Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bir çox ölkələri Rusiyanın neft və qaz idxalından asılılığı azaltmaq üçün addımlar atmağa vadar edib. ABŞ prezidenti Co Bayden Rusiyadan neft və qaz idxalına dərhal qadağa qoydu. Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft idxalını dayandırmaq niyyətindədir.  Aİ ilin sonuna qədər Rusiyadan qaz asılılığının üçdə birini azaltmaq niyyətində olduğunu, 2030-cu ilə qədər isə neft və qaz idxalını tamamilə dayandırmağı planlaşdırır.  2021-ci ildə ABŞ hər gün Rusiyadan 700 min barel neft alırdı və bu göstərici ilə  ABŞ Rusiyadan neft alan ölkələrin arasında 4-cü idi. Bu, Amerikanın gündəlik istehlak etdiyi neftin 8%-ni təşkil edir. Birinci yerdə isə Avropa Birliyi gəlir. AB gündəlik istehlak etdiyi neftin 27%-ni Rusiyadan alır. Qərb dövlətləri ilkin mərhələdə Rusiyadan asılılığı mənbələrin diversifikasiyası hesabına aradan qaldırmağa çalışırlar. Əsas alternativ mənbələr kimi isə Qətər, Azərbaycan, Əlcəzair, Misir göstərilir. Mövcud şərait enerji resurslarına yüksək qiymətlərlə müşahidə olunur və heç şübhəsiz, Avropanı tarixində ən böyük enerji böhranına gətirib çıxara bilər.  Bəs Avropa Birliyi ölkələrinin  Rusiya enerji resusrlarından tamamilə imtina etməsi mümkündürmü və yeni reallıqlar özünü dünyaya etibarlı tərəfdaş kimi göstərmiş Azərbaycan üçün nə kimi imkanlar açır?  Bu barədə STEM  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin fikirlərini öyrəndi.  

Rusiya ilə Avropa arasında yaranan böhranın qaz bazarına təsirləri necə olacaq? Avropanın bir sıra ölkələrinin bəyan etdiyi kimi Rusiya qazından imtina edə biləcəklərmi?
Rusiya ilə Avropa Birliyi arasında münasibətlər bir birindən qarşılıqlı asılılıq formasında qurulmuşdur və bu sahədə əməkdaşlıqda hər iki tərəfin marağı var. AB Rusiya enerjisindən asılıdır və əksinə, Rusiya enerjinin satışından əldə etdiyi gəlirlərin böyük hissəsi Avropanın payına düşür.  
Gördüyünüz kimi, müharibə artıq bir aydan çoxdur ki, davam edir, amma enerji məsələlərində həm Avropa, həm də Rusiya bir-birilərinə əks getmirlər, enerji sahəsində əməkdaşlığı davam etdirilər.  3 mart tarixindən Avropaya Ukrayna üzərinən gündəlik 109 milyon kub metr Rusiya qazı nəql olunub. Yəni, Rusiya  qaz ixracını Ukrayna üzərindən azaltsa da, bu böyük göstəricidir. Qısa müdəttdə nə Rusiya, nə Avropa bu istiqamətdə sərt addımlar ata bilməzlər. Almaniya və  Böyük Britaniya hökumətləri Rusiyadan qaz asılılığını tam dayandırmaq ilə bağlı niyyətlərini bildirsələr də, amma görünən odur ki,  xususilə Almaniya hökuməti buna gedə bilməyəcək.
Almaniya “Şimal axını -2” qaz layihəsini hələlik dayandırıb, bu Rusiya üçün  böyük zərbə oldu. Ama qaz idxalı hələ ki davam etdirilir. Neft sahəsinə gəldikdə isə Britaniya hökuməti Rusiyaya qarşı sanksiya tətbiq edib.  Amma nəzərə almaq lazımır ki, Britaniyada Rusiya neftinin payı elə də  böyük deyil və ölkənin bütün neft istehlakının cəmi 8 faizini təşkil edirdi.  Ümumilikdə isə bu addımlar enerji bazarına spekulyasiv təsir edibdir və qiymət artımına gətirib çıxardıbdır. Bütün enerji alıcıları başa düşür ki, hər hansı bir sərt qərarların tətbiq olunacağı təqdirdə bu onların büdcəsinə təsir edəcəkdir.

