6 avqust tarixində STEM Analitik Mərkəzində beynəlxalq münasibətlər, diplomatiya, politologiya, regionşünaslıq, tarix, etnoqrafiya və beynəlxalq jurnalistika sahəsində fəaliyyət göstərən gənc tədqiqatçılar üçün “Dəyişən dünyada Cənubi Qafqazın geosiyasəti” mövzusunda seminarlar kursu başlayıb.
Seminar çərçivəsində İqtisad üzrə fəlsəfə doktoru İlqar Vəlizadə enerji strategiyası, Azərbaycanın ekoloji təhlükəsizlikdə rolu, türkdilli ölkələrin ərazisindən keçən nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyəti barədə təqdimatla çıxış edib. Seminarlar STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyevin təşəbbüsü ilə təşkil olunub.
Ölkənin aparıcı ali məktəblərinin gənc mütəxəssislərinə, eləcə də praktiki fəaliyyət göstərən politoloqlara müasir geosiyasi reallıq fonunda Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi, regionun yeni geosiyasi landşaftında böyük dövlətlərin maraqları, logistika layihələri, enerji təhlükəsizliyi, həmçinin regionda etnokultural və dini dialoq məsələləri barədə ətraflı məlumat verilib.
Seminarlar bir ay ərzində – 6 avqustdan 8 sentyabra qədər, hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri, saat 11:00-dan 14:00-dək keçiriləcək.
Açılış nitqində mərkəzin direktoru qeyd edib ki, seminar məşğələlərinə bütün maraqlanan dinləyicilər qoşula bilər və kurs başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.
