Dekabrın 21-də Ukraynanın prezidenti Vladimir Zelenski Vaşinqtona səfər edib. Bu, onun Rusiyanın Ukraynaya təcavüzündən sonra xaricə ilk səfəri idi. Çıxışları zamanı o, Birləşmiş Ştatlara göstərdiyi köməyə görə təşəkkür edib və Konqresin hər iki partiyadan dəstəyinin davamlı olacağına ümid etdiyini bildirib. Prezident Co Bayden isə "ədalətli sülh əldə olunana qədər" Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verdi və daha 374 milyon dollarlıq yardım paketini və 1,85 milyard dollarlıq hərbi yardımı təsdiqlədi.Əldə olunmuş razılaşmalar Ukrayna cəbhəsinə nə dərəcdə təsir edəcək və bu proselərin Cənubi Qafqaza təsirləri ilə bağlı STEM Böyük Brianiyada yaşayan politoloq Taras Kuzyonun fikirlərini öyrəndi.  


İlk olaraq Zelenski və Bayden arasında baş tutmuş görüşdən başlamaq istərdik. Sizcə, bu görüşün əhəmiyyəti nədə idi və Ukraynadakı müharibənin gələcəyinə necə təsir edə bilər?

Düşünürəm ki, görüşün arxasında müxtəlif səbəblər var idi.  Bunlardan biri ictimai şəkildə ABŞ və Ukrayna arasındakı əlaqələri nümayiş etdirməklə Rusiyaya mesaj vermək xarakteri daşıyırdı. Rusiya mümkün olduğu şəkildə müharibənin gedişatını uzatmağa çalışır ki, Qərb dövlətləri Ukraynaya dəstəyi azaltsın. Rusiya inanır ki, Ukraynaya yardım böyük xərclərin bahasına gəldiyi üçün Qərbdə  Ukraynanı torpaq itirmək bahasına da olsa, danışıqlar masasına əyləşməyə məcbur edə bilərlər. İndiki halda bu görüş bir daha göstərdi ki, əslində bu belə deyil. ABŞ daima Ukraynaya yardım edəcək. ABŞ-ın bu cür addımı həmçinin Avropaya da mesaj idi. NATO-da əsas söz sahibi ABŞ-dır. Həmçinin Respublikaçıların 2024-cü ildə Prezident seçkilərində də qalib gəlmə ehtimalını nəzərə alaraq Bayden administrasiyası müharibəni daha tez qələbə ilə bitirməyi hədəfləyir. Onlar düşünür ki, Respublikaçılar hakimiyyətə gəlsə, yardımı azalda bilərlər və ya Konqresdə səs çoxluğundan istifadə edib qərarları bloklaya bilərlər. Buna görə də 2023-cü il olduqca əhəmiyyətli il olacaq. Ukrayna ilə Rusiya arasında fərq ondan ibarətdir ki, Ukrayna müharibəni çox qısa zamanda sonlandırmaq istəyir. Əksinə, Rusiya döyüşləri mümkün olduğu qədər uzatmağa səy göstərir. Rusiya inanır ki, nə qədər çox əsgər göndərməyə davam etsələr, Ukraynanın və Qərbin müqaviməti qırılacaq. 2023-cü il həmçinin Baydenin Prezident kimi son tam ili olacaq və o yeni seçkilərə qədər müharibəni bitirmək istəyir. Beynəlxalq münasibətlərdə simvolika da önəmlidir. Məsələn, Azərbaycan və Türkiyə Prezidentləri arasında görüş Rusiya və İrana mesaj kimi qəbul oluna bilər. Eynilə, Zelenski ilə Baydenin görüşü də Rusiya və dəstəkçilərinə mesaj kimi qəbul olunmalıdır. Bu o deməkdir ki, onların dostluğu olduqca güclüdür və yeni yardım paketinin ayrılması da bunun göstəricisidir.

Qeyd etdiniz ki, bu görüş həm də Avropaya bir mesaj kimi qəbul edilməlidir. Sizcə, Avropanın Ukraynayla bağlı indiki siyasətində nə çatmır ki, ABŞ Avropaya bu cür mesajlar verməyə məcbur olur?

