Avqustun sonlarında Gürcüstan prezidentinin Almaniya prezidenti ilə görüşündən sonra Salome Zurabişvilinin Avropa ölkələrinə silsilə səfərləri “Gürcü Arzusu” (GA) tərəfindən ona qarşı impiçment prosedurunun başladılmasına səbəb olub. Sentyabrın 1-də partiyanın siyasi şurası çağırılıb və orada digər məsələlərlə yanaşı, Gürcüstan prezidentinin Konstitusiyanı pozması faktı da müzakirə edilib.[1]
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze prezidentin Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndini pozduğunu əsas gətirərək açıqlayıb ki, Gürcüstan prezidenti xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini yalnız hökumətin razılığı ilə həyata keçirə bilər. Həmçinin əlavə edib ki, S.Zurabişvilinin ölkənin Aİ üzvlüyünə namizəd statusunu alması ilə bağlı proseslərə münasibəti köklü şəkildə fərqlənir.[2]
Gürcüstan hökuməti Salome Zurabişvilinin Avropaya səfəri ilə paralel bəyanat dərc edib və həmin bəyanatda qeyd edilib ki, ona Ukrayna daxil olmaqla bütün qeyd olunan səfərlərə imtina verilib.[3]
Sentyabrın sonlarında verilən məlumatlara əsasən, şifahi dinləmə oktyabrın 3-də saat 12:00-da təqdimat müəlliflərinin və Gürcüstan prezidentinin iştirakı ilə baş tutacaq.[4] Konstitusiya məhkəməsi prezidentin impiçment məsələsi ilə bağlı oktyabrın 12-dək qərar verəcək.
Buna baxmayaraq S.Zurabişvili 25, 26, 27 sentyabr tarixlərində müvafiq olaraq Baltikyanı ölkələrin prezidentləri ilə görüşünü davam etdirib. Prezidentin öz şəxsi əlaqələri və vəsaiti hesabına həyata keçirilən bu görüşlər hakim partiya tərəfindən doğru hesab edilmir. GA-nın qənaətincə, prezidentin ölkənin mövqeyi barədə müzakirə hüququ yoxdur.
Prezident S.Zurabişvili vəzifəsindən getməyəcəyini açıqlayıb: “Mən heç yerə getməyə hazırlaşmıram. Düşünürəm ki, hər kəs mənim istefamla bağlı arzusunu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm və lazımi yerə də gedəcəyəm, çünki bu mənim Konstitusiyadan irəli gələn ən ali məsuliyyətimdir”.[5]
Gürcüstanda impiçmentin hüquqi çərçivəsi
İmpiçment prosesinin başladılması üçün parlamentin 1/3 hissəsinin – minimum 50 deputatın səsi lazımdır. Təşəbbüskarların imzası ilə impiçment sənədi Konstitusiya məhkəməsinə təqdim edilməlidir. Konstitusiya məhkəməsi təsdiq etdiyi təqdirdə, parlament impiçmentə görə səs vermək hüququna sahib olur. Konstitusiya məhkəməsinin bu qərarı çıxarması üçün ən çoxu 1 ay vaxt lazım olur. Məhkəmənin qərarından sonra 2 həftə ərzində parlament impiçment qərarına səs verməlidir. Əgər mexanizm üzrə prezidentin vəzifədən azad edilməsi nəzərdə tutulsa, bu zaman parlamentin 2/3 hissəsinin, yəni 100 deputatın səsi olmalıdır.[6]
Parlament çoxluğunu təmsil edən deputatların sayı hazırda 82 mandat təşkil edir. 1 oktyabr tarixindəki aralıq seçkilərdən sonra 2 nəfər deputatın seçilməsiylə ümumi mandat sayı 84 olacaqdır. “Avropalı Sosialistlər” partiyasından da səs verəcək deputatları nəzərə alsaq, ümumilikdə 88 səsin olacağını demək mümkündür. Lakin yuxarıda da qeyd edildiyi kimi prezidentin vəzifədən azad edilməsi üçün 100 deputatın səsi lazımdır. Bu da o deməkdir ki, müxalifət tərəfindən də (12 nəfər) dəstək alınmalı olacaq.
Xatırladaq ki, hakim partiya ilə Gürcüstan prezidenti arasında münasibətlərdəki gərginlik Salome Zurabişvilinin 2022-ci ilin martında “Gürcü Arzusu”nun Ukraynaya “tərəddüdlü dəstəyini” tənqid etməsindən sonra özünü büruzə verib.
