STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev Daşkənddə keçirilən Vətəndaş Cəmiyyəti Həftəsi (Civil Society Week) forumunda çıxış edərək “Analitik mərkəzlərin demokratik idarəetmənin və şəffaflığın gücləndirilməsində rolu” mövzusunda dəyirmi masada iştirak edib.

Çıxışı zamanı o, Azərbaycanda analitik mərkəzlərin (think tanklərin) inkişaf mərhələlərindən ətraflı bəhs edərək, onların müstəqil və ekspert baxımından əhəmiyyətli institutlar kimi formalaşmasının mürəkkəb yol keçdiyini vurğulayıb. Orxan Yolçuyev qeyd edib ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı Qələbə analitik mərkəzlərin fəallaşmasına, tədqiqat mövzularının genişlənməsinə və qərarların qəbulunda rolunun artmasına mühüm təkan verib. O, həmçinin bildirib ki, müasir Azərbaycan analitik mərkəzləri getdikcə daha çox sübutlara əsaslanan analitik yanaşmadan istifadə edir və dövlət qurumlarına siyasətin təhlili, formalaşdırılması və qiymətləndirilməsi prosesində dəstək göstərir.

Forum iştirakçıları STEM Analitik Mərkəzinin fəaliyyətinə, xüsusilə Mərkəzi Asiya və Azərbaycan ekspertlərini bir araya gətirən “Mənəvi Coğrafiya” platformasına, eləcə də regional ekspert dialoqunun inkişafına yönəlmiş digər layihələrə böyük maraq göstəriblər.

Müzakirənin sonunda iştirakçılar xatirəvi qrup fotosu çəkdirərək, regionun analitik mərkəzləri arasında gələcək əməkdaşlığın demokratik idarəetmənin dayanıqlılığının gücləndirilməsi və hesabatlılığın artırılması baxımından vacibliyini vurğulayıblar.