Burada iki-üç faktor var. Avropa, xüsusilə də Fransa, həmişə ABŞ-ın əsas siyasi aktor olmasını qəbul edə bilməyib. Rəmi Paris həmişə Avropa təhlükəsizlik strategiyası və ordusu haqda danışır. Lakin onların bu iddiaları yalnız sözdədir və ABŞ-ın liderliyinə çox da etiraz edə bilmirlər, çünki Vaşinqtonun liderliyi illərdir sübut olunub. Bundan əlavə Avropanın hərbi xərcləri də ABŞ-dan azdır, onlar çox da xərcləmək istəmir. 2006-cı ildə NATO qərar verdi ki, ÜDM-un ən azı 2%-i orduya xərclənməlidir. Lakin hal-hazırda yalnız 10 ölkə buna əməl edir. Hətta Fransanın özü də 2% xərcləmir. Buna görə də Avropanın ABŞ-dan ayırlması yalnız cəfəngiyyatdır və reallıqda ABŞ Avropadan xeyli güclüdür. İkinci məqam odur ki, Avropada Ukraynanı dəstəkləmək baxımından fikir ayrılıqları var. Bu mövzuda iki ayrı-ayrı qrupun fikirləri qeyd edilə bilər. Birincilər, bunu Rusiyanın aqressiyasına son qoymaq üçün edir. Yəni, onlar Ukraynaya dəstək olaraq Rusiya, xüsuilə də Putin rejimini çökdürmək istəyirlər. Daha mülayim ikinci qrup da var ki, son məqsəd haqda heç danışmırlar və sadəcə nüvə müharibəsi haqda narahatlıqlarını ifadə edirlər. Buna görə də Qərb son məqsəd haqda hal-hazırda iki yerə bölünüb. Bunu həmçinin Krımın hal-hazırki vəziyyəti ilə də əlaqələndirmək olar, çünki Donetsk, Xerson və ya Zaparojyedən fərqli olaraq Krımın statusu ruslar üçün olduqca fərqlidir. Serblərin Kosovaya sevdası olduğu kimi rusların da məhz Krıma olduqca güclü istəyi var.

Bəzi Qərb ölkələri düşünür ki, Ukraynaya kömək etməklə yuxarıdakı bölgələri azad edə bilərik, amma Krım olduqca uzaq bir addım olar, çünki Putin Krım uğrunda olduqca dağıdıcı silahlardan da istifadə etməyə hazırdır. Hətta demokratik ruhlu Rusiya siyasi dairələri də (məs. Aleksey Navalnı) Krımın işğalını dəstəkləyirdilər.

 Sizcə, məhz nəyə görə Qərb dövlətləri vəziyyətin bu dərəcədə gərginləşməsinin qarşısını almaq üçün elə 2014-cü ildə belə güclü müqavimət və dəstək nümayiş etdirmədilər?

