STEM Mərkəzinin təşkil etdiyi işlər çərçivəsində "Azərbaycan və Gürcüstan: Müttəfiqlər səviyyəsinə çatan strateji tərəfdaşlıq" mövzusunda vebinar keçirildi.
Azərbaycandan olan məruzəçilər iqtisadiyyat elmləri doktoru İlqar Vəlizadə və nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev idi.
Öz növbəsində, Gürcüstan tərəfindən dəvət olunmuş qonaqlar sırasında Gürcüstanın Qara Dəniz Beynəlxalq Universitetinin politoloqu və professoru, Gürcüstan Təhlükəsizlik və Beynəlxalq Münasibətlər Araşdırmaları Mərkəzinin rəhbəri Nika Çitadze, milli təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi elmlər doktoru və professor Vaxtanq Maisaya, eləcə də Qafqaz Beynəlxalq Universitetinin professoru Petre Mamradze yer aldı.
Tədbir çərçivəsində ikitərəfli xarakter daşıyan məsələlər, iki ölkə arasında birgə layihələr, eləcə də Qarabağ münaqişəsinin həllindən sonra başlanmış yeni dövr nəzərə alınmaqla əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlər və imkanlar müzakirə edildi.
Vebinarın moderatoru kimi STEM Mərkəzinin direktoru Orxan Yolçuyev çıxış etdi.
Belə ki, gürcü ekspert Nika Çitadze Rusiya və Ukrayna arasında müharibənin başlanmasından sonra Xəzər–Qara dəniz regionunun və ümumilikdə Cənubi Qafqazın artan geosiyasi, geo-iqtisadi və geostrateji rolundan bəhs edərək, həm ikitərəfli münasibətlərin, həm də Qərb tərəfdaşları ilə əlaqələrin inkişafı baxımından iri birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.
Çitadzenin sözlərinə görə, Qərb bazarı üçün Azərbaycan qazının əhəmiyyəti getdikcə artır və bu kontekstdə Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri kimi birgə layihələr əvəzsizdir. Bu infrastruktur layihələri qazın Avropa bazarına ixracını mümkün edir: “Avropa hazırda alternativ qaz mənbələrinə ciddi ehtiyac duyur, çünki Rusiya–Ukrayna müharibəsindən əvvəl Avropa ümumilikdə Rusiyadan təxminən 160–180 milyard kubmetr təbii qaz idxal edirdi. Məlum səbəblərə görə Avropa artıq Rusiya qazından imtina edib və alternativ enerji mənbələrinə ehtiyac duyur.”
Çitadze, həmçinin Avropa bazarına ixracın artırılması məqsədilə yuxarıda adı çəkilən boru kəmərlərinin inkişaf və modernləşdirilməsi perspektivlərinə toxunmuşdur.
Bundan əlavə, o, Bakı–Tbilisi–Qars nəqliyyat layihəsinin də əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu layihə Çinlə Avropa arasında yükdaşımalarının maya dəyərinin və daşınma müddətinin azaldılması baxımından strateji üstünlüklər yaradır.
Çitadze çıxışının sonunda iki ölkə arasındakı münasibətlərin tarixinə və mövcud vəziyyətinə toxunmuşdur:
“Unutmaq olmaz ki, Gürcüstan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu ölkənin iqtisadiyyatının müxtəlif sektorlarına, ilk növbədə enerji sahəsinə, 3 milyard ABŞ dollarından artıq sərmayə yatırmışdır. İqtisadi amillərlə yanaşı, əsas məsələ təkcə müttəfiqlik münasibətləri deyil, həm də gürcü və azərbaycanlı xalqları arasında mövcud olan qardaşlıq münasibətləridir. Məlumdur ki, Gürcüstanda azərbaycanlı əhali yaşayır və təbii olaraq onların hüquqları gürcü vətəndaşlarının hüquqları ilə tam bərabərdir. Biz Gürcüstanın azərbaycanlı əhalisinə, gürcü xalqı ilə birlikdə Gürcüstanın müstəqilliyinin inşasına, Gürcüstan dövlətçiliyinin və Gürcüstan - Azərbaycan dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verdiklərinə görə minnətdarıq”.
Vebinarda növbəti çıxış edən iqtisad elmləri üzrə fəlsəfə doktoru İlqar Vəlizadə olmuşdur. Vəlizadə öz çıxışında ölkələr arasında iqtisadi əlaqələrin inkişafını qeyd etmiş və mövcud birgə layihələrə böyük önəm vermişdir.
İki ölkə arasında ikitərəfli münasibətlərin inkişafını şərh edən ekspert aşağıdakı məqama diqqət yönəltmişdir. Yüksək və ali səviyyəli səfərlər yalnız hər iki ölkənin paytaxtlarına deyil, həm də regionlarına həyata keçirilir. “Burada müəyyən bir rəmzilik mövcuddur. Məlumdur ki, Mtsxeta Gürcüstanın qədim paytaxtıdır, Qəbələ isə Azərbaycanın alban dövlətinin qədim paytaxtı olmuşdur. Bu baxımdan, baş tutan səfərlər münasibətlərimizin situativ və qısamüddətli xarakter daşımadığını simvolizə edir. Bu münasibətlər uzun əsrlər ərzində formalaşmış və inkişaf etmişdir. Və hal-hazırda yeni mərhələyə qədəm qoyaraq keyfiyyətcə daha yüksək səviyyədə inkişaf etdiyini deyə bilərik”.
