Gürcüstan Prezidenti Mixeil Kavelashvili ABŞ Prezidenti Donald Trampa açıq məktubla müraciət edərək iki ölkə arasında strateji tərəfdaşlığın yenilənəcəyinə və güclənəcəyinə ümidvar olduğunu bildirib. Öz müraciətində o, Bayden administrasiyasının siyasətinin amerikalı-gürcü münasibətlərini zəiflətdiyini vurğulamış, baxmayaraq ki, iki ölkənin dəyərlər sistemi üst-üstə düşür. Prezidentin sözlərinə görə, son illərdə Tbilisi Vaşinqtondan lazımi diqqət görməyib, halbuki Gürcüstan ABŞ-ı ənənəvi olaraq əsas təhlükəsizlik və inkişaf tərəfdaşı hesab edib.
Gürcüstan lideri çıxışında Donald Trampın xarici siyasətdəki fəallığına ayrıca diqqət yetirib. O qeyd edib ki, Tramp Cənubi Qafqazda, o cümlədən Ermənistan ilə Azərbaycan arasında sülh proseslərində iştirak edir, Türkiyə ilə əməkdaşlıq edir və Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa edib. Bununla yanaşı, Kavelashvili təəssüflə bildirib ki, bütün bu proseslərin fonunda Gürcüstan ABŞ administrasiyasının diqqət mərkəzindən kənarda qalıb.
Məktubda həmçinin “dərin dövlət” mövzusu da sərt şəkildə gündəmə gətirilmişdir. Prezidentin fikrincə, USAID və NED kimi qurumlar vasitəsilə Gürcüstanın daxili siyasətinə destabilizasiya yönümlü təsirlər göstərilir. O, əlavə edib ki, gürcü cəmiyyəti indiyədək dörd çevriliş cəhdinin qarşısını ala bilib. Baş nazir İrakli Kobaxidze də prezidentin mövqeyini dəstəkləyərək, strateji tərəfdaşlığın bərpası yolunda əsas maneənin məhz “dərin dövlət” ola biləcəyini qeyd edib.
Diqqətçəkən məqamlardan biri odur ki, prezidentin bu sərt bəyanatından cəmi beş gün əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ABŞ-ın müvəqqəti işlər vəkili Alan Persel ilə görüşmüşdür. Görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişi məsələləri müzakirə olunmuşdur. Bu fakt Gürcüstanın Vaşinqtonla yeni reallıqlar fonunda əməkdaşlıq kanalları axtardığını və müxtəlif formatları nəzərdən keçirməyə hazır olduğunu göstərir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Gürcüstan bu qədər israrı məhz ABŞ ilə münasibətlərin bərpasına yönəldir. Bayden administrasiyası dövründə Tbilisidən belə təşəbbüslər müşahidə edilməmiş, digər ölkələrə qarşı da bu cür “yenidən başlama” cəhdləri nümayiş etdirilməmişdir. Gürcüstan rəhbərliyi Vaşinqtonun xarici siyasət vektorunu prioritet hesab edir və ABŞ-ı yenidən əsas tərəfdaşlar sırasında görmək niyyətindədir.
Bu istiqamətdə Gürcüstanın səylərini şərtləndirən bir sıra amillər mövcuddur. Xatırladaq ki, ötən ilin noyabrında ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller Bayden administrasiyasını təmsil edərək Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını bəyan etmişdi. Dövlət Departamentinin rəsmi saytında yayımlanan açıqlamada bu addımın səbəbi kimi Tbilisinin əməkdaşlığın baza prinsiplərini pozması göstərilmişdir. Vaşinqton və Avropa İttifaqı hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına inteqrasiya prosesini dayandırmasını təəssüflə qarşılamış, bunu ölkəni Kremlin təsirinə daha həssas hala gətirən qərar kimi qiymətləndirmişdir.
Bununla belə, Tbilisidə Donald Tramp administrasiyasının Cənubi Qafqaza daha praqmatik yanaşacağına ümid bəslənilir. Strateji tərəfdaşlığın ABŞ tərəfindən tamamilə ləğv edilməyib, sadəcə dayandırılması Gürcüstana münasibətləri nisbətən qısa müddətdə yenilənmiş formatda bərpa etmək imkanı verir. Bu ssenari Gürcüstan üçün sıfırdan yeni müqavilə imzalamaq zərurətindən qat-qat üstün görünür və məhz buna görə də Tbilisi diplomatik fəallığını artırmışdır.
Prezident Kavelashvilinin Trampa müraciət etməsinin əsas səbəblərindən biri də yaxın vaxtlarda keçirilmiş Vaşinqton sammiti olmuşdur. Həmin sammitdə Azərbaycan, Ermənistan və ABŞ liderləri iştirak etmiş, ABŞ ilə hər iki ölkə arasında strateji tərəfdaşlıq xartiyaları imzalanmışdır. Bu fon Gürcüstanın regional proseslərdən kənarda qaldığını nümayiş etdirmişdir. Belə şəraitdə Tbilisi üçün ABŞ ilə münasibətlərin bərpası həyati əhəmiyyət daşıyır, əks halda Gürcüstan regional siyasətdə Vaşinqtonun periferiyasında qalmaq riski ilə üzləşir.
Zəngəzur dəhlizinin açılması ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına yalnız strateji deyil, həm də iqtisadi ölçü qazandırır. Bu marşrutda Amerika şirkətlərinin iştirakı regional nəqliyyat və logistika layihələrinə konkret biznes xarakteri gətirir. Bu kontekstdə ABŞ-Gürcüstan münasibətlərində mövcud soyuqluq bütün region ölkələrinin iqtisadi inteqrasiyası üçün məhdudlaşdırıcı amil rolunu oynaya bilər.
Bundan əlavə, Gürcüstanın əsas halqa olduğu Orta Dəhlizin genişlənməsi və onun Zəngəzur dəhlizi ilə birləşdirilməsi fonunda ABŞ-Gürcüstan dialoqunun bərpası strateji prioritetə çevrilir. Bu, nəqliyyat koordinasiyasının səmərəliliyini artırmaqla yanaşı, siyasi və iqtisadi əməkdaşlığın sinerjisini təmin edəcək, Gürcüstana regionun yeni infrastruktur arxitekturasında mühüm tərəfdaş statusu qazandıracaq.
Donald Trampın biznes maraqlarına verdiyi önəmi nəzərə alaraq, yeni administrasiyanın Gürcüstanla əməkdaşlığa daha açıq olacağı ehtimal edilir. Hərçənd bu, Tbilisinin gözləntilərindən daha məhdud formatda ola bilər. Lakin Cənubi Qafqazdakı bütün əsas proseslər Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı olmadan mümkün deyil. Bu səbəbdən Gürcüstan üçün ABŞ ilə etibarlı dialoqun bərpası, diplomatik, iqtisadi və siyasi alətlərin hamısının səfərbər olunması həyati zərurətə çevrilmişdir.