Bu nitqindən sonra “Gürcü Arzusu” S.Zurabişvilini Konstitusiyanı pozmaqda ittiham edib. Konstitusiya Məhkəməsiylə bağlı qanunun köhnə versiyasına görə, prezidentin hərəkətlərindən deyil, onun çıxardığı qərarlardan şikayət etmək mümkün idi. 2022-ci ilin aprelində parlament “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik etdi. Bu dəyişikliyə əsasən, Gürcüstan prezidentinin, baş prokurorunun, baş auditorun, həmçinin xalq müdafiəçisinin hərəkətlərindən də Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün oldu.[7]
Müxalif partiyaların impiçmentlə bağlı mövqeyi
Fridon İncianın partiyası istisna olmaqla, müxalif partiyaların heç biri impiçmenti dəstəkləməyəcəklərini bildirib. “Avropalı Sosialistlər” Parlament müxalifəti sıralarından prezidentin impiçmentini açıq şəkildə dəstəkləyən yeganə siyasi qrupdur. Onlar hətta prezidentin impiçment prosesinin gecikdiyini söyləyiblər[8]. Müxalifətin proseslə bağlı mövqeyini aşağıdakı kimi sıramalaq mümkündür:
- Müxalifət bu qərarı ölkənin Aİ statusu almaq yolunda törədilən növbəti təxribat adlandırıb[9];
- İmpiçment prosedurunun başladılması ölkənin qütbləşməsinə gətirəcək və onun namizədlik statusunun almasına mane olacaq[10];
- İmpiçment prosesinin məqsədi anti-Qərb təbliğatını gücləndirmək[11] və seçkilər öncəsi qütblü mühit yaratmaqdır[12];
- Hakim komandanın prezidentə qarşı bu cür münasibət bəsləməsi, münasibətləri sahmana salmaq əvəzinə, mürəkkəbləşdirməsi ölkənin daxili prosesləri ilə yanaşı, beynəlxalq aləmdə də mənfi görünməsinə gətirib çıxaracaq[13];
- Hakim komanda tələb olunan 100 səsi toplaya bilməyəcək, odur ki, eyni ruhda prosesin davam etdirilməsi əbəsdir;
- Belə bir məqamda hakimiyyət prezidentə ölkəni təmsil üçün niyə icazə vermədiklərini izah etməlidir.
Sentyabrın 28-də prezident Salome Zurabişvili Orbeliani sarayında müxalifət nümayəndələri ilə görüşüb. Prezident Administrasiyası görüşlə bağlı məlumat verməsə də, prezidentlə görüşdən sonra müxalifət nümayəndələri söhbətin əsas mövzusunun Avropaya inteqrasiya olduğunu, prezidentin impiçmenti məsələsinin də müzakirə edildiyini, Otar Partsxaladzenin sanksiya məsələsinin və Milli Bank ətrafında cərəyan edən proseslərə də toxunulduğunu bildirib. Görüşdən sonra müxalifət birmənalı şəkildə bildirib ki, impiçment məsələsi təkcə prezidentin yox, elə birbaşa Gürcüstanın gələcək Avropa yolunun impiçmenti deməkdir.
Nəticə
İmpiçment məsələsində iki bir-birinə zidd mövqeyin olduğunu müşahidə edirik. İqtidar tərəfi prezidentin hərəkətlərinin Konstitusiyaya zidd olduğu qənaətindədirsə, müxalifət isə əksinə, heç bir pozuntunun olmadığını bəyan edir, üstəlik, bu mübahisədə səmərəsiz qütbləşmənin artması riskini görür. Sonuncu fikri sentyabrın əvvəlində Tbilisidə səfərdə olan Avropa İttifaqı nümayəndəsi Cozep Borrel[14] də dəstəkləyib.
Konstitusiya Məhkəməsinin rəyinin necə olmasından asılı olmayaraq, sonrakı prosesi iki şəkildə ehtimal etmək mümkündür:
- Konstitusiya məhkəməsi prezidentin Konstitusiyanı pozması barədə rəy verərsə, o zaman gələcəkdə prezidentlərin digər dövlətlərin rəsmiləri ilə görüşməsi və dövlətin əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparması imkanı məhdudlaşdırılacaq;
- Konstitusiya məhkəməsi prezidentin Konstitusiyanı pozmadığını bəyan edərsə, o zaman gələcəkdə heç kimin prezidentin öz adından çıxış etdiyi vaxt onun hərəkətlərini hər hansı şəkildə məhdudlaşdırmaq hüququ olmayacaq.
Artıq məlumdur ki, Gürcüstan Avropa İttifaqının təqdim etdiyi 12 tövsiyənin tam olaraq üçünün, qismən isə yeddisinin həlli istiqamətində işlər aparıb. KİV plüralizmi və KİV sahibləri ilə münasibətdə cinayət məcəlləsi barədə tövsiyələr, ümumiyyətlə, icra olunmayıb.
Bu məsələni göz önündə tutsaq, Konstitusiyanın 52-ci və 78-ci maddələri arasında bir qeyri-müəyyənlik sezmiş olacağıq. Əgər 52-ci maddəyə görə, prezident öz funksiyalarını hökumətin təsdiqi ilə həyata keçirə bilərsə, 78-ci maddə “Konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməlidir” – şəklində tələbi qarşıya qoyur.[15] Bu, o deməkdir ki, hazırda impiçmentlə bağlı veriləcək qərar qanun normalarının şərhi ilə bağlı olacaq.
