STEM Mərkəzinin təşkilatçılığı ilə, bu ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya planlaşdırılan səfərinə həsr olunmuş “Bakı və Astana: müttəfiqlik münasibətləri və iqtisadi perspektivlər” adlı vebinar keçirilib.
Tədbir zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti qiymətləndirilib, prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələləri və iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə olunub.
Vebinarda Azərbaycan tərəfindən STEM Mərkəzinin direktoru Orxan Yolçuyev, hərbi ekspert, STEM Mərkəzinin aparıcı analitiki Aqil Rüstəmzadə və “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru İlqar Vəlizadə iştirak ediblər.
Qazaxıstan tərəfindən vebinarın iştirakçıları – Tətbiqi Etnopolitik Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru Talqat Kaliyev, Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun beynəlxalq təhlükəsizlik şöbəsinin baş eksperti Emin Cabbaov, politoloq Zamir Karajanov, Maksut Narikbayev adına Universitetin professoru İkboljon Koraboyev və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin PhD namizədi Aygerim Baxtiyarova olublar.
Ekspertlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın vəziyyətinə təsir edən xarici amilləri, iki ölkənin təhlükəsizliyi üçün mövcud riskləri müzakirə edib, onların qarşısının alınması üçün effektiv mübarizə üsullarını nəzərdən keçirib və Bakı ilə Astananın münasibətlərinin inkişafı üçün konkret təkliflərlə çıxış ediblər.
Ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.youtube.com/watch?v=_et_SdEBZa4&t=1s