Bura həmçinin 2008-ci il Gürcüstan işğalını da əlavə etmək olar. Bu zaman heç bir sanksiya tətbiq olunmadı və avropalılar Putinin əvəzinə o zamankı Gürcüstan prezidenti Mixeil Saakaşvilini günahkar hesab etməyə başladılar. 2014-cü ildə isə olduqca yüngül sanksiyalar tətbiq olunmağa başladı və Qərb Rusiyanı elə də ciddiyə almadı. Onlar düşünürdü ki, Rusiyanı danışıqlara gətirmək mümkün olacaq. Həmçinin bəzi dövlətlərin enerji maraqları da vardı. Məsələn, almanlar daha çox Şimal Axını layihəsinin istifadəyə verilməsi ilə maraqlanırdılar. Eyni zamanda Minsk razılaşmalarının heç birində Krımla bağlı nəsə bir müddəa yoxdur. Burada həmçinin korrupsiya faktorunun rolu var idi. 2014-cü ilədək Moskva xeyli sayda siyasətçi, iş adamı və beyin mərkəzini rüşvət yolu ilə öz tərəfinə çəkə bilmişdi, bu da olduqca zəif cavabın verilməsinə gətirib çıxardı. Həmçinin 2008-ci il və 2014-cü ildə olanlar ruslarda elə təəsürat yaratdı ki, Avropa bu dəfə də eyni cavab verəcək və buna görə də ruslar yanlış hesablamalar etdilər. Mənim fikrimcə, ruslar bu müharibədə iki məsələni yanlış hesabladılar – Ukraynanın müqavimətini və Avropanın reaksiyasını. Onlar elə bildilər ki, Qərb yenə 2014-cü ildə olduğu kimi cavab verəcək. Lakin Avropa bu dəfə tam fərqli cavab verdi və enerji məsələlərində alternativlər axtarmağa başladı. Rusiyanın səhv hesablamaları da iki səbəbə əsaslanır. İlk olaraq Qərb zəif reaksiyalar verərək onları çaşdırdı. İkincisi isə Rusiyada siyasi elitasında müharibə tərəfdarlarının əksəriyyəti keçmiş DTK-nın əməkdaşlarıdır. Onların siyasi mentaliteti elədir ki, başqa ölkələrin subyektliyini nəzərə almırlar. Onlar üçün Ukrayna real ölkə deyil. Rusiya kimi ölkələrdə başqa alternativ fikirlərə yer olmadığından sadəcə bu adamların istədikləri baş tutur. Bu faktorlar hamısı 2014 və 2022-ci illərdə atılan addımlar arasında fərqləri izah edir. 2022-ci ildə dəyişən o idi ki, Rusiyaya qarşı sanksiyalar İrana qarşı olan sanksiyaları xatırladırdı. 2014 və 2008-ci illərdə isə olduqca yüngül qərarlar qəbul olunmuşdu.

Bunu Qərbin səhvlərindən dərs çıxarması da adlandırmaq olar. Qərb uzun müddət bunu görmürdü. Böyük dəyişikliklər yalnız Ukraynanın işğalından sonra baş tutdu.

Sizcə, Rusiyanın müharibəni uzatmaq istəyinin arxasında nə kimi başqa faktorlar ola bilər?

Məncə, əsas iki faktor Rusiyanın müharibəyə necə yanaşmasını təcəssüm etdirir. Onlar böyük sayda canlı qüvvəni döyüş meydanına atmaqla qalib gələcəklərinə inanırlar. Bu II Dünya Müharibəsində Stalinin addımlarına bənzəyir. Rusiyanın hərbi dairələri düşünür ki, onların daha çox əhalisi və resursu var, bunların sayəsində müharibədə qalib gəlmək mümkün olacaq. İkincisi isə onlar inanır ki, Qərb ölkələri Ukraynanı dəstəkləməkdən imtina edəcək. Yəni müharibə uzandıqca qərbin maliyyə yardımı da azalacaq, çünki aylar keçdikcə büdcə kəsrlərini azaltmaq üçün daha çox maliyyə tələb olunur. Belə olan halda da Rusiya inanır ki, Avropa və ABŞ Ukraynanı danışıqlar aparmağa məcbur edəcək və bu danışıqlar da Rusiya üçün uğurlu olacaq. Problem odur ki, heç kim Rusiyaya inanmır.  Rusiya sülh bağlaya bilər, lakin 4-5 il sonra yeni bir müharibənin başlamayacaqlarına heç kim zəmanət verə bilməz.  Buna görə də Ukrayna danışıqlara etibar etmir və ruslar da düşünür ki, müharibə uzandıqca Qərb Kiyevi masaya oturmağa məcbur edəcək. Putin həmçinin tarixə "qədim Rusiya torpaqlarını" geri qaytaran dövlət başçısı kimi də keçmək istəyir. Rus millətçiləri bu torpaqları rus diyarı (Russkiy mir) adlandırırlar. Ukrayna, Belarus və Krım bu ‘rus diyarının’ əsas hissələri hesab olunur. Kremlin ideoloqlarının firkincə bu ərazilər Avrasiya İttifaqının mərkəzi olmalıdır, necə ki SSRİ dövründə Ukrayna, Belarus və Rusiya əsas mərkəz idi. Əgər Ukrayna olmasa, bu "rus diyarı" da mövcud olmayacaq və buna görə də Putin Ukraynadan əl çəkmək istəmir. Əgər Rusiya Ukraynada məğlub edilsə, Putin Rusiya lideri kimi qala bilməz.  Nəzərə almaq lazımdır ki, onlar artıq Kiyev, Xarkov və Xersonda məğlub olublar və Ukrayna cənub regionlarını geri qaytarsa, Krıma hücuma keçəcək. Belə olan halda Putini narahat edən odur ki, bu tarixi mirası qoruyub saxlaya bilməyəcək və onun rejimi süqut edəcək.

