Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada “Nəqliyyat, əlaqə və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Toplantısı keçirilib. İclasa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ev sahibliyi etmişdir. Tədbirdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omurəliyev iştirak ediblər.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qarabağ bəyannaməsi
Şuşa şəhərinin geniş türk dünyası xalqlarını bir araya gətirməkdə mənəvi əhəmiyyəti əvəzsizdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Şuşada keçirilən toplantı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının bariz təzahürüdür. Elə bu tarixi foruma qatılmış dövlət başçıları da yekun Qarabağ bəyənnaməsində Şuşa görüşünün ən vacib elementlərini xüsusi ilə vurğuladılar.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək, yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün repatriasiyası üçün şərait yaradacaq genişmiqyaslı minalardan təmizləmə fəaliyyəti və humanitar minatəmizləmə səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirib.
Ermənistan tərəfindən viran olunmuş Qarabağ torpaqlarının türk dünyasının birgə səyləri ilə bu gün bərpası vacib mənəvi əhəmiyyətə malikdir.
Dayanıqlı gələcəyin türk dövlətləri arasında sabit və çoxşaxəli münasibətlərin inkişafına, o cümlədən iqlimə qarşı mübarizə yolu ilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə mümkün olduğu təsdiqlənib.
Sirr deyil ki, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu böyük güclər tərəfindən zaman-zaman müxtəlif təhdidlərə məruz qalır. Ona görə də, dünyada mövcud geosiyasi və təhlükəsizlik problemlərinin doğurduğu çağırışlara türkdilli dövlətlərin vahid güc kimi cavab verməsi önəmli məqamlardandır. Bu istiqamətdə TDT-yə üzv dövlətlərin birgə fəaliyyət göstərməsi, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasına razılıq verilməsi xüsusi vurğulanmalıdır.
Enerji Əməkdaşlıq Planı
Qeyd etmək lazımdır ki, dövlətlər arasında möhkəm siyasi əlaqələrin əsası eyni zamanda iqtisadi sahədə sıx təmaslardan keçir. Bununla bağlı tərəflərin qeyd etdiyi kimi, ticarət həcminin artırılması, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika mərkəzlərinə infrastruktur investisiyalarının cəlb edilməsi davamlı inkişafın, iqtisadi rifahın və beynəlxalq ticarətin təməl daşı ola bilər.
Bu əsasda Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi inkişaf etdirmək və bununla üzv dövlətlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, türk dünyasının daha möhkəm təməl əsasında birləşməsinə gətirib çıxaracaqdır.
Bu məqsədlə nəqliyyata cavabdeh olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması ilə bağlı əlavə addımların atılması, yükdaşımaların həcminin artırılması üçün özəl sektorun stimullaşdırılması mexanizmlərinin təmin edilməsi, dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması tapşırılıb. Azərbaycan, Gürcüstan və Türkiyənin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və bu marşrut üzrə mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi sahəsində üçtərəfli səyləri yüksək qiymətləndirilib.
Ətraf mühit və İqlim
Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi fonunda iqlim dəyişikliyi mövzusu TDT üzv dövlətlərin Şuşa forumundakı gündəliyindən yan keçə bilməzdi. Bu məcrada günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetirməklə davamlı inkişafı təşviq etmək, bu kontekstdə Türk Dövlətləri Təşkilatının İqlim və Yaşıl Rəqəmsal Platformasının və TDT-nin İqlimə Davamlı Kəndlər Forumunun yaradılması təşəbbüsü alqışlanmalıdır.
Türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişafı, enerji sistemləri arasında inteqrasiya böyük potensiala malikdir. Bundan əlavə, rəqəmsal hökumət (elektron hökumət) infrastrukturlarının daha da inkişafı ilə bağlı Türkiyə dövlətləri arasında əməkdaşlıq və fikir mübadiləsi; elektron sənəd mübadiləsi üçün elektron imza/rəqəmsal imza mexanizmlərinin uyğunlaşdırılması və onlayn dövlət xidmətlərinin inteqrasiyası; kiberinsidentlərə və kiberhücumlara qarşı ümumi kibertəhlükəsizliyin qorunması tədbirləri heç şübhəsiz TDT ölkələri arasında informasiya texnologiyaları sahəsində, o cümlədən süni intellektin doğurduğu yeni imkanlardan faydalanmağa gətirib çıxaracaqdır. Bunun üçün isə üzv dövlətlər mədəniyyətlərarası ünsiyyəti asanlaşdırmaq, təhsil platformalarını inkişaf etdirmək, səhiyyə texnologiyalarını təkmilləşdirmək və iqtisadiyyatı stimullaşdırmaq üçün böyük dil modelinin yaradılmasının və böyük dil modeli şəklində ümumi platformadan istifadənin vacibliyini qeyd edirlər.
Bundan əlavə milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılması məqsədilə kosmik layihələrin birgə inkişafı, texnoloji inkişaf səviyyəsinin və birgə layihələrin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün kosmik texnologiyalar sahəsində hərtərəfli inkişafın həyata keçirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib.
Qəzza Gündəmi
TDT-yə üzv dövlətlər eyni zamanda Qəzzada baş vermiş humanitar fəlakətə də öz mövqelərini ifadə edib, dərin narahatlığını bildiriblər. Qəzzaya humanitar yardımın maneəsiz çatdırılması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla beynəlxalq hüquq normalarına tam riayət edilməsinə çağırıblar. Bütün üzv dövlətlər İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinin tərəfdarıdırlar. Bundan əlavə yekun bəyannamədə üzv dövlətlər paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyən BMT Baş Assambleyasının 10 may tarixli 2024-cü qətnaməsinin qəbulunu alqışlayıblar.
Nəticə və Qiymətləndirmə
Şuşa təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli şəhərdir. 30 il ərzində bir türk dövlətinin ərazisi ədalətsiz və beynəlxalq hüquqa zidd olaraq işğal edilmişdir. Qarabağda ağır etnik təmizləmə və soyqırım cinayəti törədilib, ona görə də buranın azad edilməsi əslində türk dünyası üçün böyük hadisədir. Şuşa həm tarixi Azərbaycan torpağı, həm də Azərbaycan mədəniyyətinin beşiyi olan rəmzi şəhərdir. Şuşa Qarabağ müharibəsində də simvolik məna daşıyırdı. Bəzi ölkələrin hərbi məktəblərində Şuşanın azad edilməsi, hərb tarixi və hərbi üsullar kursu kimi tədris olunmağa başlayıb. Bu baxımdan Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə toplantısının Şuşada keçirilməsi mühüm mesajlar verir. Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq təkcə region ölkələri üçün deyil, həm də qlobal təhlükəsizlik və əlaqə üçün böyük əhəmiyyət kəsb edir, çünki nəhayət regional nəqliyyat xətləri açılacaqdır. Bu xətlərin açılması regional əməkdaşlığı artıracaq, böyük üstünlüklər yaradacaq və bütün türk dünyası, o cümlədən Mərkəzi Asiya, Qara dəniz və Xəzər hövzələri üçün yeni imkanlar gətirəcək.