğlubedilməzliyi ilə bağlı formalaşan özgüvən həm də keçmişdə baş tutmuş döyüşlərdən irəli gəlirdi. Bunun da əsas səbəbi Rusiyanın əsrlər öncə bir növ həm Napaleonun, həm də Hitlerin işğallarının qarşısında "divar" rolunu oynaması idi. Hər ikisi Rusiyada məğlubiyyətə düçar olmuşdu ki, bu da onların yaratmağa çalışdığı imperiyaların sıradan çıxması ilə nəticələnmişdi. Lakin burada da bir sıra önəmli məqamlar var ki, onları vurğulamaq mütləqdir. İlk olaraq onu nəzərə almaq lazımdır ki, istər Rusiya İmperiyası, istərsə də Sovet İttifaqı dövründə Rusiya ordusuna imperiya nəzarəti altında olan digər ərazilərdən də hərbi qüvvə və yardımlar göndərilirdi. Məsələn, İkinci Dünya Müharibəsi illərində Bakı nefti Sovet Ordusunun təchizatında önəmli rol oynamışdı.
İndi isə vəziyyət tamamilə fərqlidir. Rusiya özü təkbaşına vuruşur və demək olar ki, o vaxt SSRİ tərkibində olan ölkələrin əksəriyyəti indi ya Ukraynanı dəstəkləyir, ya da neytral mövqe nümayiş etdirirlər.
İkinci məsələ ondan ibarətdir ki, o vaxt baş verən hadisələrdə Rusiya işğalçı yox, məhz işğal edilən idi. Bu zaman da müxtəlif faktorlar Rusiyanın köməyinə gəlirdi. İlk növbədə Rusiya ərazisi çox geniş olduğundan onu tamamilə fəth etmək xeyli mümkünsüz idi. Həmçinin iqlim şəraiti də buna heç cür imkan yaratmırdı. Bu Napaleonun uğursuzluğunun əsas səbəblərindən biri idi. Eyni zamanda aqressiyaya məruz qalması və ortaq düşmənə qarşı mübarizə digər ölkələrin də Rusiyaya dəstək göstərməsinə gətirib çıxarırdı. Məsələn, İkinci Dünya Müharibəsi illərində ortaq düşmənə, yəni faşizmə qarşı mübarizə, ABŞ, Böyük Britaniya və Fransa kimi liberal demokratiyaların da Rusiya ilə eyni cəbhədə mübarizə aparmasına gətirib çıxarmışdı. İndi isə vəziyyət tamamilə əksinədir. Düzdür, Rusiya keçmişə istinad edərək bu müharibəni neo-faşismə qarşı mübarizə adlandırır, lakin bu da Rusiyanın işğalçı imicini dəyişməyə kifayət etmir. Nəhayət, onu da vurğulamaq lazımdır ki, o dövrün müharibə standartları ilə hazırkı vəziyyət olduqca fərqlidir. İndi texnoloji vaxımıdan hərbi müasir texnikalardan istifadə olunur ki, burada da Rusiya Qərbdən olduqca geri qalır. Bunun bariz nümunəsini 2020-ci ildə Qarabağ döyüşlərində müşahidə etmək mümkün idi. Orada da Ermənistan qoşunlarının istifadə etdiyi və Rusiya istehsalı olan hərbi texnikalar Azərbaycanın daha müasir texnika və dronları ilə mübarizə aparmaq iqtidarında deyildi. Bundan daha əvvəll isə Suriya və ya Liviyada da müharibə və iğtişaşlar göstərdi ki, Rusiya texnikaları NATO istehsalı olan daha müasir hərbi texnikaya qarşı elə də ciddi təhdid törədə bilmir. Bütün bunları ümumiləşdirsək, görə bilərik ki, yanlış tarixi analogiyalar etmək Rusiya ordusunun uğursuzluqlarının önəmli səbəblərindən biridir.