Gürcüstanlı ekspert Nika Çitadzenin çıxışına əlavə olaraq, Vəlizadə Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihəsi və onun inkişaf perspektivləri barədə öz mövqeyini bölüşdü: “Cənub Qaz Dəhlizi sistemi olduqca dinamik şəkildə inkişaf edir və digər bütün layihələr üzrə də eyni tendensiyanı qeyd etmək mümkündür. Layihələr o qədər sürətlə irəliləyir ki, demək olar ki, hər altı aydan bir rəqəmlərə düzəliş etməli oluruq. Yeni vəzifələr müəyyənləşdirilir, yeni planlar reallaşdırılır və bu çox müsbət haldır. Bu, onu göstərir ki, bütövlükdə bizim münasibətlərimiz bu gün çoxvektorlu xarakter daşıyır - təkcə ikitərəfli dinamika prizmasından deyil, daha geniş coğrafiyada baş verən proseslər kontekstində də ciddi əhəmiyyət kəsb edir.”
Vəlizadə çıxışı zamanı son bir neçə il ərzində Azərbaycanın Qara dənizdə öz mövcudluğunu artırdığını və bu prosesin ardıcıl xarakter daşıdığını vurğulamışdır: “Bizim Kulevi terminalımız son dövrlərdə yenidən avadanlıqla təmin olunur. Tərəflər qazın mayeləşdirilməsi, maye qazın emalı və Rumıniyaya, oradan isə Mərkəzi Avropaya çatdırılması üzrə iri layihənin həyata keçirilməsinin zərurətindən danışırlar”.
Bundan əlavə, biz qeyd edirik ki, Azərbaycan investorlarının Anakliya limanına maraq göstərə biləcəyi ehtimalı yüksəkdir, çünki Azərbaycan üçün bu mərhələdə Qara dəniz regionunda iqtisadi mövcudluğunu təmin etmək vacibdir. Xarici güclər tərəfindən göstərilən maraqdan asılı olmayaraq, bu layihələr bizimdir.
Ekspert həmçinin iki ölkədən keçən nəqliyyat infrastrukturu ilə bağlı üçüncü tərəflərin artan marağına toxunmuş və bu marağın toplanmasının əhəmiyyətini vurğulamışdır. Vebinarın növbəti spikeri Gürcüstanlı ekspert Vaxtanq Maisaya çıxış etdi. Öz çıxışında o, iki ölkə arasındakı müdafiə sahəsindəki münasibətlər barədə danışdı.
Belə ki, Cənubi Qafqaz regionunda geosiyasi vəziyyətin hazırda çox gərgin olduğunu qeyd edən Maisaya vurğuladı ki, Azərbaycan öz problemlərini, demək olar ki, “xorvat nümunəsi” əsasında, tamamilə ədalətli şəkildə həll etdi: “O, hərbi gücdən istifadə edərək aqressiv separatizmi zəbt etdi ki, bu, təbii olaraq əsas qlobal hərbi təhdid hesab olunurdu. Bu, əməkdaşlıq üçün qlobal hərbi təhdid kimi çıxış edirdi və eyni zamanda göstərdi ki, belə təhdid nümayəndələri ilə necə davranmaq lazımdır.”
Maisaya vurğuladı ki, Gürcüstan və Azərbaycan müəyyən mənada fərqli xarici siyasət prioritetlərinə malik olmalarına baxmayaraq, hər iki ölkə arasında hərbi-siyasi sahədə tarixi münasibətlər mövcuddur: “1918-ci ildə Demokratik Gürcüstan, Demokratik Azərbaycan və Dağlıq Respublikası ‘Qafqaz NATO-su’ adlanan hərbi-siyasi alyansı yaratmışdı hansı ki, ümumi düşmənə, Denikin ordusuna və könüllü ordulara qarşı yönəlmişdi. Bu alyans həmin məsələni deyərdim ki, operativ və keyfiyyətli şəkildə həll etmişdi. 2012-ci ildə cənab İlham Əliyev Qafqaz Federasiyasının yaradılmasını təklif etmişdi. Elə onun bu sülh təşəbbüsü əsasında 2012-ci ildə Bakı, Tbilisi və Ankara iştirakçılığı ilə üçtərəfli necə deyərlər "Qafqaz Forumu" yaradıldı.”
Ekspertin sözlərinə görə, Türkiyə, Gürcüstan və Azərbaycanın daxil olduğu bu “qeyri-rəsmi hərbi-siyasi alyans” adlandırılan alyansın qarşısında üç çox mühüm məsələ qoyulmuşdu: ölkələrin BMT və NATO himayədarlığı ilə beynəlxalq sülhməramlı əməliyyatatlarda iştirakı; enerji təhlükəsizliyinin hərbi tərəfinin gücləndirilməsi; və birgə sülhməramlı kontingentlərin yaradılması.