Ukraynada baş verənlər fonunda Rusiyanın Cənubi Qafqaz siyasətini, Qarabağda sülhməramlı missiyanın fəaliyyətini necə qiymətləndirirsiniz? 

Post-sovet məkanı ölkələrinin 30 illik təcrübəsi Rusiya sülhməramlılarının bu bölgədə necə fəaliyyət göstərməsini dəyərləndirməyə imkan verir. Rusiya qoşunları heç vaxt sülhməramlı ola bilməz, çünki onların münaqişəni həll etmək məqsədi yoxdur. Məsələn, Gürcüstanda, Azərbaycanda və ya Moldovada münaqişələr tam həll edilsə, o zaman sülhməramlılara heç ehtiyac qalmaz. Buna görə də Rusiyanın münaqişəni dondurmaqda daha çox marağı var, nəinki onu həll etməkdə. Rusiya özünün sülhməramlı missiyalarını keçmiş Sovet məkanında təsir dairəsini qoruyub saxlamaq üçün yaradılmış hərbi bazalar hesab edir, yəni  onları sülhmərmalı kimi qəbul etmir.  Hələ Putindən əvvəl prezident Boris Yeltsin Baltikyanı ölkələri çıxmaqla qalan post-sovet regionlarını rus təsir dairəsi altında olan ölkələr hesab edirdi. Bu isə o demək idi ki, Aİ və NATO-nun bu ərazilərdə təsir göstərmək hüququ yox idi. Buna görə də Rusiya həmişə BMT sülhməramlılarına da qarşı olub. Rusiyadan başqa bütün post-Sovet ölkələrinin sivil kimliyi var. Rusiya isə həmişə imperilalist mövqedən çıxış etməyə çalışıb. 1991-ci ildən sonra Rusiya öz milli maraqlarını MDB çərçivəsində nümayiş etdirməyə çalışır və istəyir ki, post-sovet məkanında təsir dairəsini qoruyub saxlamağı bacarsın. Amma Ukraynanın işğalı göstərdi ki, Rusiyanın güclü dövlət olması bir mifdir.  Rusiyanın həmişə iki əsas idxalı olub: Silahlar və enerji. Hal-hazırda müharibələr də göstərir ki, rus silahları keyfiyyətli deyil və rus enerjisinə Avropanın tələbatı da azalıb. Üstəlik, Rusiya texnoloji cəhətdən də problemlər yaşayır və bir çox ölkələrdən geri qalır. Ukrayna müharibəsi göstərdi ki, Rusiya ordusu qəbul olunduğu kimi elə də güclü deyil. Əksər post-Sovet ölkələri də bundan sonra Rusiyadan çəkinmir və bu gün Laçın dəhlizindəki aksiyalar da bunun göstəricisidir. Azərbaycan artıq bu sülhməramlılardan çəkinmir. Bu cür mövqenin Mərkəzi Asiyada, Qazaxıstanda da müşahidə etmək olar. Avrasiyada Rusiya təsirinin tam olaraq saxlanıldığı yalnız iki dövlət qalır ki, bunlar da Ermənistan və Belarusdur. Hətta Ermənistanın özü də BMT-nin son sessiyasında Rusiyanı dəstəkləmədi. BMT-nin Rusiyanı Ukraynanı işğalını qınayan son qətnaməsini dəstəkləyən yalnız bir post-sovet ölkəsi var idi ki, o da Belarus idi. Yəni, bu müharibə Rusiyanın supergüc olması mifini alt-üst etdi və bunun da Rusiya təsir dairəsi üçün olduqca əhəmiyyətli nəticələri olacaq.