Ordu quruculuğunda problemlər
İkinci məqam ondan ibarətdir ki, ekspertlərin müşahidələrinə görə Rusiya ordusunda müəyyən bir xaotiklik var. Məsələn, Ukrayna ordusu ilə müqayisədə Rusiya Ordusunda döyüşənlərin xarakterləri o qədər də güclü deyil. Ukrayna döyüşçüsü bilir ki, öz torpaqlarını qoruyur və buna görə canından keçməyə hazırdır. Yəni, ukraynalılar birlik cəhətdən daha güclüdür, çünki müharibənin başlanması ilə yaranan milli kimliyin müdafiəsi hissi onları qeyri-ixtiyari də olsa, bir araya gətirir. Bu təkcə döyüşçülərə aid deyil, eyni zamanda hər bir sıravi Ukrayna vətəndaşı da milli kimlik hissinin gətirdiyi enerji ilə Rusiya ordusuna qarşı döyüşür. Bundan əlavə Rusiya hərbçilərinin bir çoxu Wagner muzdlu dəstəsinin tərkibində döyüşür ki, bu insanların da hərbi yanaşması və döyüş taktikaları tam fərqlidir. Eyni zamanda bu cür muzdlu döyüşçülərin daha çox pul üçün döyüşəcəyi də aydındır.
Döyüşçülərin bəziləri Milli Qvardiyaya mənsubdur ki, onlar da daha çox təhlükəsizliklə əlaqəli işlər üçün təlimlər keçiblər. Yəni, bu qoşun növünün uzunmüddətli müharibədə uğur qazanacağı heç də inandırıcı səslənmir. Nəhayət, burada qondarma Donestk Milli Respublikasının və Luqanks Milli Respublikasının əsgərləri də döyüşürlər. Maraqlı məqam odur ki, bu əsgərlər ümumi Rusiya ordusunun tərkib hissəsi deyillər, yəni onların döyüş hazırlığı Rusiya ordusu ilə fərqlidir. Eyni zamanda onlar da peşəkar əsgərlər hesab oluna bilməzlər, çünki mahiyyətçə separatçıdırlar.
İkinci Qarabağ müharibəsinin timsalında da bir daha müşahidə olundu ki, bu tip əsgərlərlə uğur qazanmaq heç də inandırıcı deyil. Yuxarıda sadaladığımız bütün faktlar bizə Nikolo Makiavellinin bəzi fikirlərini xatırladır. Makiavelli özünün məşhur ‘Şahzadə’ (The Prince) əsərində iddia edirdi ki, bir ölkə uğur qazanmaq istəyirsə, onun özünün öz vətəndaşlarından təşkil olunmuş ordusu olmalıdır. Onun fikrinə görə xaricilərdən və muzdlulardan təşkil olunmuş ordu ilə heç də uğur qazanılacağına inanmaq olmaz. O düşünürdü ki, muzdlular intizamsızdır və əgər istədiklərini almaslar, döyüşməkdən imtina edib hökmdara qarşı çıxa bilərlər. O həmçinin vurğulayırdı ki, onların tək motivasiyası pul olduğu üçün, ümumiyyətlə, döyüşdə təsirli olmurlar və mənəviyyatları aşağıdır. Həmçinin o, hərbi intizamın tərəfdarı idi və inanırdı ki, döyüşlərdə uğur qazanmağın ən önəmli yollarından biri ordu daxilində hərbi intizamın olmasıdır. Lakin reallığa nəzər salsaq görərik ki, Rusiya ordusunda bu gün bunların heç biri mövcud deyil. Döyüşənlərin əksəriyyəti öz mənafelərini güdürlər və buna görə də ordu daxilində birlik və intizam sıfıra bərabərdir. Eyni zamanda Ukraynada döyüşənlərin əksəriyyəti demək olar ki, heç zaman birlikdə hansısa əməliyyatda iştirak etməyiblər. Başqa sözlə Rusiyanın hazırki strategiyası yamağa bənzəyir, yəni boşluqları ört-basdır etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bunu isə uğursuz olacağına son baş verənlərinin fonunda bir daha əmin olmaq olar.
Qərbin güclü müqaviməti
Yuxarıda sadalananlarla yanaşı 2014-cü ildən fərqli olaraq Rusiya bu dəfə Qərbin daha da inadlı müqaviməti ilə qarşılaşdı. İstər hərbi, istər iqtisadi, istərsə də maliyyə cəhətdən Qərb ölkələri Ukraynanı dəstəkləməyi bacardılar. Xüsusilə Amerika Birləşmiş Ştatlarının qəti addımlar atması Rusiyanın planlarını bir qədər də pozdu. Rusiya, bəlkə də, 2014-cü ildəki kimi daha yumşaq sanksiyalar və təzyiqlərlə problemdən yaxa qurtaracağını düşünürdü, lakin reallıq budur ki, Rusiya demək olar ki, hər bir cəbhədə sıxışdırıldı. Nəzərə alsaq ki, Ukraynaya göndərilən silahların əksəriyyəti NATO standartlarına uyğun silahlardır, Ukraynanın son aylarda hadisələri necə öz xeyrinə çevirə bildiyini anlamaq olar. ABŞ təkcə bu ilin oktyabrında daha bir 725 milyon dollarlıq hərbi yardım paketini Ukraynaya yollayacağını bəyan etmişdi. Ümumillikdə, fevral ayından başlayaraq ABŞ-ın Ukraynaya 27 milyard dollara yaxın hərbi yardım etdiyi hesab edilir.
