STEM Mərkəzinin analitiki Nərgiz Məmmədova Türkiyənin A News xəbər kanalına müsahibə verib. Müsahibədə o, Ukraynada davam edən müharibənin cari dinamikası, onun gələcək inkişaf ssenariləri və ABŞ-ın vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli perspektivləri barədə danışıb.

Söhbət zamanı ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp üçün əsas prioritet konkret razılaşmanın (deal) əldə edilməsi olub, nəinki onun uzunmüddətli siyasi və ya institusional nəticələri. Nərgiz Məmmədovanın sözlərinə görə, bu yanaşma beynəlxalq vasitəçilik və münaqişələrin həlli sistemində dərin transformasiyanın olduğunu göstərir.

Analitik vurğulayıb ki, Tramp administrasiyası faktiki olaraq ənənəvi çoxşaxəli institutları — BMT və ATƏT-i ikinci plana keçirib və Avropa İttifaqını danışıqlar prosesinin xaricinə çıxarmağa çalışır. Eyni zamanda, onun qiymətləndirməsinə görə, bu strategiya praktik nəticəlilik nümayiş etdirir.

Ekspert diplomatik danışıqların coğrafiyasının dəyişməsinə də diqqət çəkib. Əvvəllər sülh təşəbbüsləri üçün əsas mərkəzlər kimi Brüssel, Cenevrə və Vyana qəbul olunurdusa, hazırda yeni bir trend formalaşır: danışıqlar prosesi getdikcə daha çox Vaşinqtonda və ya Fars Körfəzi ölkələrində — Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi platformalarda keçirilir. Məsələn, yaxınlarda Misirdə keçirilmiş sülh sammiti də göstərilə bilər.

Nərgiz Məmmədova bildirib ki, adı çəkilən bütün ölkələr ABŞ üçün strateji əhəmiyyətli iqtisadi tərəfdaşlardır və bu, onların beynəlxalq vasitəçilik proseslərində artan roluna birbaşa təsir göstərir.

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar: https://www.youtube.com/watch?v=8GxAstMrx80&list=PLOZm6lfVKtocclZ5Q0eH0MLGmUWjqBUD5&index=1