Bu həmçinin Çinin Mərkəzi Asiyadakı mövqeyinə də təsir edir. Rusiyadan fərqli olaraq Çin inkişaf edən gücdür və bu gün Mərkəzi Asiya ölkələri daha çox Çinlə əlaqələrə önəm verir.

Eyni zamanda heç bir Mərkəzi Asiya respublikası Rusiyanın işğalını da dəstəkləmir. Beləliklə, söyləmək olar ki, işğal əslində Rusiyanı güclü görünməyə çalışan, lakin reallıqda çox zəif bir ölkə kimi nümayiş etdirdi. İndi yalnız İran Rusiyaya müttəfiq kimi baxır və digər dövlətlər də ondan heç də ehtiyatlanmırlar.

Azərbaycanda Xankəndi-Laçın yolunda gedən prosesləri necə izah edərdiniz? Sizcə, bu etirazların sonunda nə gözləmək mümkündür?

Bu onu göstərir ki, Bakı Ermənistanın sülh prosesini ləngitməsindən boğaza yığılıb. Artıq iki ildən çox vaxt keçsə də, atəşkəs müqaviləsinə əməl olunmur və sülh müqaviləsi imzalanmır. Eyni zamanda Paşinyan hər dəfə bir bəhanə gətirməklə Azərbaycanı əsəbiləşdirir. Rusiya da eyni zamanda Avropa İttifaqının sülh danışıqlarına mane olmaq üçün Ermənistan tərəfinə təzyiqlər göstərir. Buna görə də düşünürəm ki, artıq Bakı Ermənistanın bəhanələr gətirib sülh müqaviləsi imzalamamasından təngə gəlib. Burada bir məsələ də var. Rusiya və Ermənistandan başqa qalan bütün MDB respublikaları sovet sərhədlərinin beynəlxalq sərhədlərə çevrilməsinə razılaşıblar. Ermənistan heç vaxt Sovet sərhədlərinin beynəlxalq sərhədlərə çevriləcəyini qəbul etməyib. Azərbaycan Ermənistandan bunu tələb edir, çünki bu beynəlxalq hüququn normasıdır. Lakin ermənilər bunu qəbul etmirlər.

Məhz Qarabağın Azərbaycana məxsusluğunu həzm edə bilmədikləri üçün, Ermənistan bu regiondakı ermənilərin hüquqlarını müdafiə etmək kimi cəfəng iddialar irəli sürürlər.  

Onlar burdakı qanunsuz  qoşunları çıxarmırlar və əksinə rus sülhməramlılarının köməyi ilə mövqelərini daha çox gücləndirirlər. Son müqavilə də vurğulayır ki, erməni qoşunları buranı tərk etməlidir və buna əməl olunmadığını görən Bakının səbri daşır. Beləliklə, Laçın –Xankəndi yolundakı ekoloqların və vətəndaş cəmiyyətinin nümayəndələrinin etirazları, həm də Ermənistana danışıqlar masasına qayıtması üçün bir təzyiq vasitəsidir.  Eyni zamanda Rusiyanın Ukraynadakı uğursuzluğundan sonra artıq Azərbaycan Rusiyadan ehtiyatlanmır, çünki Rusiyanın güclü dövlət olmasının bir mif olduğu sübut olunub. Beləliklə, deyə bilərəm ki, etirazların baş tutmasında iki əsas səbəb var. Birincisi, Azərbaycan Ermənistanın danışıqlarda qeyri-ciddi davranmasından cana yığılıb və buna görə də təzyiq edərək Ermənistanı masaya qaytarmağa çalışır. İkincisi, artıq Azərbaycan Rusiyadan çəkinmədiyindən mövcud qanunsuzluqlara ciddi reaksiya verir.

Sizcə, son dövrlərdə Ruben Vardanyanın timsalında erməni populizmi özünü təkrarlamaqda davam edərsə, yeni müharibə və ya anti-terror əməliyyatları gözləməliyikmi?

