Beş il əvvəl biz STEM Analitik Mərkəzini yaratdıq. Məqsədimiz sadə, amma iddialı idi: dərin araşdırmalar aparmaq və dünyadakı əsas proseslərə yeni, fərqli baxış bucağı gətirmək. Bu gün geriyə baxanda görürük ki, bu ideya canlı platformaya çevrilib — burada fikir mübadiləsi, ekspert rəyi və analitik gündəmin formalaşdırılması davam edir.

Bu illər ərzində mərkəzimiz yüzdən çox analitik material və nəşr hazırlayıb. Bizim diqqət mərkəzimizdə beynəlxalq münasibətlər, iqtisadiyyat və energetika, logistika və təhlükəsizlik, münaqişələr və digər strateji sahələr olub. STEM həmişə aktual məsələləri diqqətdə saxlayaraq yalnız məlumat təqdim etməyib, həm də orijinal və dərin təhlillər aparıb.

Mərkəzimizin ən böyük uğurlarından biri qonaqlarımız və tərəfdaşlarımızdır. İllər ərzində aparıcı beynəlxalq ekspertləri, sabiq nazirlər və səfirləri, həmçinin müxtəlif ölkələrin diplomatlarını qəbul etmişik. Hər bir görüş yalnız bir tədbir olmayıb — o, yeni ideyaların yaranmasına, təhlil imkanlarının genişlənməsinə və beynəlxalq dialoqun inkişafına səbəb olub.

Amma ən əsası — komandamızdır. Beş il ərzində biz göstərdik ki, kiçik, amma həmrəy kollektiv  ictimaiyyətin, media və geniş auditoriyanın diqqətini çəkən tədqiqatlar hazırlaya bilər.

Ekspertlərimiz beynəlxalq əməkdaşlıqda da fəal iştirak edir. STEM mütəxəssisləri Azərbaycan–Qazaxıstan, Azərbaycan–Rusiya və Azərbaycan–Özbəkistan ekspert qruplarında fəaliyyət göstərir və regional dialoqun inkişafına töhfə verir. Bundan əlavə, biz mütəmadi olaraq Astana International Forum, Antalya Diplomatic Forum, həmçinin Qazaxıstan, Özbəkistan, Çin və digər ölkələrdə keçirilən beynəlxalq ekspert tədbirlərində iştirak edirik.

STEM, həmçinin Azərbaycan Beyin Mərkəzləri Platformasına daxil olan azsaylı analitik mərkəzlərdən biridir və platformanın fəaliyyətində fəal iştirak edir. Bundan əlavə, mərkəzimiz “Azərbaycan və Mərkəzi Asiya” adlı yeni platformanı təsis edib, simvolik olaraq bu təşəbbüs “Konul Coğrafiya” adlanır. Platforma hazırda aktiv şəkildə işləyir, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan ekspertləri bir araya gətirir, qarşılıqlı anlaşmanı və regional əməkdaşlığı gücləndirir.

STEM tərəfdaşlıq şəbəkəsini də genişləndirir. Biz Gürcüstan, Qazaxıstan və Türkiyə universitetləri ilə əməkdaşlıq memorandumu imzalamışıq və gələcəkdə bu əlaqələri daha da genişləndirərək regiondakı analitik mərkəz və universitetlərlə sıx əməkdaşlıq qurmağı planlaşdırırıq.

Fəaliyyətimizin xüsusi prioritetlərindən biri gənclərlə işdir. STEM yeni nəsil analitiklərin yetişdirilməsinə böyük diqqət ayırır, onları tədqiqat layihələrinə cəlb edir və ekspert bacarıqlarını öyrədir. Mərkəzimizdə müxtəlif ölkələrdən tələbə və gənc mütəxəssislər üçün təcrübə proqramları keçirilir. Hazırda biz Future School — “Gələcəyin Məktəbi” təşəbbüsü üzərində işləyirik. Bu platforma gənc ekspertləri proqnozlaşdırma, analitik məqalələr yazmaq və akademik araşdırmalar aparmaq bacarıqları ilə təmin edəcək.

Azərbaycanın ötən il COP Sədrlik fəaliyyətini nəzərə alaraq, STEM də ekologiya sahəsində layihələr həyata keçirib. Biz seminarlar və konfranslar təşkil etdik və nəticədə Cənubi Qafqazda ekoloji təhlükəsizliyə həsr olunmuş məqalələr toplusunu ADA Universitetində təqdimatını etdik. Bu təşəbbüs ekoloji gündəmin vacibliyini vurğuladı və STEM-in qlobal aktual məsələlərə töhfə verə bilməsini bir daha göstərdi.

Bu gün STEM sadəcə analitik mərkəz deyil. Bu, fikir və ideyalar məkanıdır — burada akademik dərinlik praktik baxışla birləşir və müxtəlif nəsillərin ekspertləri gələcək üçün həll yolları tapmaq məqsədilə ortaq dil tapmağa nail olmuşlar.