 Avropa Birliyinin Rusiya qazını ABŞ və Qətərdən alınan LNG ilə əvəz etməsi nə dərəcədə mümkündür? Bu barədə son dövrlər çox müzakirələr aparılır.

Avropa Birliyinin rəsmiləri son toplantılarının birində qeyd ediblər ki, bütün tərəfdaşlarla əlaqə saxlanılıb və onlara Rusiya tərəfindən qaz kəsintisi olarsa, mavi yanacağın nəqlini artırmağı tapşırıblar.  Burda həm Azərbaycan, həm Qətər, Afrika qitəsi ölkərindən və ABŞ-dan zəmanət alındı. Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edibdir. Cənub Qaz dəhlizinini reallaşdırıbdır və eytiyac olduğu təqdirdə Avropaya qaz nəqlini artıra bilər. Digər enerji oyunçuları Avropa bazarında ABŞ və Qətərdir. ABŞ LNG ixracını Avropa istiqamətində artırıbdır və həcmləri daha da artıra bilər. 2021-ci ildə ABŞ-ın Avropaya nəql etdiyi LNG qazı 26 faiz təşkil edibdir.  2022-ci ilin  yanvar ayından isə bütün Avropanın LNG ilə təhcizatı ABŞ-ın payına düşür.  Qətərə gəldikdə isə o ən boyük LNG istehsalçılarından biridir. ABŞ-ın vasitəçiliyi ilə Avropa Birliyi və Qətər arasında keçirilmiş danışıqlarda belə bir nəticəyə gəlindi ki, Avropa Qətər maye qazını almaq niyyətindədir. Bunun nəticəsi olaraq Qətərin şeyxi ABŞ-a yanvar ayında səfər etdi və bu məsələ orada müzakirə olundu. Amma qısa müddətdə Avropada Rusiya qazını bu həcmlərlə əvəz etmək mümkünsüzdür. Yanvar ayında Avropanın Qətərdən aldığı maye qazın həcmi artaraq  65 faiz təşkil edibdir. Qısa müdətdə Rusiyadan qazın alışı dayandırılarsa, yalnız Qətər LNG-si ilə bunu sığortalamaq mümkün deyildir, bunu həm ABŞ, həm də Avropada anlayırlar.   

Avropa Komissiyası hesab edir ki,  Rusiyadan qazın idxalının yaxın perspektivdə üçdəbirini dayandıra biləcək,  2030-cu ilə qədər isə Rusiya mavi yanacağından tam imtina mümkün olacaq. Sizcə bu realdırmı, yoxsa populizmdən başqa bir şey deyil?  

Burda qeyd etmək lazımdır ki, Avropa ölkələrinin Rusiya qazından asılılığı eyni dərəcədə deyil. Bəzi ölkələr tam asılıdır. Bəziləri 30% asılıdır və bu ölkələrin inkişafı da eyni səviyyəfə deyil, istər alternativ  enerji mənbələrindən istifadənin həcmi olsun, istərsə də LNG və ya digər enerji mənbələrinin mövcudluğu AB ölkələri arasında eyni səviyyədə deyil. LNG mənbələrinin alışı asan proses deyil, çünki onun saxlanılması üçün terminallar tikilməlidir, bu terminalların tikilməsi üçün vəsait və vaxt lazımdır. Bu populist fikrə oxşayır, lakin 2050-ci ilə qədər AB-nin fikri var ki, üzv ölkələrdə iqtisadiyyatı dekarbonlaşdırsın və  təmiz enerji mənbələrindən istifadə etsin.     

Yeni reallıqlar fonunda Avropada mümkün ola biləcək neft və qaz böhranı enerji resursları ilə zəngin olan Azərbaycan üçün nə kimi imkanlar açır?