[1] ოცნება სალომე ზურაბიშვილის წინააღმდეგ იმპიჩმენტის პროცედურას იწყებს https://formulanews.ge/News/96568
[2] „ქართული ოცნება“ პრეზიდენტ სალომე ზურაბიშვილის იმპიჩმენტის პროცედურას იწყებს https://1tv.ge/news/qartuli-ocneba-prezident-salome-zurabishvilis-impichmentis-proceduras-iwyebs/
[3] საქართველოს მთავრობას განცხადება 30.08.23 https://www.facebook.com/GeorgianGovernment/posts/pfbid0Ec34VZKNa1PdmBKjX4qpmY2K85YDnbbpD4kchHTaxYxffRr6NayiQta2quxiouGal
[4] საკონსტიტუციო პრეზიდენტის იმპიჩმენტის საკითხს 3 ოქტომბერს განიხილავს https://netgazeti.ge/life/689012/
[5] სალომე ზურაბიშვილი - ჩემს გადადგომაზე ოცნება ყველამ უნდა დაივიწყოს, მე აქ ვარ, სადაც ვარ, მაგრამ ვივლი ყველგან, სადაც წასასვლელი ვარ, ეს არის ჩემი კონსტიტუციური ვალდებულება https://1tv.ge/news/salome-zurabishvili-chems-gadadgomaze-ocneba-yvelam-unda-daiviwyos-me-aq-var-sadac-var-magram-vivli-yvelgan-sadac-wasasvleli-var-es-aris-chemi-konstituciuri-valdebuleba/
[6] საქართველოს კანონი იმპიჩმენტის შესახებ https://www.matsne.gov.ge/ka/document/view/2033641?publication=1
[7] პარლამენტმა “საკონსტიტუციო სასამართლოს შესახებ“ ორგანულ კანონში ცვლილებების პროექტი მიიღო https://www.interpressnews.ge/ka/article/705728-parlamentma-sakonstitucio-sasamartlos-shesaxeb-organul-kanonshi-cvlilebebis-proekti-miigo/
[8] ფრიდონ ინჯია - მიმაჩნია, რომ იმპიჩმენტი მმართველ პარტიას უფრო ადრეც უნდა დაეწყო, ადამიანმა, რომელსაც მმართველი პარტია გვერდით ედგა, უნდა იცოდეს გუნდური თამაში https://1tv.ge/news/fridon-injia-mimachnia-rom-impichmenti-mmartvel-partias-ufro-adrec-unda-daewyo-adamianma-romelsac-mmartveli-partia-gverdit-edga-unda-icodes-gunduri-tamashi/
[9] ანა წითლიძე - პრეზიდენტის იმპიჩმენტი საქართველოს ევროპული კურსის საბოტაჟს ისახავს მიზნად https://www.interpressnews.ge/ka/article/768391-ana-citlize-prezidentis-impichmenti-sakartvelos-evropuli-kursis-sabotazhs-isaxavs-miznad/
[10] "ოცნება" 100 მანდატის ძიებაში - იოლია თუ არა პრეზიდენტ ზურაბიშვილის გადაყენება? https://www.radiotavisupleba.ge/a/%E1%83%98%E1%83%9D%E1%83%9A%E1%83%98%E1%83%90-%E1%83%97%E1%83%A3-%E1%83%90%E1%83%A0%E1%83%90-%E1%83%9E%E1%83%A0%E1%83%94%E1%83%96%E1%83%98%E1%83%93%E1%83%94%E1%83%9C%E1%83%A2-%E1%83%96%E1%83%A3%E1%83%A0%E1%83%90%E1%83%91%E1%83%98%E1%83%A8%E1%83%95%E1%83%98%E1%83%9A%E1%83%98%E1%83%A1-%E1%83%92%E1%83%90%E1%83%93%E1%83%90%E1%83%A7%E1%83%94%E1%83%9C%E1%83%94%E1%83%91%E1%83%90/32574886.html
[11] ვინ (არ) დაუჭერს მხარს პრეზიდენტის იმპიჩმენტს საპარლამენტო ოპოზიციიდან https://netgazeti.ge/life/686111/
[12] დეკანოიძე იმპიჩმენტზე: წინასაარჩევნოდ ზუსტად მსგავსი რუსული ქაოსი სჭირდება ოლიგარქს https://formulanews.ge/Phrase/96597
[13] ვინ (არ) დაუჭერს მხარს პრეზიდენტის იმპიჩმენტს საპარლამენტო ოპოზიციიდან https://netgazeti.ge/life/686111/
[14] ჯოზეფ ბორელი - პრეზიდენტის იმპიჩმენტის საკითხი რისკია და უფრო გაზრდის პოლარიზაციას, ყველა ინსტიტუტი ერთად უნდა მუშაობდეს https://1tv.ge/news/jozef-boreli-prezidentis-impichmentis-sakitkhi-riskia-da-ufro-gazrdis-polarizacias-yvela-instituti-ertad-unda-mushaobdes/
[15] საქართველოს კონსტიტუცია https://matsne.gov.ge/ka/document/view/30346?publication=36