Maisaya həmçinin Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu vurğuladı: “Rusiya sülhməramlıları Azərbaycanı tərk etdilər. Bu da çox şeyi ifadə edir. Azərbaycanın təkcə Cənubi Qafqaz səviyyəsində deyil, digər istiqamətlərdə də ən güclü liderlərdən birinə çevrildiyini göstərir və bu, simvolik bir məqamdır.”
İki ölkə arasındakı hərbi-siyasi əməkdaşlıq mövzusunu düşünməyi davam etdirən Maisaya, Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsinə kömək edilməsində Gürcüstanın vasitəçi rolunu xatırlatdı: “Bunu da hərbi diplomatiyanın məhz hərbi-siyasi istiqaməti kimi hesab etmək olar.”
Xülasə, Maisaya “Qafqaz Forumu” adlandırılan təşəbbüsün davam edəcəyinə və regionumuzda stabilliyin və sülhün inkişafına böyük təsir göstərəcəyinə ümidini ifadə etdi.
Vebinarın növbəti spikeri, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev çıxış etdi. O, çıxışına “Əsrin Müqaviləsi”nin hər iki ölkə üçün əhəmiyyətindən danışmaqla başladı: “Bu müqavilə, yalnız Azərbaycan və Gürcüstana Avropa bazarına çıxış imkanı vermədi, eyni zamanda Mərkəzi Asiyanın Rusiyadan asılılığını azaltmaq üçün qapılar açdı”.
Onun sözlərinə görə, hazırda nəqliyyat sahəsində axının yenidən istiqamətləndirilməsi müşahidə olunur: “Əgər Sovet İttifaqı dövründə bütün yollarımız, deyək ki, cənubdan şimala, yəni cənubdan Moskva istiqamətinə aparırdısa, indi bu axın səliqəli şəkildə şərqdən qərbə yönləndirilir. Yəni Qafqaz istiqamətinə və Qafqaz çox strateji əhəmiyyət daşıyır”.
Bu kontekstdə ekspert Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars kimi layihələrin əhəmiyyətindən danışdı. Ekspert xüsusilə Orta Dəhliz layihəsinin hazırkı vəziyyətinə diqqət yetirdi: “Son dövrlərdə bu layihə yeni bir əhəmiyyət qazanır.”
Ağamirzəyev ayrıca Azərbaycan və Gürcüstan arasında az sayda sərhəd-keçid məntəqələrinin mövcudluğuna və onların köhnəlmiş infrastrukturu məsələsinə diqqət yetirmiş, yaxın gələcəkdə vəziyyətin yeni birgə layihələrin həyata keçirilməsi nəticəsində dəyişəcəyinə ümidini ifadə etdi.
Xülasə, ekspert bir daha iki ölkənin inkişaf potensialının böyük olduğunu vurğulamışdır.
Sonra söz Gürcüstanlı ekspert Petre Mamradzeyə verildi. Öz çıxışında Mamradze iki ölkə arasında Heydər Əliyev və Eduard Şevardnadze kimi siyasətçilərin dövründə qoyulmuş müasir əməkdaşlığın köklərinə toxunmuşdur: “Bu dostluq, bütün Cənubi Qafqaz regionunda geosiyasi sabitliyə böyük təsir göstərmiş və bu iki şəxs həqiqətən də, belə deyək, böyük nüfuzdan istifadə etmişlər və müdrik qərarlar vermişlər. Mən çox şadam ki, hazırda Gürcüstan və Azərbaycan arasında münasibətlər müttəfiqliyə yaxın, düzünü desək, qardaşlıq əlaqələri olaraq sürətlə inkişaf edir. Və bu bizim, Gürcüstan üçün böyük ümiddir”.
Mamradze son illərdə Azərbaycanın Cənubi Qafqaz regionunda təsirinin əhəmiyyətli dərəcədə artdığını bildirdi:
“Ən nüfuzlu ekspertlər, o cümlədən Qərb alimləri yekdilliklə etiraf edirlər ki, hər şey Ukrayna müharibəsinin başlanğınıcda başlamayıb, hər şey 2020-ci ildə başladı, nə vaxt ki, Qarabağ məsələsi həll olmağa başladı və bu başqa yolla, güc göstərmədən həll ola bilməzdi. Lakin problem uğurla həll olundu və bu, Cənubi Qafqaz regionunda qüvvələr balansının dəyişdiyini dərhal nümayiş etdirdi”.
Vebinar sual-cavab sessiyası ilə davam etdi və bu müddətdə ekspertlər ümumqafqaz evi konsepsiyasının formalaşdırılması, Paşinyanın “Sülh kəsişməsi” təşəbbüsü, eləcə də region üçün mühüm və aktual digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Vebinarın tam versiyasını YouTube kanalımızda izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=y3ucMobFy1o