Azərbaycan Avropanın bir sıra ölkələri ilə uzunmüddətli enerji əməkdaşlığı aparır. Burada nəzərə almaq lazımdır ki, qazdan öncə biz dünyaya neft hasil etmişik. Düşünülmüş enerji siyasəti sayəsində biz dünya ölkələri ilə sıx əməkdaşlıq edirik. Bunun sayəsində Azərbaycan beynəlxalq arenada özünü mötəbər tərəfdaş kimi göstərmişdir.  Cənub Qaz dəhlizinin həyata keçməsi ilə Azərbaycanın enerji tarixində yeni bir səhifə açıldı. Çünki Azərbaycan neftdən savayı öz qazını satmağa başladı. Sual yarana bilər  ki, Azərbaycanın qaz ixracı həcmləri elə də böyük deyil. Amma, Avropa üçün qaz mənbələrinin və marşrutlarının diversifikasiyası olduqca əhəmiyyətlidir. Azərbaycanın qazı İtaliya, Yunanıstan, Bolqarıstanın qaz bazarı üçün mühüm əhəmiyyət daşıyır və gələcəkdə ölkəmiz ixrac həcmlərini artıracaqdır. Rusiya – Ukrayna müharibəsindən sonra Azərbaycanın Avropanın enerji tərəfdaşı kimi rolu artıbdır.  Avropa nümayəndələrinin buraya gəlişi və Cənub Qaz dəhlizi məşvərət şurasının toplantısının keçirilməsi özlüyündə bir göstəricidir. Toplantıda Cənub Qaz dəhlizinin həcmlərinin genişləndirilməsi və Balkan ölkələrinin Azərbaycan qazı ilə təchizatı müzakirə olunan məsələlərdən idi. Bu çox mühüm mövzudur.
Dünya neft və qaz bazarında da qiymətlərin artımı Azərbaycan büdcəsinə öz müsbət təsirini göstərəckdir. Qeyd etməliyəm ki, 44-günlük Vətən müharibəsindən sonra biz azad olunmuş regionlara külli miqdarda vəsait yatırırıq və enerji daşıyıcılarının qiymətlərinin dünya bazarında yüksək olması, bərpa və yenidənqurma işlərini daha sürətlə aparmağa imkan verir. Gələcəkdə Azərbaycan qaz ixracatını Avropaya artıracaqdır. Burada ikitərəfli əlaqələr də mühüm rol oynayır. Nümunə kimi Türkmənistan ilə son əməkdaşlığı qeyd edə bilərəm. İkitərəfli müqaviləyə əsasən Azərbaycan Türkmənistandan 2 mlrd kub metr qaz alır. Bu həcmləri biz daxili bazarda  istehlak edərək, öz ehtiyatlarımızı  Avropa bazarına yönəldə bilərik. Gələcəkdə ABŞ və İran arasında danışıqlar müsbət nəticələnsə İran qazının rolu da artacaq və Azərbaycan İran qazının da Avropa bazarlarına yönəldə biləcək. Azərbaycan digər dövlətlərin Cənub Qaz Dəhlizinə qoşulmasını yalnız dəstəkləyəcək.            

Hazırki böhran alternativ enerji mənbələrinin inkişafına necə təsir edəcək?

Rusiya qazına qoyulan embarqo Avropanı məcbur edir ki, digər enerji mənbələrini inkişaf etdirsin. Burda da əsas məsələ bərpaolunan enerjidir. Avropa Birliyi dekorbanlaşmaya xüsusi önəm verir və Rusiya ilə Avropa arasında yaranan böhran şübhəsiz bu prosesi sürətləndirəcək. Bu asan proses deyil. Çünki, təkcə bərpa olunan mənbələrdən alınan enerji iqtisadiyyatı tam olaraq dəstəkləyə bilməz. Bir çox Avropa ölkələri 2020-ci ildə qərara almışlar ki, elektrik enerjisinin alınmasında kömür mənbələrindən istifadəni azaltsınlar. Lakin, Avropa bazarında qaz böhranı yaşanmağa başladığı üçün bu dövlətlər yenidən kömürdən istifadə etməyə başladılar. Yaxın və orta perspektivdə alternativ enerji mənblərinin rolu daha da artacaqdır və bu öz növbəsində neft və qazdan asılılığı azaldacaqdır.