STEM Analitik Mərkəzi regionun aparıcı tədqiqat qurumları ilə əməkdaşlığını daha da gücləndirməkdə davam edir. Növbəti Anlaşma Memorandumu Əl-Fərabi adına Qazax Milli Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin nəzdində fəaliyyət göstərən Regional Münasibətlərin Öyrənilməsi (Questioning Regional Affairs) Mərkəzi ilə imzalanmışdır. Sənədi STEM-in rəhbəri Orxan Yolçuyev və mərkəzin direktoru, Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı fakültəsinin kafedra müdirinin müavini Adilbek A. Ermekbayev imzalayıblar.
Tərəflər regional və beynəlxalq gündəmin, xüsusilə Mərkəzi Asiyada baş verən siyasi və sosial proseslərin dərin elmi təhlilinə yönəlmiş birgə tədqiqat layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər. Əməkdaşlığın əsas məqsədi – regionun daha dayanıqlı və tarazlı inkişafına töhfə verə biləcək tövsiyələrin hazırlanması məqsədilə akademik resursların və tədqiqat təcrübəsinin birləşdirilməsidir.
Regional Münasibətlərin Öyrənilməsi Mərkəzi Əl-Fərabi adına Qazax Milli Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi nəzdində yaradılmış müstəqil və qeyri-kommersiya təyinatlı təhsil-tədqiqat qurumudur. Mərkəz beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək praktik, elmi, tədris və innovativ istiqamətləri inteqrasiya edir. Onun fəaliyyətində tədqiqatların keyfiyyəti və sosial məsuliyyət prinsipləri xüsusi yer tutur.
STEM rəhbəri Orxan Yolçuyev bildirib:
“Regional Münasibətlərin Öyrənilməsi Mərkəzi kimi mütərəqqi bir tədqiqat mərkəzi ilə əməkdaşlıq, mərkəzlərarası dialoqun genişlənməsi və gənclərin ekspert icmasına cəlb olunması baxımından yeni imkanlar açır.”
Gələcək əməkdaşlıq akademik dairələrlə analitik mərkəzlər arasında davamlı elmi əlaqələrin qurulmasının vacibliyini bir daha ön plana çıxarır.
İmzalanmış memorandum hər iki tərəfin açıq dialoq, akademik azadlıq və elmi biliklərin regionların inkişaf proseslərinə inteqrasiyası prinsiplərinə sadiqliyini əks etdirir.