Düşünürəm ki, belə davam edərsə, Azərbaycan anti-terror əməliyyatları keçirə bilər. Ermənistan anlaşmanın şərtlərinə əməl etmir və qoşunları çıxarmır.  Beynəlxalq hüquqa əsasən, onlar terrorist kimi qəbul olunur, çünki qeyri-qanuni şəkildə Azərbaycana məxsus ərazilərdə məskunlaşıblar. Ona görə də Azərbaycanın belə bir anti-terror əməliyyatı aparmağa hüququ var. Düşünürəm ki, bu zaman Azərbaycan mümkün beynəlxalq təzyiqi də  nəzərə almalıdır, çünki bəzi Avropa ölkələri və ABŞ tərəfindən ikili standartlar uyğulana bilər. Məsələn, Ukraynaya görə Rusiyaya sanksiyalar təqdim olunması, amma Azərbaycana görə Ermənistana hər hansı bir sanksiyaların tətbiq olunmaması ikili standartların təzahürüdür. Məncə, yenidən müharibənin alovlanması inandırıcı deyil, çünki Ermənistana dəstək verən kimsə yoxdur və onlar asanlıqla məğlub olacaqlar. 2020-ci il Qarabağ müharibəsi və Ukraynadakı müharibə çox oxşardır. Burada iki fakta diqqət yetirmək lazımdır. Ermənistanın da məğlub olma səbəbi Rusiya tərəfindən Sovet stilində təlimlər görməsində idi. Lakin, Azərbaycan qoşunları NATO ilə birlikdə təlimlər keçirdi. Ukraynada da eynidir. Rusiya hərbçiləri köhnə sovet stilində təlimlərdən və texnikalardan istifadə edirsə, Ukraynalılar daha müasir texnoloji silahlarla mübarizə aparırlar. Qarabağda da Azərbaycan NATO standartlarına uyğun texnikalara sahib idi. Bu da öz növbəsində qələbədə mühüm rol oynadı. Buna görə də əgər regionda vəziyyət yenidən alovlansa eyni ssenari təkrarlanacaq. Düşünürəm ki, Laçın dəhlizində olan aksiyalar ermənilərə danışıqları davam etdirmək üçün  lazımi qədər təzyiq edəcək. Bu mənada yalnız Avropa İttifaqı danışıqlarda vasitəçi kimi çıxış edə bilər. Sülh müqaviləsi imzalandıqdan sonra  sülhməramlılara ehtiyac olmayacaq, Rusiya əslində bundan çəkinir.  Düşünürəm ki, beş ilin tamamında Azərbaycan sülhməramlıların mandatını uzatmayacaq, çünki Azərbaycan sülhməramlıların gördüyü işi faydalı saymır.

Sizcə, regiondakı böyük dövlətlərin yürütdüyü siyasəti nəzərə alaraq yaxın gələcəkdə Azərbaycan münaqişənin re-eskalasiyası kimi təhdidlərlə üzləşə bilərmi?

Düşünürəm ki, Azərbaycan Ukraynaya baxanda daha təhlükəsizdir, çünki Türkiyə kimi hərbi siyasi tərəfdaşı var, ona görə xarici güclər Azərbaycanda vəziyyəti gərginləşdirmək istəməz. Bu baxımdan Gürcüstan və Ukrayna daha çox təhlükə altındadır. Azərbaycan daha çox Rusiya və İran arasında alyansdan narahat olmalıdır. Bu zaman Qərb, NATO, İsrail və Türkiyə Azərbaycanı bu alyansın təhlükəsindən qoruya bilər. Əgər Rusiya Ukraynada məğlub olsa, bu Rusiya Federasiyasının parçalanması ilə nəticələnə bilər. Artıq Qərbdə bir sıra dairələr bu barədə danışmağa başlayıblar. Onlar deyirlər ki, bu Rusiyanın 1991-ci ildən sonra ikinci parçalanması ola bilər. Rusiya bundan sonra özünü super güc kimi bərpa edə bilməyəcək və hətta Rusiyada vətəndaş müharibəsi baş verə bilər.