STEM Analitik Mərkəzinin beynəlxalq münasibətlər üzrə eksperti Nərgiz Məmmədova CBC televiziya kanalında yayımlanan “Xarici siyasətin aspektləri” verilişində çıxış edərək ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” təşəbbüsü fonunda formalaşan yeni geosiyasi reallıqları və Azərbaycanın bu təşəbbüsün təsisçi ölkələrindən biri kimi rolunu müzakirə edib.

Məmmədova ABŞ və Azərbaycan liderləri arasında yüksək səviyyəli etimadın və sinerjinin mövcudluğunu qeyd edərək, hazırda iki ölkə arasında strateji saziş üzərində fəal iş aparıldığını vurğulayıb. Onun sözlərinə görə, yaxın zamanda biznes nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırılması ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarır.

Ekspert, həmçinin “Sülh Şurası”nın sabitlik və sülhün təşviqinə real töhfə verə bilən yeni bir beynəlxalq təşkilat kimi tanındığını diqqətə çatdırıb. Azərbaycanın bu platformada iştirakı Bakının etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirir, ölkənin beynəlxalq arenadakı imicini gücləndirir və onun yalnız regional deyil, eyni zamanda qlobal təşəbbüslərdə də fəal iştirak etdiyini təsdiqləyir.

Ətraflı məlumat üçün linkə baxa bilərsiniz:  https://www.youtube.com/watch?v=YkskWtZzKt8&list=PLo-7yss6M6XMImk6mq5mZnvXg1I9ZP_lU&index=1