Araşdırmalara görə oktyabr ayına kimi dünyanın 41 fərqli ölkəsindən Ukraynaya 93 milyard avrodan çox maliyyə yardımı edilib.
Maraq üçün qeyd etmək olar ki, bu rəqəm ötən ilki Ukrayna iqtisadiyyatındakı ümumdaxili məhsulun 50%-nə bərabərdir. Bu yardımın təkcə 52 milyardı (56%) isə ABŞ-ın payına düşür. Müqayisə üçün demək olar ki, ABŞ 2014-cü ildə sadəcə 1 milyard dollarlıq ‘Ukraynaya dəstək aktı vasitəsilə həmrəylik ifadə etmişdi. Avropa İttifaqı isə bu dövr ərzində Ukraynaya 29 milyard avroya yaxın dəstək paketi ilə çıxış edib. Yardım paketləri ilə yanaşı digər önəmli məqam bundan ibarətdir ki, Baltikyanı dövlətlərdən sonra ilk dəfə bir post-Sovet ölkəsinin NATO-ya üzvlüyü məsələsi yenidən gündəmə gəldi. Eyni zamanda Ukraynanın Avropa İttifaqına qoşula biləcəyi ilə bağlı ehtimallar da mövcuddur. Bütün bunlar bu dəstəyin təkcə maddi formada deyil, eyni zamanda siyasi formada da edildiyinin aşkar bir təzahürüdür. Düzdür, müharibənin başlanğıcında Qərb dövlətləri, xüsusilə də ABŞ, Rusiyanın hərbi müdaxiləsi fonunda Ukraynanı qorumaq üçün birbaşa ordu yollamadığı üçün xeyli tənqid olunurdular. Lakin bütün olanlar göstərdi ki, birbaşa hərbi əməliyyatlarda iştirak etməsə də, Ukrayna Qərb üçün olduqca strateji əhəmiyyət daşıyır və buna görə də Şərqi Avropanı ruslardan qorumaq üçün qətiyyətlə müqavimət göstərəcəklər. Belə olan halda Rusiyanın bir neçə dövlətə qarşı tək mübarizə aparması güclərin tükənməsinə səbəb olur ki, bu da Rusiyanın hərbi əməliyyatlarının uğurlu olması ehtimalını xeyli azaltmış olur. Belə olan halda ortaya bir sual çıxır. Görəsən, Ukrayna Rusiya üçün ikinci Əfqanıstan ola bilərmi?
Rusiya üçün gələcək risklər
Bəzi siyasi təhlilçilər Rusiyanın Ukraynada yaşadığı uğursuz ssenarinin ardınca bu müharibənin Putin üçün Əfqanıstan effekti yaradacağını iddia etməyə başladılar. Qısaca olaraq, Sovet İttifaqı 1979-cu ildə Əfqanıstanı işğal etsə də, yerli qüvvələrlə mübarizədə məğlub olaraq 10 ildən sonra oranı tərk etməyə məcbur olmuşdu. Bəzi təhlilçilər düşünür ki, müharibə ordunun yenilməz imicini və ölkənin legitimliyini sarsıdaraq Sovet İttifaqının süqutuna gətirib çıxarmışdı. İndiki halda da müharibənin bu qədər uzun davam etməsi Rusiya iqtisadiyyatına bir qədər də zərbə vura bilər. Eyni zamanda Rusiya siyasi cəhətdən dünyadan təcrid olunmuş vəziyyətdədir və əgər bu tendensiya davam edərsə, bir az da daxildə fikir ayrılıqları baş qaldıra bilər. Düzdür, Putinin ictimai nüfuzu və müharibəyə dəstək hal-hazırda olduqca yuxarı səviyyədədir, amma nəzərə almaq lazımdır ki, müharibənin ilk ayları ilə müqayisədə rəqəmlər azalmağa doğru gedir. Rusiyanın siyasi və iqtisadi nüfuzuna da ciddi zərbə dəyib və dəyən bu zərəri bərpa etmək xeyli vaxt alacaq.